Qafqaz Universiteti Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Rəcəb Rzayev:"Bizim işimiz jurnalistlərdən keçir"

Rəcəb Rzayev: "İşlərini aşırmadığım üçün bəzi jurnalistlər hətta məni təhdid ediblər"
"Əgər bütün mətbuat xidmətləri işlərini bilsələr, bütün mətbuata qapılarını açarlar. Mətbuat xidmətində çalışan insan iş prinsipini bilsə, heç kim ondan narazı qalmaz. İndi mətbuat xidmətləri öz işlərini bilmirlər"

Rzayev Rəcəb Əli oğlu 1972-ci ildə Masis (Uluxanlı) rayonunun Sərvanlar kəndində müəllim ailəsində anadan olub. 1994-cü ildə Qafqaz Universiteti hüquq bölməsinə daxil olub, 2000-ci ildə həmin universiteti bitirib. Eyni zamanda, 1992-1999-cu illərdə "Zaman" qəzetində müxbir, "Zaman" qəzeti nəzdində fəaliyyət göstərən "Cihan" reklam şirkətinin reklam müdir müavini, həmin qəzetin nəzdində olan "Avtotime" jurnalının müxbiri çalışıb. 2000-ci ildən Qafqaz Universiteti Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində müdir vəzifəsində çalışır. 2001-ci ildən etibarən Qafqaz Universiteti Hüquq bölməsində magistratura təhsilini davam etdirib. Evlidir, 1 övladı var.

    Hər bir qurumun siması onun mətbuat xidmətinin rəhbəri, mətbuat sözçüsüdür. Məhz bu sözçülərin köməkliyi ilə biz sorğularımıza cavab alır, müəyyən fikirlərə münasibətlər öyrənir, aidiyyəti insanlarla əlaqə qurmaq üçün yardım istəyirik. Amma təəssüf ki, heç də bütün idarə və qurumların mətbuat xidmətləri jurnalistlərin üzünə açıq olmur. Bununla belə, işinin öhdəsindən layiqincə gələn, media əhlinin bütün suallarını cavablandıran mətbuat xidməti rəhbərləri də az deyil. Elə biz də "Sözçü" rubrikamızda sizləri onlarla tanış edəcəyik.

   "Sözçü"nun budəfəki qonağı Qafqaz Universiteti Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Rəcəb Rzayevdir.
   - Mən Qərbi Azərbaycanın Zəngibasar-Masis rayonunun Sarvanlar kəndində anadan olmuşam. Həmin kənd Türkiyə ilə sərhəddə yerləşir. Arada Araz çayı var. Oranın təbiətini, insanlarını, saflığını, təmizliyini hələ də unuda bilmirəm. Elə oldu ki, mənfur düşmənlərimiz bizi oradan çıxardı. Biz ailəlikcə gəlib Yasamal rayonu ərazisinə düşdük, nəşriyyatın yanına. Uşaqlıqda çox düşünürdüm ki, görəsən, hansı sənəti seçim. Rəhmətlik nənəm nəşriyyatdan çıxan jurnalistlərə baxıb deyərdi ki, "görürsən necə təmiz işləri var, bostana getmirlər, sovxoza, kolxoza getmirlər". Nənəm bu sənəti mənə sevdirməyə başladı. Qaçqınlıq həyatı mənim məktəb dövrümə düşmüşdü. Bakıya gəldikdən sonra Yasamal rayon 176 saylı məktəbdə təhsilimin son illərini başa vurdum. Şeir yazmağa da məktəb illərindən başlamışdım. Çox həvəsim vardı. O zamanlar "Səhər" qəzeti çıxırdı, qəzetin baş redaktoru Azərbaycan jurnalistikasında sözünü demiş insanlardan olan Məzahir Süleymanlı idi. Mən də yazdığım şeirləri aparıb ora verirdim. Şeir qəzetdə çıxanda görürdüm ki, şeirin sözləri, forması dəyişib. Öz-özümə düşünürdüm ki, axı, mən belə yazmamışam. İkinci şeiri apardım, yenə elə dəyişiklik edilmişdi, üçüncü şeirdə də. Mən də dəyişikliklərə baxıb öz üzərimdə işləyirdim. Jurnalistikaya olan sevgimi Məzahir Süleymanlı bir qədər də artırdı. Amma mən hüquqşünas olmaq arzusundaydım. Məktəbi qutarandan sonra sənədlərimi BDU-ya vermək istədim, amma Naxçıvanda yaşayan əmim dedi ki, "gəl sənədlərini burada ver, burada girmə şansın daha çoxdur". Sənədlərimi Naxçıvan Dövlət Universitetinə verdim, iki imtahandan keçdim, amma üçüncü imtahandan kəsildim. Çünki 25 yerə 600 nəfər sənəd vermişdi. Xəyal qırıqlığına uğrayaraq, Bakıya qayıtdım. Evimizin yanında Energetika Texnikumu vardı, anam dedi ki, "ay bala, heç olmasa texnikuma gir, təhsildən ayrılma. Sonra insititut oxuyarsan". Anamın sözü ilə Energetika Texnikumunu bitirdim. Texnikum diplomunu aldıqdan sonra dedim ki, yox, mən yenə oxumalıyam. Tale elə gətirdi ki, 1993-cü ildə Qafqaz Universiteti açıldı. Həm hüquq fakültəsinin fəaliyyət göstərməsi, həm xarici universitet olması, həm də qiyabi olması mənim üçün çox əlverişli idi. Sənədlərimi bu universitetə verdim. İki il oxuduqdan sonra yeni açılmış Azərbaycan Beynəlxalq Universitetinə keçdim. İki il də orada oxuduqdan sonra yenidən "Qafqaz"a qayıtdım və hüquqşünaslıq diplomunu aldım. Jurnalistikaya gəlişim isə 1992-ci ildə oldu. "Zaman" qəzetinə müraciət etdim və işə qəbul olundum.
   Yaş keçdikcə insan oturaq iş arzulayır, müxbir işləmək, ora-bura material dalınca qaçmaq məni yormuşdu. 2001-ci ildə Qafqaz Universitetinə ictimaiyyətlə əlaqələr mətbuat xidmətinin rəhbəri vəzifəsinə qəbul olundum. Burada təhsil almağım məni bu universitetə bağlamışdı. Sanki öz evim idi. O gündən indiyədək mətbuat nümayəndələri ilə daim əlaqəm var. Həyat yoldaşım da jurnalistikadandır. Uşağın həyatında ailənin mühüm rolu var. Mənim atam müəllim olub. Yadıma gəlir ki, hamı məktub, məqalə yazdırmağa atamın yanına gələrdi. Mən elə ailədə böyümüşəm. Və Allah rəhmət eləsin Məzahir Süleymanlıya, bəlkə də o mənim şeirlərimi cırıb atsaydı, qəzetdə verməsəydi, məni ruhlandırıb, bu sənətə bağlamasaydı, hər şey başqa cür olardı. Onun sayəsində mən jurnalistikanı sevdim.

