“Univision” - tələbələrin II mahnı müsabiqəsinin qalibi bəlli olub
06 May, 2013, Bakı. Xanım Nağıyeva - APA. Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı il’ “Univision” - tələbələrin II mahnı müsabiqəsinin final mərhələsi keçirilib. APA-nın verdiyi məlumata görə, final mərhələsində mayın 3-də keçirilən yarımfinaldan seçilən 12 iştirakçı çıxış edib.
Yarımfinal və final mərhələlərində iştirak edən tələbələr əməkdar artist Tünzalə Ağayevadan vokal dərsləri alıb, xoreoqraf Nailə Məmmədzadə, modelyer-dizayner Gülnarə Xəlilova, prodüser Yalçın Cabbarov ilə çalışıb.
İştirakçıların çıxışlarından sonra səsvermə başlayıb və Tələbə Gənclər Təşkilatlarının fəallarından formalaşdırılmış “Şura” açıq səsvermə yolu ilə qalibi müəyyən edib. Qafqaz Universitetinin təmsilçisi Zərrin Mahmudzadə qalib elan olunub. Bakı Slavyan Universiteti 2-ci, Azərbaycan Dövlət Neft Akademiyası isə 3-cü yerə layiq görülüb.
Birinci yerin qalibinə mikrofon formasında “Univision” kuboku və 3000 manat pul mükafatı, ikinci yerə layiq görülən iştirakçıya 2000, üçüncü yerin sahibinə isə 1000 manat pul mükafatı təqdim olunub.
Qeyd edək ki, tələbələrin “Univision” II mahnı müsabiqəsinin qalibi ölkəmizi Bakıda keçiriləcək Beynəlxalq “Univision” mahnı müsabiqəsində təmsil edəcək.
http://m.apa.az/?c=show&id=297812&l=az