1 Mayıs 2013 Çarşamba

“QUTechnopark”ın müdiri: “Orta Doğu Texniki Universitetinin texnopark təcrübəsinə daha çox əhəmiyyət veririk”

Müxtəlif sahələrdə təhsilin inkişafında innovativ yanaşmaları ilə fərqlənən Qafqaz Universiteti texnopark fəaliyyətində də Azərbaycanda yeniliyə imza atdı və 2013-cü ilin yanvar ayında Qafqaz Universiteti Elmi Şurasının qərarı ilə təsis edilən Qafqaz Universiteti texnoparkı “QUTechnopark” adlandırıldı.

“QUTechnopark” (Qafqaz Universiteti Texnoparkı) müdiri İsa Qasımovun sözlərinə görə, bu məqsədlə iki dəfə Türkiyəyə qrup halında işgüzar səfər edilib:

“Səfər zamanı ODTU, İstanbul Universiteti, Yıldız Texnik Universiteti, Hacıtepe Universiteti, Bilkent Universiteti kimi güclü ali təhsil müəssisələrinin texnoparklarında geniş tərkibli müşahidələr aparılıb. “QUTechnopark” formalaşdırılarkən Türkiyə ilə yanaşı, İsveç, Rusiya Federasiyası və ABŞ universitetlərinin texnopark təcrübələrindən də istifadə edilib. Amma qeyd etməliyik ki, “QUTechnopark” əsasən Orta Doğu Texniki Universitetinin (ODTU) texnopark təcrübəsinə daha çox əhəmiyyət verir”.

Texnopark ekosisteminin formalaşdırılmasına yönələn layihələr

İ.Qasımov qeyd edib ki, “QUTechnorak” qurulduğu gündən etibarən texnopark ekosisteminin formalaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirir. Belə fəaliyyətlərdən biri isə Yeni Fikir Müsabiqəsidir. Müsabiqənin əsas məqsədi gənclər arasında sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsidir:

“Müsabiqədə müxtəlif sahələr üzrə (startup ideyasl, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidmət proqramlarl, korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları, istehlakçı elektronikası və s.) yeni iş fikirlərinin inkişafı təmin ediləcək”.

Yeni Fikir Müsabiqəsinin (YFM) təmin edilməsi üçün www.yenifikir.az elektron veb səhifəsi də istifadəyə verilib: “YFM-ə 150 komanda yeni iş fikri ilə müraciət edilib ki, onlardan da 85-i layihələşdirilərək qeydiyyatdan keçdi. Müsabiqənin gedişində ilkin qiymətləndirmədən 57 yeni iş fikri 2-ci mərhələyə vəsiqə qazandı. Müsabiqədə 2-ci mərhələ 19-20 Aprel tarixlərində yeni iş fikri müəlliflərinin münsiflər heyəti qarşısında təqdimatla həyata keçirildi və 19 yeni iş fikri finala vəsiqə qazandı”.

Yeni Fikir Müsabiqəsində təlimlər

“QUTechnopark” rəsmisinin sözlərinə görə, YFM-nin ümumi gedişində hər zaman gənclərə müxtəli təyinatlı görüşlər vasitəsilə yeni ideyaların formalaşdırılması və inkişaf etdirilməsi, eləcə də iş fikirlərinin biznesə çevrilməsinin təmin olunması yolları haqqında təlim və seminarlar verilib: “Finala vəsiqə qazanan yeni iş fikri qruplarına isə xüsusi yanaşaraq 26-27 aprel tarixlərində tanınmış təlimçilər tərəfindən seminarlar verildi.

Seminar-təlimlər QUTechnopark İnkubasiya Mərkəzində keçirildi. Əvvəlcə Qafqaz Universiteti məzunları, hazırda isə “StartUp” fəaliyyətlərində uğur qazanaraq öz şirkətlərini formalaşdırmış Orxan Əhmədov (MultiBon LLC-nin təsisçisi və direktoru) və onun iş ortağı Coşqun Kərimov finalçı gənclərə “StartUp-çı olmaq nə deməkdir?” mövzusunda seminar verildi. Yeni fikirlərin yeni işlərə çevrilməsində əhəmiyyətli məqamlardan biri də ortaya çıxarılan yeni ideyaların müvafiq formada təqdim edilə bilinməsidir”.

