AMB və “Junior Achievement Azerbaijan” “Banklar fəaliyyətdə” layihəsinin reallaşdırılmasına başlayıb
Azərbaycan Mərkəzi Bankı (AMB) və “Junior Achievement Azerbaijan” (JAA) beynəlxalq təşkilatı respublikanın ali təhsil müəssisələrinin tələbələri üçün “Banklar fəaliyyətdə” layihəsinin reallaşdırılmasına başlayıb. Bu barədə AMB-nin məlumatında bildirilir.
Layihə çərçivəsində bazar ertəsi tələbələr üçün aprelin 29-na qədər davam edəcək treninqlər başlayıb.
“Treninqlərdə Azərbaycan Dövlət İqtisad Universiteti, eləcə də, Bakı Dövlət Universiteti və Qafqaz Universitetinin iqtisadiyyat fakültələrinin 40-a yaxın tələbəsi iştirak edəcək”, - deyə məlumatda vurğulanır.
Layihənin əsas məqsədi treninqlər çərçivəsində xüsusi modullar vasitəsilə tələbələrin maliyyə savadını artırmaq və gələcəkdə peşə seçimində onlara yardım etməkdir.
Treninqin iştirakçıları bank sisteminin formalaşdırılması, Mərkəzi Bankın vəzifə və funksiyaları, onun milli iqtisadiyyatdakı rolu haqqında ətraflı məlumat əldə edəcəklər. Bundan başqa, tələbələr bankların üzləşdiyi risklər, müxtəlif maliyyə alətlərinin mahiyyəti, onları müqayisə etmək üsulları ilə tanış olacaqlar.