Turqut Özal Universitetinin rektoru Bakı Özəl Türk liseyində olub.
Martın 18-də Turqut Özal Universitetinin rektoru, professor Erol Oral
Bakı Özəl Türk liseyində olub. Görüşdə “Çağ” Öyrətim İşlətmələri İdarə
Heyətinin sədri Dr. Enver Özeren, “Qafqaz “ Universitetinin rektoru,
professor Ahmet Saniç, Azərbaycan-Türkiyə Özəl Liseyləri (ATÖL) Baş
İdarəsinin rəisi Arif Gömleksiz və müşavir Ağarəsul Məmmədov da iştirak
edib.
Qonaq əvvəlcə liseyin sinif otaqları, kitabxanası,
laboratoriyaları və burada şagirdlər üçün hazırlanmış sosial şəraiti ilə
yaxından tanış olub. Görüş zamanı E. Özeren “Çağ” Öyrətim İşlətmələri
tədris müəssisələrinin Azərbaycan təhsilində yeri və rolu, təhsildə əldə
etdikləri nailiyyətləri, təhsil ocaqlarında tətbiq olunan yeni
texnologiyaları barədə məlumat verib. Sonra ATÖL Baş İdarə rəisi A.
Gömleksiz liseylərin məzunlarının TQDK-nın ali məktəblərə qəbulla bağlı
keçirdiyi imtahanlarda ən yüksək bal toplamalarından, şagirdlərinin
respublika və Beynəlxalq Fənn Olimpiadalarında qızıl, gümüş və bürünc
medallar qazanmalarından və təhsillərini dünyanın bir çox
universitetlərində uğurla davam etdirmələrindən danışıb. Təhsildə bu
uğurların daha da yüksəldilməsi üçün lazımi şəraitin hazırlandığını
bildirib.
Qonaqlar liseylə tanışlıqdan sonra burada şagirdlər üçün
hazırlanmış şəraitdən və “Çağ” Öyrətim İşlətmələri tədris
müəssisələrinin təhsildə əldə etdiyi uğurlarından məmnun olduqlarını
bildiriblər və onlara təhsildə uğurlar arzulayıblar. Görüşün sonunda
Bakı Özəl Türk liseyinin müdiri Hayrettin Ünver Turqut Özal
Universitetinin rektoru, professor Erol Orala xatirə hədiyyəsi təqdim
edib.