   - Artıq 12 ildir ki, Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbərisiniz. Bu iş sizi yormur ki?
   
- Xeyr, əksinə mənə xoşdur. Bizim elə tədbirimiz olmur ki, 15-20 mətbuat nümayəndəsi olmasın. Mən başqa işləri, başqa yerləri seçə bilərdim, amma Qafqaz Universitetində məqsəd və məram var. Biz hər zaman çalışırıq ki, dünyada təhsildə olan bütün yenilikləri özümüzə gətirək. Bizim müəllimlərimiz ildə 2-3 dəfə xarici ölkələrdə treninqlər keçir, konfranslarda iştirak edirlər.

   - Jurnalistikada hər cür insan var. Bu illər ərzində sizi bezdirən, danışmaq istəmədiyiniz jurnalist olubmu?
   
- Bilirsiniz, bizim müəssisə heç kimin üzünə qapı bağlamır. Müəssisəmizin rəhbəri bizə deyib ki, "elə edin, heç bir jurnalist sizdən narazı qalmasın". Mən də bu illər ərzində buna çalışmışam. Bu günə qədər bir jurnalist də deyə bilməz ki, Qafqaz Universitetinin mətbuat xidməti bizim suala cavab vermədi, acı danışdı, telefonu üzümüzə qapadı. Heç vaxt belə etməmişəm. Bizə müraciət edən elə jurnalist olmayıb ki, mən onun istəyini həyata keçirməyim. Jurnalistin istədiyi məlumatdır, mən də bacardığım qədər onları məlumatla təmin edirəm. Bəlkə bir az böyük danışıram, amma məncə, hamı bilir ki, Qafqaz Universitetində mən varam. Və hamı bilir ki, Rəcəbə necə müraciət etmək lazımdır. Əvvəl də dedim, nəşriyyatda böyümüşəm, o zamanların tanınmış jurnalistləri ilə çalışmışam. Hətta mən yazdığım yazıları özümdən 20-25 yaş böyük jurnalsitlərə aparıb göstərmişəm ki, səhvlərimi göstərsinlər. Çoxu da mənə məsləhət verib. Mən o qədər jurnalistlərlə danışmışam ki, telefonu qaldıranda səsindən bilirəm kimdir.

   - Sizə reket jurnalistlər müraciət edirmi?
   
