Azərbaycan beynəlxalq bilik yarışının flaqmanıdır

Aprelin 6-dan 9-dək Bakıda keçirilən Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadası na(İNEPO-EUROASİA) yekun vuruldu. Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş bilik yarışının nəticələri barədə məlumat verən olimpiadanın Təşkilat Komitəsinin sədri, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksizin sözlərinə görə, müxtəlif ölkələrin elm xadimlərindən təşkil olunmuş Münsiflər Heyətinin qərarı ilə olimpiadada öz layihələri ilə fərqlənənlərə 9 qızıl, 8 gümüş, 14 bürünc medal təqdim edilib. Bu bilik yarışında Azərbaycan məktəbliləri 5 qızıl medal qazanıblar”. Onun sözlərinə görə, Bakı Əl Oyunları Sarayında keçirilən bilik yarışında nümayiş etdirilən layihələrlə minlərlə insan tanış olub.
Azərbaycanın elçiləri
“Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadası müstəqil ölkəmizin tarixində sevindirici hadisədir. Belə bir tədbirin müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsində keçirilməsinin isə özəl bir anlamı var”. Bu sözləri mükafatlandırılma mərasimində təhsil nazir Misir Mərdanov dedi. Onun sözlərinə görə, hər il bu tədbirə müxtəlif ölkələrin onlarla şagird və müəllimi dəvət olunur: “Onlar ölkəmizin inkişafına şahid olur və vətənlərinə qayıdandan sonra Azərbaycan həqiqətlərinin təbliğatçısına çevrilirlər. Bu mənada onların hər biri öz ölkələrində Azərbaycanın elçiləridir”. Bu bilik yarışının mütəmadi keçiriləcəyini əminliklə vurğulayan nazir belə tədbirlərin ərsəyə gəlməsində Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamış “Çağ”ın rolunun böyük olduğunu bildirdi və bu qurumun rəhbərliyinin ünvanına xoş sözlər söylədi. Məhz onların sayəsində olimpiada iştirakçılarının sayının ilbəil artdığını bildirən təhsil naziri bu bilik yarışına qatılan Azərbaycan məktəblilərinin də sayının kifayət qədər olduğunu söylədi: “Bu göstərici isə ölkəmizdə təhsilin inkişafının bariz nümunəsidir. Bu o deməkdir ki, təhsilimiz artıq beynəlxalq bilik yarışlarında ölkəmizi layiqincə təmsil edir”.
“Atama deyəcəyəm ki...”
Layihəsi bürünc medala layiq görülmüş Anqola məktəblisi Osvaldo Joshua Mendes bizimlə söhbətində bu uğurundan məmnun olduğunu dilə gətirdi. O, Bakı ilə bağlı təəssüratlarını da bizimlə bölüşdü: “Bakı gözəl şəhərdir. İnsanlarının qonaqpərvərliyinə söz ola bilməz. Azərbaycan mətbəxinin yeməklərinin dadı isə uzun müddət damağımdan getməyəcək”. Atasının Azərbaycan Dövlət Neft Akademiyasının məzunu olduğunu xatırladan həmsöhbətimiz yarızarafat-yarıgerçək dedi: “Mən indi bildim ki, atam niyə təhsil almaq üçün Bakını seçib”. Sonra isə əlavə etdi: “Amma atama deyəcəyəm ki, indi Bakı sən görən Bakı deyil... Elə gözəlləşib ki...”
Qızıl medal həyəcanını yaşayan Malayziya məktəblisi Muhammad Zülhelmi Noor Azmi burada yeni dostlar tapdığını vurğuladı. “Bu medal mənə Azərbaycanı, buradakı dostlarımı xatırladacaq” sözləri ilə söhbətini davam etdirən həmsöhbətimiz Bakını tərk edərkən dostları üçün özü ilə bir neçə suvenir də aparacağını bildirdi. Qeyd edək ki, Malayziya təmsilçiləri bu yarışdan gümüş, bürünc medallar da qazanıblar.
Qızıl medala layiq görülənlər arasında İraq məktəbliləri - Aya Adnan Muhammed və Shene Karim Tofiq olub. Onlar bu bilik yarışının həyat səhifələrinə qızıl hərflərlə yazılacağını bildirdilər.
“Kaş bütün
valideynlər...”
Olimpiadanın qızıl medal mükafatçılarından Bakı Avropa Liseyinin təmsilçiləri Gülay Məmmədova və Hafizə Əlirzayevanın da sevincinin həddi-hüdudu yox idi. Onlarla söhbətdən aydın oldu ki, bu məktəb artıq ikinci dəfədir ki, belə yüksək nəticə əldə edir.
Akademik Zərifə Əliyeva adına məktəbin şagirdləri - Gülnar Rəhimzadə, Səbinə İsayeva olimpiadaya iqlim dəyişikliyi prosesinin modelləşdirilməsi layihəsi ilə qatıldıqlarını bildirdilər. Səbinə həmin layihə üzərində uzun müddət işlədiklərini və nəticədə qızıl medal qazandıqlarını dedi.  Gülnarın atası Rasim Rəhimov keçirdiyi hissləri dilə gətirməkdə çətinlik çəkdi: “Kaş bütün valideynlər mənim kimi qızıl medal həyəcanını yaşayaydılar”.
Bürünc medala layiq görülmüş Qax şəhər Namiq Abdullayev adına 2 saylı tam orta məktəb-liseyin şagirdləri - Gülay Yusifli və Günel Muxtarova isə bizimlə söhbətində “Ekoloji problemlərin həlli enerjiyə qənaət və alternativ enerji mənbələrindən istifadədən başlayır” layihəsinin onlara uğur qazandırdığını bildirdilər. Onlar INEPO-dan ilk medal qazanmış Qax məktəbliləri kimi rayona qayıdacaqlarından qürur duyduqlarını və növbəti bilik yarışlardan daha yüksək nailiyyətlərə imza atacaqlarını söylədilər.
Qeyd edək ki, mükafatlandırılma mərasimində ölkəmizin tanınmış mədəniyyət və incəsənət nümayəndələri, iş adamları, səfirliklərin nümayəndələri, eləcə də millət vəkilləri - Vahid Əhmədov, Qənirə Paşayeva, Yevda Abramov, Muxtar Babayev, Fəzail Ağamalı da iştirak ediblər. Qaliblərə mükafatları da onlar təqdim ediblər.
Həmsöhbət olduğumuz bütün məktəblilər bu beynəlxalq bilik yarışının yüksək səviyyədə təşkil olunduğunu dilə gətirdilər. Onların sözlərinə görə, Azərbaycan artıq ekologiya ilə bağlı dünya miqyasında keçirilən ölkələrin flaqmanına çevrilib. Bu isə, hər şeydən əvvəl, Azərbaycanın gündən-günə inkişafı ilə bağlıdır.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF