“Qafqaz”da türk dünyasını işıqlandıranların işığına yığışıblar
Dünən AMEA Şərqşünaslıq İnstitutu, Qafqaz Universiteti, TİKA, Yunus Əmrə İnstitutu, M. Akif Ersoy Fikir və Sənət Vakfı, T.C. Bağcılar Bələdiyəsi, Türk Dünyası Bələdiyyələr Birliyi, Hüseyn Cavidin Ev Muzeyinin təşkilatçılığı ilə “Türk Dünyasını işıqlandıranlar: Mehmet Akif Ərsoy, Hüseyn Cavid” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib. Qafqaz Universitetində keçirilən tədbirdə 12 ölkədən 104 nümayəndə, həmçinin respublikamızın tanınmış ziyalıları, millət vəkilləri iştirak ediblər.
Zəngin mədəniyyətə malik hər bir millətin tarixində daha əhəmiyyətli fikir və sənət adamları olublar. Türkiyə və Azərbaycan tarixində belə tanınmış şəxsiyyətlər çoxdur. Bunlardan biri tanınmış türk şairi M.Akif Ərsoy (1873-1936), digəri isə Qafqazın Şekspiri kimi tanınan Azərbaycanın böyük şairi Hüseyn Caviddir (1882-1941). Ölkələrinin ən ağır günlərində yaşayıb-yaradan bu iki sənət adamı hər zaman mənsub olduqları milləti, vətəni düşünüb və bu mövzularda tarixlərə həkk olunacaq sözlərini deyiblər. Bir sözlə, əsərləri ilə zamanının aynası olan hər iki şəxsiyyətin Azərbaycan və türk cəmiyyətinə daha yaxından tanıdılması olduqca vacibdir. Dünən Qafqaz Universitetində “Türk dünyasını işıqlandıranlar: M. Akif Ərsoy, Hüseyn Cavid” mövzusunda keçirilən beynəlxalq konfransda bütün bunlar barədə ətraflı söhbət açıldı.
Vətən uğrunda şəhid olanlar xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən, Azərbaycan və Türkiyənin Dövlət himnləri oxunduqdan sonra kürsüyə dəvət olunan Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç belə bir tədbirə evsahibliyi etməkdən qürur duyduqlarını dilə gətirdi. Akif Ərsoyu və Hüseyn Cavidi dövrünün dərdli insanları kimi xarakterizə edən rektor bildirdi ki, onlar Türkiyə və Azərbaycanda əhəmiyyətli təsirə malik şair və düşüncə sahibidirlər. Bu iki şəxsiyyət eyni dövrdə, lakin fərqli məkanda yaşamış olsalar da, eyni duyğu və düşüncəyə sahib iki şəxsiyyətdir. Bu şəxsiyyətlər iki ölkə arasında mədəni körpünün inkişafında böyük əhəmiyyətə sahibdirlər. O daha sonra bu mövzuda tədbirin keçirilməsi ideyasının AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva məxsus olduğunu bildirdi. Gövhər xanım isə öz çıxışında H. Cavidin də eynilə M. Akif kimi ölkəsinin çətin hadisələr yaşadığı bir dövrdə yazıb-yaratdığını, ömrünü və ədəbi fəaliyyətini xalqı və milləti uğrunda fəda etdiyini vurğuladı. O həmçinin M. Akif Ərsoyun Hüseyn Cavidin müəllimi olduğunu da tədbir iştirakçılarının diqqətinə çatdırdı: “Həyat və fəaliyyətləri bənzər olan bu şəxsiyyətlərin qədərləri də bir-birinə bənzərdir. H. Cavid inandığı dəyərləri tərənnüm etdiyi üçün həbs olunur, vətənindən, millətindən uzaqlaşdırılır və qürbətdə ömrünü başa vurur. Mehmet Akif Ərsoy və Hüseyn Cavid əsrlərə işıq tutan böyük mütəfəkkirlərdir”. Gövhər xanım, öz çıxışında türkdilli xalqların inteqrasıyasının vacibliyini də vurğuladı. O belə bir təkliflə də çıxış etdi: “Artıq türkdilli xalqların ortaq tarixinin yazılması gündəmdədir. Mənim fikrimcə, türkdilli xalqların ortaq ədəbiyyatının da ərsəyə gətirilməsi lazımdır”.
