ARDNŞ hər ay 183 tələbəyə 100 manat təqaüd verəcək
Bu gün ARDNŞ-in 2010-2011-ci tədris ilinin II semestrinin nəticələrinə əsasən Azərbaycan ali təhsil müəssisələrinin tələbələrinə şirkətin təqaüdünün verilməsi üzrə Müsabiqə Komissiyasının yekun iclası keçirilib. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda məlumat verilib ki, müsabiqənin şərtlərinə uyğun olaraq, seçim iki mərhələdə aparılıb. Müsabiqənin birinci turunda 20 noyabr 2011-cil il tarixində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən məntiq üzrə test imtahanı təşkil olunub. Həmin tura müsabiqəyə müraciət edən 1471 nəfər tələbədən 1085 nəfəri buraxılmış və bu namizədlərdən 336 nəfəri ARDNŞ-in təqaüd müsabiqəsinin ikinci turunda - müsahibədə iştirak etmək hüququ qazanıb. İkinci turda iştirak edən tələbələr əsasən qazma, boru kəmərləri, ekologiya, energetika, avtomatika və informasiya-kommunikasiya texnologiyaları, iqtisadiyyat, geoloji kəşfiyyat, kimya-texnologiya, neft-mexanika və tikinti ixtisasları üzrə təhsil alan gənclər olub. Bu turda Şirkətin Müsabiqə Komissiyasının üzvləri tərəfindən tələbələrin hər biri ilə 9 dəqiqə ərzində fərdi müsahibələr aparılıb. İddiaçılar Müsabiqə Komissiyası üzvlərinin ixtisas bilikləri, Azərbaycanın neft-qaz və neft-kimya sənayesi, istehsal və ixrac, ARDNŞ və onun qlobal enerji təhlükəsizliyi proseslərində rolu barədə suallarını cavablandırıblar.
Müsahibədə Azərbaycan Dövlət Neft Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Qafqaz Universitetinin, Azərbaycan Texniki Universitetinin, Moskva Dövlət Universitetinin Bakı filialının, Millli Aviasiya Akademiyasının, Xəzər Universitetinin bakalavr pilləsi üzrə 2-ci, 3-cü, 4-cü və magistr pilləsi üzrə 1-ci, 2-ci kurs tələbələri iştirak ediblər. İkinci tura buraxılmış 336 nəfərdən 183 nəfəri ARDNŞ-in təqaüdçüsü adına layiq görülüb. ARDNŞ-in təqaüdçüsü adına layiq görülmüş tələbələr əsasən avtomatika və informasiya-kommunikasiya texnologiyaları, qaz-neft-mədən, geoloji kəşfiyyat, kimya-texnologiya, energetika, iqtisadiyyat, tikinti, ekologiya, qazma və mexanika ixtisas qrupları üzrə təhsil alan tələbələrdir.
ARDNŞ perspektivli gənc neftçi mütəxəssislərin hazırlanması, tələbələrin neft-qaz sənayesində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədinə xidmət edən bu layihəni 2004-2005-ci tədris ilindən etibarən həyata keçirir. İndiyədək respublikanın ali məktəblərində təhsil alan minlərlə tələbə ARDNŞ-in təqaüdlərinə layiq görülüb. Təqaüdün aylıq məbləği 100 manatdır. Müsahibələrin nəticələri ARDNŞ-in “www.socar.az/tehsil web” səhifəsində yerləşdiriləcək.