Akademik Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyevanın konfransa təqdim olunmuş məruzəsindən:
Qafqaz Universitetində 17 mart 2012-ci il tarixində “Çağ” Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinin
20-ci ildönümünə həsr edilmiş “Müasir Azərbaycan və “Çağ” Öyrətim” mövzusunda elmi-praktik konfrans keçirilib.
Akademik Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət
Vəliyevanın konfransa
təqdim olunmuş məruzəsindən:
· “Çağ öyrətim işlətmələri”nin açdığı məktəblərə sayqı ilə “türk liseyləri” deyirlər. Dövlət
müstəqilliymizin ilk aylarında bu məktəblərin Azərbaycana gəlişi həm
təhsilimizin, həm də dövlətimizin inkişafı naminə göstərilmiş qardaşlıq köməyi
idi.
· “Çağ” Öyrətim bir tərəfdən dövləti zəruri kadr
potensialı ilə təmin edir, digər tərəfdən gənc nəsli milli-mənəvi dəyərlər
ruhunda tərbiyə edir ki, bu da öz növbəsində dövlət müstəqilliyinin
qorunmasında müstəsna əhəmiyyətə malikdir. Ona görə də “Çağ Öyrətim
İşlətmələri”nin buradakı fəaliyyəti uğurlu sayıla bilər.
· Ümummilli lider Heydər Əliyevin müdrikliklə söylədiyi
“Təhsil millətin gələcəyidir” fikri təhsilimizin əsas şüarına çevrilmişdir.
Azərbaycanda həm maddi-texniki bazasına, həm də pedoqoji kadrların elmi
potensialına görə nümunəvi sayılan məktəblər fəaliyyətə başlamışdır. Bu
məktəblərdən biri də rəhbərlik etdiyim Akademik Zərifə Əliyeva adına liseydir.
· Liseyimizdə yalnız IX-XI siniflərdən ibarət 505
şagird təhsil alır. Siniflər riyaziyyat-texniki,
riyaziyyat-iqtisadiyyat, hümanitar və təbiət fənləri
təmayülləri üzrə komplektləşmişdir.
Liseydə təhsil Azərbaycan və rus dillərində aparılır.
· Fəaliyyətimizdə fundamental elmlərin tədrisini əsas
tutaraq, tədris prosesinin tədqiqatyönümlü olmasına üstünlük verir, şagirdləri
yaradıcılığa və axtarışa həvəsləndirir, onların istedadını müxtəlif yollarla
üzə çıxarır və dərsdənkənar təlim imkanlarını genişləndiririk.
o Qısa müddətdə əldə etdiyimiz nailiyyətlər arasında
liseyimizin qəbul nəticələri xüsusi yer tutur. Qəbulla bağlı qarşıya qoyduğumuz
hədəfə nail olduğumuzu desək, yanılmarıq. Belə ki, hər iki buraxılışdakı 251 məzunumuz istisnasız olaraq tələbə adını
qazanmışdır.
· Yeri gəlmişkən, ötən ilki məzunlarımızdan 14
nəfəri hal-hazırda “Qafqaz” Universitetinin tələbəsidir. Onlardan 8 nəfəri
imtahanlarda 650-dən yuxarı bal toplamışdır.
Məzunlarımızdan 5 nəfəri Prezident təqaüdçüsüdür ki, onlardan biri də
“Qafqaz” Universitetinin tələbəsidir.
o Məzunlarımızın
bu universiteti seçməsi heç də təsadüfi deyil.
· Bu, “Çağ “ Öyrətim İşlətmələri, xüsusilə də “Qafqaz” Universiteti ilə
məktəbimiz arasındakı səmimi dostluq və əməkdaşlıq münasibətlərinin
nəticəsidir. Bu münasibətlərdə universitetin rektoru, professor Əhməd
Saniçin və professor- müəllim heyətinin məktəbin şagirdləri ilə mütəmadi görüşləri,
onlara yalnız ali məktəb rəhbəri kimi deyil, eyni zamanda bir alim və ziyalı kimi dəyərli məsləhətlər verməsi xüsusi
yer tutur.
· Qeyd etmək istərdim ki, xarici ölkələrdə təhsil
almaq istəyən məzunlarımız, ilk növbədə, Türkiyənin nüfuzlu universitetlərinə üstünlük verirlər.
Bunların arasında Orta Doğu Texniki Universiteti, Türkiyə İstanbul Tibb Universiteti,
Hacettepe, Ankara, Anadolu, Sabancı
universitetləri kimi ali təhsil ocaqları
var. Bu seçimdə bizim eyni kökə
mənsubluğumuz da xüsusi rol oynayır.
Gənclərimiz , o cümlədən hamımız
Türkiyəni də özümüzə vətən hesab edirik.