Mehmet Akif Ersoy və Hüseyn Cavid bir arada



Bu gün AMEA-nın Şərqşünaslıq İnstitutunun, Qafqaz Universitetinin, TİKA-nın Yunus Emre İnstitutunun, Mehmet Akif Ərsoy Fikir və Sənət Fondunun, Türkiyə Cümhuriyyəti Bağcılar Bələdiyyəsinin, AMEA Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə “Türk Dünyasını İşıqlandıranlar: Mehmet Akif Ersoy, Hüseyn Cavid” mövzusunda Beynəlxalq Konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Türkiyənin Azərbaycandakı səlahiyyətli səfiri İsmayıl Alper Coşkun, AMEA-nın Şərqşünaslıq İnstitutunun rektoru Gövhər Baxşəliyeva, hər iki ölkənin millət vəkilləri, dünyanın 11 ölkəsini təmsil edən 100-dən artıq elm və mədəniyyət xadimi iştirak edib. 
Hər iki qardaş ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra Qafqaz Universitetinin rektoru Ahmet Sanıç tədbirdə çıxışında bildirib ki, hər iki şair həm dillər əzbəri olan şeirlərilə, həm də vətəninə olan sevgi və hörmət hisslərilə soydaşlarının yaddaşına həkk olunub: “Zəngin mədəniyyətə sahib olan hər iki millətin tarixində vətənini və vətəndaşını sevən, qayğı göstərən, xüsusi xidmətlərilə seçilən insanlar var. Bu insanlardan biri Türkiyənin böyük şairi Mehmet Akif Ərsoy, digəri isə Azərbaycanın güclü qələmə sahib olan şairi Hüseyn Caviddir . Əsərlərilə zamanının aynasına çevrilən bu şəxsiyyətlərin türk dünyasında tanıdılmasına böyük ehtiyac var”.
 
Ümummilli Lider Heydər Əliyevin türkdilli xalqların inteqrasiyasina xüsusi önəm verdiyini diqqətə çatdiran Gövhər Baxışəliyeva deyib ki, bu hər bir türk dilli dövlətin amalıdır: “AMEA-nın Şərqşünaslıq İnstitutu da türk tarixinə, onun ədəbiyyatına, türkdilli ölkələrin ictimai siyasi fikirlərinə önəm verir. Bu tarixin ədəbiyyatında isə vətəndaşı olduğu ölkələrin ən ağır günlərini qələmə alan, bununla da Vətəni və milləti uğrunda mübarizə aparan iki böyük şəxsiyyət Hüseyn Cavid və Mehmet Akif Ərsoy xüsusi yer tutur”.
 
Səfir İamayıl Alper Coşkun tədbirdə çıxışında bildirib ki, iki gün davam edəcək Konfransda Azərbaycanın və Türkiyənin, ümumilikdə isə türk dünyasının iki böyük şairi anılacaq: “Elm xadimlərinin də iştirak etdiyi bu Konfransda ədabiyyatımızın müstəsna şairləri Hüseyn Cavidin və Mehmet Akif Ərsoyun əsərləri və bu əsərlərdəki məna digər məhşur yazarların əsərlərilə qarşılaşdırılacaq. Əminəm ki, sonda çox maraqlı nəticələr əldə olunacaq”.
 
Daha sonra tədbirdə çıxış edən digər qonaqlar da bildiriblər ki, bu iki şəxsiyyət eyni dövrdə, lakin fərqli məkanda yaşamış olsalar da, eyni duyğu və düşüncəyə sahib olublar. Qeyd olunub ki, həm Hüseyn Cavid, həm də Mehmet Akif Ərsoy Azərbaycan və Türkiyə arasında mədəni körpünün inkişafında böyük rol oynayıblar.
 
Nərmin Nəsirli

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF