Xüsusi Qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi
Martın 26-da Şəki şəhərində fəaliyyət göstərən Əlillərə Qayğı İctimai
Birliyinin nəzdində olan “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün
İcma əsaslı Reabilitasiya mərkəzi”inin üzvlərinə Şəki Azərbaycan –
Türkiyə Özəl Liseyinin kollektivi Novruz bayramı münasibəti ilə bayram
şənliyi keçirib.
Bayram şənliyində 60 nəfərə yaxın xüsusi qayğıya ehtiyacı olan
uşaqlarla birgə onların valideynləri və Mərkəzin Valideyn Birliyinin
üzvləri də iştirak etmişlər. Qüsurlu uşaqların asudə vaxtlarının təşkili
və bayram şənliyinin daha mənalı keçirilməsi məqsədi ilə Şəki İncəsənət
Məktəbinin uşaq mahnı və rəqs kollektivi də tədbirdə biri-birindən
rəngarəng mahnılar ifa etmiş və rəqs etmişlər.
Şənlikdə Mərkəzin rəhbəri Güləndam Alxasova çıxış edərək, qüsurlu
uşaqlar üçün Novruz bayramının təşkil olunmasında göstərdikləri dəstəyə
və köməyə görə Valideyn Birliyinin üzvləri və əlil uşaqların
valideynləri adından Şəki Azərbaycan – Türkiyə Özəl Liseyinin eləcə də
Şəki İncəsənət Məktəbinin kollektivlərinə təşəkkürünü bildirib. Sonra
şənlik qüsurlu uşaqların rəqsləri ilə davam edib.