- Bura daha reket jurnalist zəng etmir. Reketlər çox zaman istəyir ki, kimisə tapşırım, imtahandan keçirim. Mən də onları başa salıram ki, "gəl, bir gün otur mənim yerimdə. Və oxumayan tələbəyə qiymət yazdır, görüm bacararsanmı?" Bu illər ərzində 4 dəfə mənə belə müraciət olub və mən belə başa salmışam. Belə hadisələr Qafqaz Universitetinə yeni gəldiyim zamanlarda olurdu. İndi demək olar ki, yığılıb bu söz-söhbətlər. Əvvəl məni tanımırdılar, bilmirdilər ki, mən elə şey edərəm, yoxsa yox. Amma zamanla başa düşdülər ki, Qafqazda belə hal mümkün deyil. Burada oxumayan tələbə cəmi bir il qala bilər. Onların bu istəyini həyata keçirmədiyim üçün məni təhdid də ediblər. Deyiblər "belə yazarıq, elə edərik". Amma axırda hamı bizim işimizi tərifləyib, çünki bizdən mənfi yazılacaq heç nə yoxdur. O adam qorxar, o adam qaçar ki, mənfi işlərlə məşğuldur. Düzünü desəm, əvvəllər mən burada təhsil alanda düşünüdüm ki, jurnalistəm, mənə hörmət edərlər. Ancaq düz 3 dəfə məni imtahandan bilmədiyimə görə çıxarıblar, qardaşıma deyiblər ki, öyrənib gəlsin. Yəni burada belə bir sistem, belə prinsip var. Qafqazda baş girləmək mümkün deyil. Oxumaq lazımdı.

   Biz sovet dövrünün adamlarıyıq. Sovet düşüncəsi ilə yaşayan insanlarıq. Azərbaycan müstəqilliyini qazandığı illər keçid dövrü idi, reket jurnalistikasının yaranması da bu dövrə təsadüf edir. Mən belə düşünürəm ki, indi reketçiliklə məşğul olan jurnalistlər vicdansız insanlardır. Azərbaycan qanunlarına hörmət etməyənlərdir. Son 10 il ərzində onların da sayı azalıb. Reket jurnalistlər demək olar ki, yox dərəcəsindədir. İndiki kimi yadımdadır 1993-cü ildə nəşriyyatın qarşısında jurnalistlər avtobus kirayələyib, rayonları gəzirdilər. Amma indi bu yox dərəcəsindədir. Çünki Azərbaycan inkişaf edir, iqtisadiyyatımız güclənir. Dövlət büdcəsi artdıqca jurnalistlərin vəziyyəti də normallaşır. İqtisadiyyatımız gücləndikcə reketçiliklə məşğul olmağa ehtiyac qalmır. Bir də bir fikir də var "mən düzgün işləyəndən sonra reket mənə nə edə bilər". Bir də elin gözü tərəzidir. Yalan yazılsa da cəmiyyət fərqləndirə bilir. Mən gün ərzində 20-30 sayta baxıram. Əvvəllər müxtəlif yazılar olurdu. Amma indi bütün saytlar eyni xəbərləri yazır. Belə bir şəraitdə reket jurnalistikası inkişaf edə bilməz.

   - Bəzi mətbuat xidmətləri bizimlə danışmaqdan boyun qaçırıraraq, işlərinin çox olduğunu deyirlər. Mətbuat xidmətinin işi bizimlə işləmək deyil?
   
- Hə, əgər bütün mətbuat xidmətləri işlərini bilsələr, bütün mətbuata qapılarını açarlar. Mənim təhsilim hüquqşünas olsa da, 20 ildir bu sahədəyəm. Mətbuat xidmətində çalışan insan iş prinsipini bilsə, heç kim ondan narazı qalmaz. İndi mətbuat xidmətləri öz işlərini bilmirlər. Əgər onlar öz işlərində püxtələşmiş olsaydılar, siz bu gün onlardan şikayətçi olmazdınız. Mətbuat xidmətlərinin jurnalistlərdən qaçmağının əsas səbəbi işlərini bilməmələridir. Bu mətbuat xidmətləri oturduqları müəssisənin iş prinsipini, sturukturunu bilmir. Düşünür ki, bilmədiyim şey haqqında nə danışım? Danışaram, səhv olar.

   - Belə çıxır ki, mətbuat xidməti olmaq üçün mütləq jurnalist olmaq lazımdır...
   
- Jurnalsitikadan xəbərdar olmalıdır. İşlədiyi obyekti gəzməli, tanış olmalıdır. İxtisası bilməlidir. Bəzi mətbuat xidmətlərini sadəcə o vəzifəni işğal etmiş hesab edirəm. Mənim fikrimcə, jurnalist olmayan insanlar mətbuat xidmətində olmamalıdır.

   - Bəzən onlar jurnalistə yuxarıdan aşağı baxırlar...
 
- Bu səbəbdən deyirəm ki, mətbuat xidməti jurnalist olmasa, jurnalisti başa düşə bilməz. Jurnalistlərlə işləməyi bacarmaq, jurnalistləri başa düşən mətbuat xidməti olmaq üçün ora jurnalistikadan getmək lazımdır. Belə olan halda mətbuat xidməti başa düşür ki, o da jurnalistlə eyni səviyyədədir. Əksinə, onun işi jurnalistdən keçir. Amma təəssüf ki, çoxu bunu başa düşmür.
  
İradə CƏLİL

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF