“Boloniya prosesində ali təhsildə keyfiyyətin idarə olunması” müzakirə edilib
Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsil Nazirliyi və Qafqaz Universitetinin birgə təşkil olunan, ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilən “Boloniya prosesində ali təhsildə keyfiyyətin idarə olunması” adlı beynəlxalq elmi konfrans keçirilib. Konfransda çıxış edən təhsil naziri Misir Mərdanov deyib ki, yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin, xüsusilə ali təhsilin rolu heç vaxt indiki qədər aktual olmayıb. Bütün ölkələrdə olduğu kimi Azərbaycanda da insan kapitalının formalaşmasında ali təhsilin rolu danılmazdır. 1993-cü ildə ölkədə ikipilləli ali təhsilin tətbiqinə başlanılması Azərbaycanın təhsil tarixində mühüm hadisələrdən biridir. İlk dəfə 23 ali təhsil ocağında 80 istiqamət, 300-dən çox ixtisas üzrə bakalavr pilləsinə tələbə qəbulu aparılıb. Ötən illər ərzində bakalavr təhsilinin məzmununda köklü dəyişikliklər və yeniləşmələr baş verib. Belə ki, mövcud qaydalar təkmilləşdirilib, dünya təhsil sisteminin tələblərinə uyğun standartlar yaradılıb, tədrisdə kredit sisteminin tətbiqinə başlanılıb. 1997-ci ildə ali təhsilin bakalavriat pilləsində ilk buraxılış olduqdan sonra Nazirlər Kabinetinin razılığı əsasında Təhsil Nazirliyinin əmri ilə ilk dəfə ölkənin 23 dövlət, 9 özəl ali məktəbində ali təhsilin ikinci – magistratura pilləsinə keçilməsinə icazə verilib. 2005-ci ilə kimi magistraturaya qəbul ali məktəblər tərəfindən aparılıb. Nazirin sözlərinə görə, ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq Azərbaycanın təhsil sistemində islahatlar haqqında müzakirələr getsə də, islahatın konsepsiyası, həyata keçirilmə mexanizmi olmadığından bu istiqamətdə işlər sistematik, planlı şəkildə aparılmayıb. Yalnız 1999-cu ildə “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” təsdiq olunduqdan sonra bütün təhsil sistemində, o cümlədən ali təhsil pilləsində islahatlar məqsədyönlü şəkildə aparılmağa başlayıb. Həmin Proqrama müvafiq olaraq digər pillələrdə olduğu kimi, ali təhsildə də struktur dəyişiklikləri aparılıb, müəssisələrin şəbəkəsi optimallaşdırılıb, mütəxəssis hazırlığının strukturuna yeni ixtisaslar əlavə olunub: “Təhsil müəssisələrinə xeyli müstəqillik, geniş səlahiyyətlər verilib. Ali məktəblər elmi şuraların, dövlət attestasiya komissiyalarının tərkibinin, öz daxili strukturunun müəyyənləşdirilməsi, Dövlət təhsil standartları əsasında ixtisaslar üzrə tədris planlarının hazırlanması və digər məsələləri də müstəqil həll etməyə başlayıblar. Bundan əlavə, 6 ali məktəbə daha geniş müstəqillik verilib və onlar fəaliyyətlərini özünüidarəetmə prinsipi əsasında qurmağa başlayıblar. Həmin ali məktəblərin dövlət büdcəsindən ayrıca sətirlə maliyyələşdirilməsi 2001-ci ildən etibarən həyata keçirilir. Respublika Prezidentinin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” fərmanına müvafiq olaraq mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsilin keyfiyyətinə nəzarət səlahiyyəti Təhsil Nazirliyinə verildikdən və Nazirlər Kabineti tərəfindən “Ali və orta ixtisas təhsili müəssisələrinin attestasiyası və akkreditasiyası haqqında əsasnamə” təsdiq edildikdən sonra qısa müddət ərzində təhsilin keyfiyyətinə nəzarət mexanizmi yaradılıb. Bundan əlavə, 1999-cu ildə tələbələrin biliyinin qiymətləndirilməsi üzrə yeni mexanizmin tətbiqinə eksperiment şəklində başlanılıb. Hazırda bu sistem demək olar ki, bütün ali təhsil müəssisələrini əhatə edir. Müasir tələblərə cavab verən, dərin təfəkkürə, pedaqoji və metodik ustalığa malik olan müəllim kadrların hazırlığı daim diqqət mərkəzindədir. Bu işin təkmilləşdirilməsi istiqamətində müəyyən tədbirlər görülüb. Belə ki, müəllim kompetensiyasını müəyyənləşdirən professioqram hazırlanıb, ucqar rayonların məktəblərini müəllim kadrları ilə təmin etmək məqsədilə mövcud ixtisas siyahısına qoşa ixtisaslar daxil edilib, pedaqoji təcrübə haqqında qaydalar hazırlanıb”. M.Mərdanov bildirib ki, müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinin inteqrasiyası və ümumavropa ali təhsil məkanının formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Bu baxımdan həyata keçirilən tədbirlər arasında Bolonya prosesi önəmli yer tutur: “Azərbaycan 2005-ci ildə Bolonya prosesinə qoşulub və bununla da faktiki olaraq ali təhsildə aparılacaq islahatların konturları müəyyənləşdirilib. Boloniya Bəyannaməsinin müddəalarını həyata keçirmək üçün 2006-2010-cu illəri əhatə edən müvafiq tədbirlər planına uyğun olaraq, “Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturu” təsdiq edilib və müvafiq istiqamətlər üzrə yeni nəsil dövlət təhsil standartları hazırlanıb. Azərbaycanın Bolonya prosesinə qoşulması ilə əlaqədar ali təhsildə kredit sisteminin tətbiqinə zərurət yaranıb. Bu sistemin tətbiqi ilə bağlı hüquqi-normativ bazanın yaradılması istiqamətində bir çox xarici ölkələrin təcrübəsi öyrənilib, “Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə” təsdiq olunub, ilkin mərhələdə bir neçə ali məktəbdə eksperiment şəklində kredit sisteminin tətbiqi qərara alınıb. 2006-2007-ci tədris ilində 10 ali məktəbdə başlanan eksperiment 2009-2010-cu tədris ilindən 27 dövlət ali məktəbinin bütün ixtisaslarını əhatə edir”. YÖK-ün (Türkiyə Cümhuriyyəti Yüksək Öyrətim Kurulu) icraçı heyətinin üzvü professor Şaban Çalış qeyd edib ki, Avropa Kredit Transfer Sistemini başqa tələbə mobilliyi proqramlarından fərqləndirən ən vacib xüsusiyyəti xaricdə təhsil almağa gedən tələbələrin həmin universitetin tələbələri ilə birlikdə dərslərdə iştirak etmələrini həyata keçirilməsidir. Beləcə tələbələrin həmin universitetin akademik həyatında fəal şəkildə iştirak etməsi mümkün olur. Mərmərə Universitetinin rektoru, professor Zafer Gül isə bildirib ki, 1999-cu ildə 29 Avropa ölkəsinin təhsil nazirləri “Boloniya Deklarasiyası”nı imzalayıblar. Boloniya Deklarasiyasında 2010-cu ilə qədər ortaq vahid Avropa Ali Təhsil məkanının (EHEA) formalaşdırılması üçün bir sıra fəaliyyət prinsipləri müəyyənləşdirilib: “2005-ci ildən etibarən 45 ölkə prosesə qoşularaq bu ortaq təhsil hədəfini dəstəkləyir”.
Sevinc QARAYEVA
Sevinc QARAYEVA