Qafqaz Universiteti beynəlxalq mükafata layiq görülüb
Qafqaz Universiteti 29-30 aprel tarixlərində Almaniyanın 
      Frankfurt şəhərində keçirilmiş Keyfiyyət üzrə 38-ci 
      "Business Intiative Directions" (BID) beynəlxalq 
      konqresində "International Arch of Europe" nominasiyası 
      üzrə qızıl mükafata layiq görülüb. Bu barədə 
      universitetin mətbuat xidməti məlumat yayıb. Məlumatda 
      bildirilir ki, konqresdə universitetin biznes dünyası 
      ilə qurduğu işgüzar münasibət və təhsil sektorunda 
      göstərdiyi fəaliyyət "International Arch of Europe"un 
      əsasnaməsi və QC100 - Keyfiyyətin Ümumi İdarəedilməsi 
      modelinin meyarları əsasında yüksək qiymətləndirilib. 
      Mükafatlandırma mərasimində 70-dən artıq ölkədən 
      müxtəlif şirkətlərin rəhbərləri, o cümlədən Qafqaz 
      Universitetinin rektoru, professor Ahmet Saniç iştirak 
      edib. 
      
      Məlumatda o da diqqətə çatdırılır ki, BID təşkilatı 
      hazırda dünyada "Keyfiyyət mükafatı" təqdim edən ən 
      önəmli özəl şirkətlərdən biridir. Şirkətin əsas 
      keyfiyyət prinsipləri Yaponiyadakı "Deming", Amerikadakı 
      "Baldrige" və Avropadakı EFQM təşkilatları kimi güclü 
      təməl üzərində qurulub. BID şirkətinin strukturu biznes 
      informasiya sahəsində ekspert kimi fəaliyyət göstərən 
      beynəlxalq mühəndis, riyaziyyatçı, iqtisadçı, fizik, 
      jurnalist, psixoloq, dizayner, memar və s. kimi 
      mütəxəssislərdən ibarətdir. Bu mütəxəssislər daimi 
      olaraq dövlət və özəl sektorların informasiya 
      mənbələrindən, mediadan, nəşrlərdən, reklamlardan, 
      konsultasiya şirkətlərindən, yarmarkalar və sərgilərdən 
      müxtəlif şirkətlər haqda informasiya toplayır və tədqiq 
      edir.
      
      BID təşkilatı davamlı olaraq keyfiyyət və idarəetmə 
      sahəsində lider sayılan və seçilmiş şirkətlərə səs verən 
      korporasiyalar arasında fasiləsiz sorğu həyata keçirir. 
      Qafqaz Universitetinə təqdim edilən beynəlxalq BID 
      mükafatı QC100 TQM (Keyfiyyətin Ümumi İdarəedilməsi) 
      kriteriyaları əsasında verilir, hansı ki bu meyarlar 
      biznes sahibkarlarının və şirkətlərin proses, servis və 
      təşkilati sistemlərinin inkişaf etdirmə qaydaları kimi 
      xarakterizə edilə bilər.  QC100 Keyfiyyətin Ümumi 
      İdarəedilməsi modelinin uğurlu həyata keçirilməsi üçün 
      əsas addımlar təşkilat olaraq keyfiyyəti hədəf götürmə, 
      müştəri məmnuniyyəti, təşkilati sistem səmərəliliyi, 
      innovasiya, texnoloji yenilik, cəmiyyətdə liderlik, 
      kommunikasiya strategiyaları, ISO 9000, insan qaynaqları, 
      daimi təlim və təhsil faktorları kimi vurğulana bilər.
      
      "Business Initiative Directions" (BID) iş dünyasında 
      keyfiyyət baxımından yüksək göstəricilərə malik 
      şirkətləri mükafatlandıran nüfuzlu qeyri-hökumət 
      təşkilatıdır və son 26 ildə müxtəlif nominasiyalar üzrə 
      117 ölkənin qabaqcıl şirkətlərini mükafatlandırıb. Bu 
      şirkətlər ötən il müxtəlif vaxtlarda Paris, London, 
      Madrid, Cenevrə, Frankfurt və Nyu-Yorkda "BID beynəlxalq 
      konqresi" adı altında bir araya gəlib. Həmin görüşlərdə 
      iştirak edənlər yeni mükafat veriləcək şirkətləri təklif 
      edib. Namizədlər 21 adda müxtəlif keyfiyyət 
      göstəriciləri (idarəetmə, tədqiqat və inkişaf, 
      innovasiya, davamlı təhsil və s.) əsasında incələnib. 
      Beynəlxalq Seçki Komitəsi bu göstəricilərdən azı 5-i 
      üzrə yüksək dəyər qazanan namizədləri qalib elan edib.
      
      "International Arch of Europe Award" mükafatı üçün 
      namizədlərin seçilməsi şirkətin Seçki Komitəsi 
      tərəfindən səsvermə yolu ilə həyata keçirilir. Yeni 
      şirkətlərin namizədliyi əvvəlki illərdə təltif olunmuş 
      qaliblərin təklif etdiyi təşkilatların 
      qiymətləndirilməsi yolu ilə həyata keçirilir. Səsvermə 
      prosedurunda konfidensiallığa ciddi nəzarət edilir. Belə 
      ki, namizədliyi irəli sürülən şirkətlərin adı və 
      səsvermə nəticələri gizli saxlanılır. Səsvermədə əsasən 
      əvvəlki illərdə təltif edilən şirkətlərin prezidentləri 
      iştirak edirlər. 
      
      Y.ƏLİYEV