Ekoloji problemlərin həlli məktəblilərin gözü ilə

Azərbaycanlı şagirdlər “İNEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasında 5 qızıl, 8 gümüş və 14 bürünc medal qazandılar
Dünən Bakı Özəl Türk Liseyində “İNEPO-AVRASİYA” Ətraf Mühitin Mühafızəsi V Beynəlxalq Layihə Olimpiadasının yekunlarına dair mətbuat konfransı keçirildi.
Tədbirdə çıxış edən “Çağ” Öyrətim İşlətmələri Şirkətinin müşaviri, kimya elmləri namizədi Ağarəsul Məmmədov artıq ənənə halını alan bu möhtəşəm olimpiada barədə geniş məlumat verdi. Bildirdi ki, Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş olimpiadaya 35 ölkədən 300-ə qədər iştirakçı qatılmışdır. 300 layihənin təqdim edildiyi bilik yarışında 151-i seçilib. Olimpiadanın iştirakçıları Azərbaycan, Albaniya, Anqola, Belarus, Bosniya və Herseqovina, Filippin, Əfqanıstan, İndoneziya, İran, İraq, İordaniya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Laos, Litva, Makedoniya, Malayziya, Meksika, Mərkəzi Afrika Respublikası, Miyanma (Birma), Nigeriya, Pakistan, Polşa, Rumıniya, Slovakiya, Şimali Kipr, Tacikistan, Tayland, Tayvand, Türkiyə, Türkmənistan, Ukrayna, Yəmən kimi yaxın-uzaq ölkələri təmsil edirdilər.
Ağarəsul Məmmədov təşkilatçılar haqqında məlumat verdi. Qeyd etdi ki, təşkilatçılar Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Çağ” Öyrətim Şirkəti və “İNEPO-AVRASİYA” Ekologiya İctimai Birliyidir.
Olimpiadanın keçirilməsində məqsəd Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanması barədə gənc nəsli məlumatlandırmaq, şagirdlərdə ekoloji şüuru inkişaf etdirmək, ətraf mühitə qarşı həssas, müsbət münasibəti formalaşdırmaq, təbii, mədəni, tarixi və sosial estetik dəyərləri qorumaq, problemlərin həllində şagirdləri müxtəlif layihələr haqqında düşündürməkdən ibarətdir.
Məktəblilərin ənənəvi Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının (INEPO-EUROASIA) mükafatlandırma mərasimi aprelin 9-da Bakı Əl Oyunları Sarayında keçirilib. Bu olimpiadada Bakı Avropa Liseyinin şagirdi Gülay Məmmədova, “Qafqaz” Azərbaycan -Türkiyə Özəl Gimnaziyasının şagirdi Azər Əsgərov, Akademik Zərifə Əliyeva adına məktəbin şagirdi Gülnar Rəhimzadə, Bakı Slavyan Universitetinin məktəb-lisey kompleksinin şagirdi Leyla Hacılı, Şəki Azərbaycan-Türkiyə Özəl Liseyinin şagirdi Orxan Kərimov qızıl medala layiq görülüblər. Ümumilikdə azərbaycanlı şagirdlər 5 qızıl, 8 gümüş, 14 bürünc medal qazanıb.
Bununla bərabər ekologiya sahəsində hazırladıqları proqramlara və məqalələrə görə bir qrup yazılı və elektron KİV nümayəndələri də mükafatlandırılıb.
Tədbir haqqında məlumat verildikdən sonra ekologiya ilə bağlı videomaterial nümayiş etdirildi, jurnalistlərin sualları cavablandırıldı.
Sonra tədbir iştirakçıları Bakı Özəl Türk Liseyi ilə tanış oldular.
Aynurə Şirinova

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF