“ABŞ-da xeyriyyəçilik təhsil müəssisələrinin lokomotivinə çevrilib”
ABŞ Dövlət Departamentinin təşkil etdiyi “Ali
təhsil və gələcək karyera planlaması” proqramı artıq başa çatıb. Qeyd
edək ki, bu proqrama ölkəmizdən 4 nəfər təhsil işçisi qatılıb. Onlardan
biri Qafqaz Universitetinin Karyera Planlama Mərkəzinin müdiri dos. dr.
İsa Qasımov olub.
İsa müəllimin sözlərinə görə, Vaşinqtondan
başlanan səfər Portland, Los-Anceles, Hantsvil və Nyu-York şəhərlərində
davam etdirilib. 21 günlük səfər çərçivəsində nümayəndə heyəti ABŞ-da
tətbiq olunan təhsil sistemi ilə tanış ola bilib. Belə ki, proqramın
icraçısı Meridian Beynəlxalq Mərkəzinin iştirakı ilə ABŞ-ın ali təhsil
sistemi və universitet-sənaye əlaqələri, eləcə də təhsilin inkişafında
ictimaiyyətin rolu və karyera planlama fəaliyyətləri haqqında bu ölkənin
müxtəlif təhsil ocaqlarında 30-dan çox seminar-görüş keçirilib:
“Proqram əsasında hər bir şəhərdəki mühüm ticarət, istirahət
mərkəzlərinə, eləcə də muzey və tarixi yerlərə də gəzintilər təşkil
olunub. Vaşinqtonda ölkəmizin ABŞ-dakı səfiri cənab Elin Süleymanovla da
görüşdük. Görüşdə səfir ABŞ-Azərbaycan əlaqələrinin inkişafından söz
açaraq, iki ölkə arasındakı əməkdaşlığı yüksək qiymətləndirdi.
Vaşinqtonda Türk-Amerikan Alyansını da ziyarət etdik. Alyansın
prezidenti dr. Faruk Taban burada həyata keçirdikləri ictimai-mədəni
tədbirlərdən danışdı. Alyansın fəaliyyəti ilə tanış olarkən bu mehriban
kollektivin ABŞ senatorları ilə yaxın münasibətləri də diqqətimizdən
yayınmadı. Onu da deyim ki, Türk-Amerikan Alyansında müxtəlif türk
dövlətlərindən, həmçinin Azərbaycandan da könüllülər fəaliyyət
göstərirlər”.
İsa müəllimin sözlərinə görə, Kaliforniya ştatındakı Los-Anceles
Birləşmiş Məktəb Dairəsi - Banning (Phineas Banning High School) orta
məktəbində 12-ci sinif sagirdlərinin təşkil etdikləri “Beynəlxalq biznes
təcrübəsi firması” adlı dərs onun yaddaşında daha silinməz izlər
buraxıb: “Əvvəlcə, şagirdlər qruplar halında ayrı-ayrı şəhərlərdə həyata
keçirdikləri layihələr haqqında məlumat verdilər (Qeyd edim ki, həmin
layihələr müxtəlif təşkilatlar tərəfindən maliyyələşdirilir). Dərsin
ikinci hissəsində isə şagirdlər virtual bir şirkət təsis etdilər. Həmin
şirkətdə “Maliyyə”, “Marketinq”, “Satış” və “İnsan resursları” şöbələri
fəaliyyət göstərdi. Hər şöbənin nümayəndələri üzərinə düşən vəzifələri
məharətlə icra etdilər”. Dərsin sonunda şagirdlər gələcək karyeraları
ilə bağlı bizdən də məsləhətlər aldılar. Şagirdlərin Azərbaycanla bağlı
sualları isə xüsusi marağa səbəb oldu. Görüş iştirakçılarına ölkəmizin
bayrağı və digər atributlarımızı hədiyyə etdik. 43 nəfər məktəblinin
iştirak etdiyi görüş Kaliforniyada, sözün həqiqi mənasında, Azərbaycan
gününə çevrildi. Həmin görüşdə Los-Anceles Beynəlxalq Qonaqlar Proqramı
Şurasının nümayəndəsi də iştirak edirdi”.
İsa müəllim proqramla bağlı son təəssüratlarını isə bu şəkildə dəyərləndirdi: “ABŞ-ın bütün ştatlarında fəaliyyət göstərən təhsil müəssisələrinin işində təhsil müəssisəsi-ictimaiyyət-şirkət ortaqlığının birgə fəaliyyətini görmək mümkündür. Bu yanaşma digər sahələrdə də özünü büruzə verir. Bir sözlə, istər təhsil müəssisələrinin təşkilində, istər onların avadanlıqlarla təminatında, istər tələbələrin müxtəlif layihə və ya proqramlarda iştirakında, istərsə də yoxsul tələbələrə təqaüdlərin verilməsində xeyriyyəçilik mühüm rol oynayır. Demək olar ki, xeyriyyəçilik ABŞ təhsil sisteminin lokomotivinə çevrilib (Təhsilə şirkətlər tərəfindən də könüllü dəstək mövcuddur). ABŞ-da təhsil müəssisələrinə göstərilən maliyyə dəstəkləri arasında məzunların verdiyi ianələr isə xüsusi qeyd olunmalıdır”. İsa müəllim daha sonra dedi ki, təhsilin inkişafı üçün xeyriyyəçilik edənlər həyatlarının mahiyyətini həqiqi mənada dərk edən insanlardır: “Çünki onlar yaxşı bilirlər ki, məhz elm və təhsil baxımından inkişaf etmiş cəmiyyətlər həqiqi inkişafa nail ola bilirlər. Bir də düşünürəm ki, müşahidə etdiyimiz xeyriyyəçilik ABŞ cəmiyyətinin (dövlətinin) inkişafında marağı olan vətəndaş düşüncəsinin nəticəsidir”.
Gülər Rəsul
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=42968