Bu, istər münsiflər heyəti qarşısında, istərsə də investor marağının cəlb edilməsində mühüm əhəmiyyətə malikdir: “Ona görə də finalçılara “Təqdimat bacarıqları” mövzusunda seminarın verilməsi təmin edildi. Bu seminar “Azercell Telekom” MMC, Əlavə Dəyər Xidmətləri İdarəolunması Şöbəsi Partnyorluq bölməsinin mütəxəssisi Ceyhun Əliyev tərəfindən təqdim edildi”.

Hər birindən daha da maraqlı keçən təlimlər növbəti gün Orta Doğu Texniki Universiteti Texnoparkının vitse-prezidenti, “QUTechnopark” İdarə Heyətinin üzvü, məşhur təlimçi Dr. Ufuk Batum tərəfindən davam etdirildi. Dr. Ufuk Batumun təqdimatında təşəbbüskarlıq, onun inkişaf etdirilməsi yolları, iş modeli kimi önəmli məslələr haqqında finalçılar zəruri informasiyalrı əldə etdilər. Hər bir finalçı U. Batumla iş fikirləri haqında ərtaflı müzakirələr apara bildilər”.

İstər finalçı, istərsə də digər “StartUp”-çı gənclər üçün təlim-seminarlar davam etdiriləcək

İ.Qasımovun sözlərinə görə, istər finalçılar, istərsə də digər “StartUp”-çı gənclərə yeni iş fikirlərinin inkişaf etdirilməsi üçün təlim-seminarlar “QUTechnopark”-ın təşkilatçılığı ilə davam etdiriləcək:

“YFM-də finala vəsiqə qazananlar hazırda yeni iş fikirlərini təkmilləşdirməkdə davam edirlər. Bu məqsədlə həmin iş fikirlərinin gerçəkləşdirilməsi və ideya müəllifi gənclərin həyata olan innovativ baxışlarının inkişaf etdirilməsi üçün “QUTechnopark” tərəfindən finalçılara informasiya dəstəyi ilə yanaşı, mentorluq dəstəyi də təmin edilir.

Yeni Fikir Müsabiqəsi mayda yekunlaşacaq

“QUTechnopark” müdiri qeyd edib ki, YFM may ayının sonuna kimi başa çatacaq. Müsabiqələrin nəticələrinə əsasən 5 ən yaxşı iş fikrinin müəllifləri “QUTechnopark”-ın İnkubasiya Mərkəzində bir il müddətində ofislə təmin ediləcəklər. Ən yaxşı 3 iş fikirinin müəllifləri isə bununla yanaşı, Türkiyənin qabaqcıl universitetlərindən olan ODTU, İstanbul Texniki Universiteti, Yıldız Texniki Universitetinin texnoparklarında da 1 aylıq ofis imkanı əldə edərək, bu texnoparkların ekosistemindən istifadə edə biləcəklər.

Texnoparklarda yeni iş fikirlərinin inkişafı üçün İnkubasiya Mərkəzi də vacibdir

İ.Qasımovun sözlərinə görə, texnoparklarda fəaliyyətlərin əsas başlanğıc və ya yeni iş fikirlərinin formalaşdırılaraq inkişaf etdirilməsində texnoparkın tərkibində fəaliyyət göstərən inkubasiya mərkəzləri də mühüm rol oynayır. İnkubasiya mərkəzlərində fəaliyyətlər innovativ fikirlər əsasında formalaşdırılır və inkişaf etdirilir:

“İnkubasiya Mərkəzində yeni iş fikirlərinin yeni işlərə çevrilməsi üçün əlverişli mühit formalaşdırlır.

“QUTechnopark”-ın təsis etdiyi İnkubasiya Mərkəzi fəaliyyətini genişmiqyaslı tutaraq yeni iş fikirlərinin formalaşdırlması, həmçinin yeni iş fikirlərinin yeni işlərə çevrilməsində mühüm rol ala bilmək üçün müxtəlif layihələrin həyata keçirilməsini planlaşdırır.

Belə layihələrdən biri “Təşəbbüskarlıq seminarları”dır. Həftədə bir dəfə müxtəlif təlimçilər tərəfindən təqdim olunacaq seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərəcək”.

Həqiqət İSABALAYEVA
http://ictnews.az/read-23612-news-1.html