Türkiyədə Azərbaycanın zəngin tarixi və mədəni dəyərləri nümayiş olundu


Türkiyənin İzmir şəhərində Beynəlxalq Türk Dili Öyrətim Dərnəyi və İzmir Mədəniyyətlər arası Dialoq Mərkəzi tərəfindən 11-ci Beynəlxalq Türk Dili Olimpiadası və sərgisi keçirilib.

Publika.Az-ın tədbirdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, orada Azərbaycandan da 500 nəfərə yaxın nümayəndə iştirak edib. Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfəri isə “Çağ Öyrətim İşlətmələri” şirkəti təşkil edib. Maraqla keçən tədbir çərçivəsində Azərbaycanın zəngin tarixi və mədəni dəyərləri nümayiş olunub.

Türk dili, eyni zamanda türk dilləri qrupuna daxil olan dillərin bütün dünyada tanınması və yayılması məqsədini daşıyan olimpiadaların təməli 11 il əvvəl 17 ölkədən 62 şagirdin iştirakı ilə qoyulub. Builki tədbirə isə 140 ölkədən 2 min şagird qatılıb.

Tədbirdə fərqli ölkələrdən olan nümayəndələr İzmir Sərgi, Açıq Hava teatrında öz adət-ənənələrini, milli geyimlərini, mətbəxlərini, tarixi abidələrini və s. nümayiş etdirməklə yanaşı, türkcə də şeirlər deyir, rəqs edir, mahnı oxuyurdular. Sərgidə ən böyük pavilyona malik Azərbaycanın stendi tarixi interyerdə qurularaq, real qala divarlarını xatırladırdı. Xüsusi vasitə ilə dalğalanan Azərbaycan bayrağı ilə yanaşı, stenddə ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəsmləri də əks olunmuşdu. Divarboyu uzanan stenddə Qız Qalası, "Möminə Xatun" türbəsi, İçərişəhər, "Nizami" türbəsi, "Qoşa Qala" qapıları, Yəhya Bakuvi türbəsinin maketləri yer almışdı.

Tədbirdə iştirak edən “Çağ Öyrətim İşlətmələri” şirkətinin prezidenti Ənvər Özərən bildirib ki, Azərbaycan stendində 3 gün ərzində 50 min Azərbaycan bayrağı, üzərində Azərbaycan sözünün yazıldığı 50 min şar, üzərində Azərbaycanın xəritəsi olan 50 min yelpik, 20 min təbliğat xarakterli broşür, 20 min banka qoz mürəbbəsi, 20 min Azərbaycan paxlavası və 20 min şəkərbura sərgini izləyənlərə paylanıb.

Qeyd edək ki, bu il İzmir Fuar Mərkəzi Atatürk adına Açıq Hava Amfiteatrında təşkil olunan 11-ci Beynəlxalq Türk Dili Olimpiadasına Azərbaycandan dövlət məmurları, tələbə və şagirdlər qatılıblar.
Eyni zamanda, “Çağ Öyrətim İşlətmələri” şirkətinin təşkilatçılığı ilə sözügedən tədbirdə Azərbaycanı 70-dən çox aparıcı KİV-lərin nümayəndələri təmsil edib. Səfər çərçivəsində Azərbaycandan olan jurnalistlərin Türkiyənin tarixi və mədəni yerlərinə ekskursiyası təşkil olunub.


Vasif Həsənli

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF