ARDNŞ-nin Azərbaycanın ali təhsil müəssisələrinin tələbələri üçün Təqaüd Proqramı üzrə Müsabiqə Komissiyasının yekun iclası olmuşdur
Martın
19-da ARDNŞ-nin 2010-2011-ci tədris ilinin II semestrinin nəticələrinə
əsasən, Azərbaycan ali təhsil müəssisələrinin tələbələrinə Şirkətin
təqaüdünün verilməsi üzrə Müsabiqə Komissiyasının yekun iclası
keçirilmişdir.
İclasda məlumat verilmişdir ki, müsabiqənin şərtlərinə
uyğun olaraq, seçim iki mərhələdə aparılmışdır. Müsabiqənin birinci
turunda 20 noyabr 2011-cil il tarixində Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası tərəfindən məntiq üzrə test imtahanı təşkil olunmuşdur.
Həmin tura müsabiqəyə müraciət edən 1471 nəfər tələbədən 1085 nəfəri
buraxılmış və bu namizədlərdən 336 nəfəri ARDNŞ-nin təqaüd müsabiqəsinin
ikinci turunda - müsahibədə iştirak etmək hüququ qazanmışdır. İkinci
turda iştirak edən tələbələr əsasən qazma, boru kəmərləri, ekologiya,
energetika, avtomatika və informasiya-kommunikasiya texnologiyaları,
iqtisadiyyat, geoloji kəşfiyyat, kimya-texnologiya, neft-mexanika və
tikinti ixtisasları üzrə təhsil alan gənclər olmuşdur. Bu turda Şirkətin
Müsabiqə Komissiyasının üzvləri tərəfindən tələbələrin hər biri ilə 9
dəqiqə ərzində fərdi müsahibələr aparılmışdır. İddiaçilar Müsabiqə
Komissiyası üzvlərinin ixtisas bilikləri, Azərbaycanın neft-qaz və
neft-kimya sənayesi, istehsal və ixrac, ARDNŞ və onun qlobal enerji
təhlükəsizliyi proseslərində rolu barədə suallarını cavablandırmışlar.
Müsahibədə Azərbaycan Dövlət Neft Akademiyasının, Azərbaycan Dövlət
İqtisad Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan
Memarlıq və İnşaat Universitetinin, Qafqaz Universitetinin, Azərbaycan
Texniki Universitetinin, Moskva Dövlət Universitetinin Bakı filialının,
Millli Aviasiya Akademiyasının, Xəzər Universitetinin və s. bakalavr
pilləsi üzrə 2-ci, 3-cü, 4-cü və magistr pilləsi üzrə 1-ci, 2-ci kurs
tələbələri iştirak etmişlər. İkinci tura buraxılmış 336 nəfərdən 183
nəfəri ARDNŞ-nin təqaüdçüsü adına layiq görülmüşlər. Qeyd edək ki,
ARDNŞ-nin təqaüdçüsü adına layiq görülmüş tələbələr əsasən avtomatika
və informasiya-kommunikasiya texnologiyaları, qaz-neft-mədən, geoloji
kəşfiyyat, kimya-texnologiya, energetika, iqtisadiyyat, tikinti,
ekologiya, qazma və mexanika ixtisas qrupları üzrə təhsil alan
tələbələrdir. ARDNŞ perspektivli gənc neftçi mütəxəssislərin
hazırlanması, tələbələrin neft-qaz sənayesində müasir elmi və təcrübi
biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədinə xidmət edən bu
layihəni 2004-2005-ci tədris ilindən etibarən həyata keçirir. İndiyədək
respublikanın ali məktəblərində təhsil alan minlərlə tələbə ARDNŞ-nin
təqaüdlərinə layiq görülmüşdür. Qeyd edək ki, təqaüdün aylıq məbləği 100
manatdır. Müsahibələrin nəticələri ARDNŞ-nin www.socar.az/tehsil web
səhifəsində yerləşdiriləcək.
http://new.socar.az/socar/az/news-and-media/news-archives/news-archives/id/4411