İzmirdə "Azərbaycan günləri" keçirilib
Mayın 25-də İzmir Fuar Mərkəzi Atatürk adına Açıq Hava Anfi Teatrında “Azərbaycan gecəsi” keçirilib. Azərbaycandan dəvət olunan 80 şagirdin iştirakı ilə ölkənin dilini, mədəniyyətini 140 ölkə arasında tanıtmaq üçün stend açılıb. Stendi ziyarət edən qonaqlar Azərbaycanın mədəniyyət nümunələrindən olan İçəri Şəhərin, Nizami Gəncəvi türbəsinin, Möminə Xatun türbəsinin, Qoşa Qala qapılarının, Yəhya Bakuvi türbəsinin maketlərilə, həmçinin ölkənin milli mətbəxi, milli geyimləri və tarixi əşyaları ilə tanış olublar. Daha sonra ölkəni olimpiadada təmsil edən nümayəndə heyətinin çıxışları olub. Coşğu ilə qarşılanan çıxışlarda Azərbaycanın və Türkiyənin sevilən mahnıları səsləndirilib, milli rəqslərimiz nümayiş olunub. 3 gün ərzində Azərbaycanın stendində 50 000 ədəd Azərbaycan bayrağı, 50 000 ədəd Azərbaycan yazısı olan şar, 50 000 ədəd üzərində Azərbaycanın xəritəsi olan yelpik, 20 000 ədəd tanıdım braşuru, 50 000 banka qoz mürəbbəsi, 20 000 ədəd Azərbaycan paxlavası və 20 000 ədəd şəkərbura paylanıb.