3 Mayıs 2013 Cuma

Qafqaz Universiteti müsabiqə elan edib

Qafqaz Universitetinin texnoparkı “Yeni Fikir Müsabiqəsi” elan edib.
Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəriRəcəb Rzayevin Gün.Az-a verdiyi məlumata görə, universitetin elmi şurasının qərarı ilə təsis edilən Qafqaz Universiteti texnoparkının elan etdiyi “Yeni Fikir Müsabiqəsi” (YFM) elan edib:

“Müsabiqənin əsas məqsədi gənclər arasında sahibkarlıq düşüncəsinin inkişaf etdirməkdir. Müsabiqədə müxtəlif sahələr üzrə (startup ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidmət proqramları, korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları, istehlakçı elektronikası və s.) yeni iş fikirlərinin inkişafı təmin ediləcək.

YFM-nin təmin edilməsi üçün www.yenifikir.az elektron veb səhifəsi də istifadəyə verilib.

YFM-ə 150 komanda yeni iş fikri ilə müraciət olunub.Onlardan 85-i layihələşdirilərək qeydiyyatdan keçib. Müsabiqənin gedişində ilkin qiymətləndirmədən 57 yeni iş fikri 2-ci mərhələyə vəsiqə qazanıb.

Müsabiqədə 2-ci mərhələ 19-20 aprel tarixlərində yeni iş fikri müəlliflərinin münsiflər heyəti qarşısında təqdimatla həyata keçirilib və 19 yeni iş fikri finala vəsiqə qazanıb.

YFM-də finala vəsiqə qazananlar hazırda yeni iş fikirlərini təkmilləşdirməkdə davam edirlər.

Bu məqsədlə həmin iş fikirlərinin gerçəkləşdirilməsi və ideya müəllifi gənclərin həyata olan innovativ baxışlarının inkişaf etdirilməsi üçün QUTechnopark tərəfindən finalçılara informasiya dəstəyi ilə yanaşı, mentorluq dəstəyi də təmin edilir.

YFM may ayının sonuna kimi başa çatacaq”.

Qeyd edək ki, müsabiqələrin nəticələrinə əsasən 5 ən yaxşı iş fikrinin müəllifləri QUTechnopark-ın İnkubasiya Mərkəzində bir il müddətində ofislə təmin ediləcək.

Ən yaxşı 3 iş fikrinin müəllifləri isə bununla yanaşı, Türkiyənin qabaqcıl universitetlərindən olan ODTU, İstanbul Texniki Universiteti, Yıldız Texniki Universitetinin texnoparklarında da 1 aylıq ofis imkanı əldə edərək, bu texnoparkların ekosistemindən istifadə edə biləcəklər.

Mirvari Kamilqızı
Gün.Az
http://www.gun.az/social/71245