“Qorxma, sönməz bu şəfəqlərdə üzən al sancaq”
Türkiyənin ölkəmizdəki səfiri Alper Coşkun bu cür şəxsiyyətlərin belə konfranslar çərçivəsində yad edilməsinin vacibliyini vurğulayıb. Çünki onlar vətəni, milləti sevməyin ən böyük, ən dəyərli örnəkləridir. Həm Mehmet Akif, həm də Hüseyn Cavid həyatlarının mayası dürüstlük və səmimiyyət olan, örnək alınmağa layiq nadir şəxsiyyətlərdəndir. Onların ikisi də ölkəsi və xalqı üçün heç bir şeyini əsirgəməyən intellektualdır.
Millət vəkili Nevzat Yalçıntaş bildirdi ki, bir millətin təhlükə zamanında hayqıranları olmasa, o, əzilməyə məhkumdur. Bu mənada həm Akif Ərsoy, həm də Hüseyn Cavid millətimizin hayqıran söz adamlarıdır. O öz çıxışında maraqlı bir məqamlara da toxundu: “Milli mübarizənin zəfərlə başa çatacağına inandığını hər fürsətdə bildirən M. Akif istiqlal mübarizəsini abidələşdirən şeiri yazmağa başladı. Ankarada Tacəddin dərgahında bir gecəyarısı yaşadığı hiss əsnasında rəvayətlərə görə, bir qələm axtarmış, tapa bilmədikdə isə əlinə keçən bir çubuqla müstəqillik həyəcanının zirvə nöqtəsinə çıxdığı misraları dərhal qeyd etmək təlaşı ilə divara həkk etmişdir. Akif Ərsoyun yazdığı “İstiqlal marşı”: Qorxma, sönməz bu şəfəqlərdə üzən al sancaq: Sönmədən yurdumun üstündə yanan son ocaq” misraları ilə başlayır. Heç bilirsinizmi bu qorxma nə deməkdir? “Qorxma!” Bu kəlmə peyğəmbərimizin Məkkədən mədinəyə hicrəti əsnasında sığındığı Sevr mağarasında möhtəşəm yol dostu Hz. Əbu Bəkrin narahat olmasına görə, dediyi “Qorxma, ey Əbu Bəkr Allah bizimlədir!” təsəllisindən alınmışdı”. Hüseyn Cavidin sürgündə vəfat etməsini xatırladan Nevzat bəy onu şəhid şairimiz kimi dəyərləndirdi.
Bağçılar Bələdiyyəsi başkanı Lokman Çağrıcı öz çıxışında Azərbaycanı türk dünyasının mərkəzi kimi dəyərləndirdi. Onun sözlərinə görə, son illər burada türkdilli ölkələrlə bağlı keçirilən müxtəlif tədbirlər də bunu sübut edir.
H. Cavidin Ev-Muzeyinin müdiri Gülbəniz Babaxanlı dedi ki, 1982-ci ildə H. Cavidin cənazəsini uzaq Sibirdən gətirməsi və doğma Naxçıvan torpağında dəfn etdirməsi, bu gün Cavidlərin birgə uyuduğu möhtəşəm məqbərənin tikilməsi ulu öndər Heydər Əliyevin böyük qəhrəmanlığı, misilsiz rəşadəti, təkcə Cavidə deyil, ümumən türk ədəbiyyatına, bədii-ictimai fikrinə tarixi ehtiramı idi: “Ulu öndərin belə bir məşhur fikri var: “Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim milli hissiyyatları oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir”. XX əsrdə Azərbaycanda milli-mənəvi özünüdərkin, ulu türk əslinə qayıdışın başında duranlardan biri, bəlkə də birincisi Hüseyn Cavid olub”.
Qeyd edək ki, tədbirdə TİKA Bakı Proqramı koordinatoru Ali Muslu, M. Akif Ersoy Fikir və Sanat Vakfının başkanı Mehmet Cemal Çiftigüzeli, Yunus Əmrə Mərkəzinin Azərbaycan təmsilçisi Səriyyə Gündoğdu da çıxış etdilər.
Tədbir çərçivəsində Qafqaz Universiteti ilə Türk Dünyası Bələdiyyələr Birliyi arasında sənəd də imzalandı. Sənədi “Qafqaz”ın rektoru Əhməd Saniç və Lokman Çağrıcı imzaladılar.
Məlumat üçün bildirək ki, konfrans mayın 19-da başa çatacaq.