TOKATDAN - NİKSARA: "Niksarın Fidanları" mədəniyyət sənət toplantısı

Çox sevdiyim qardaş Türkiyəmizin dilbər guşələrindən birində - Niksarda keçirilən Uluslar arası "Niksarın Fidanları" mədəniyyət sənət toplantısına dəvət aldım. Toplantı bu ilin 23-24 iyun tarixində keçiriləcəydi. Osman Qazi Universitetinin müəllimi dosent Tamilla Əliyeva və mən çox saylı qonaqlarla birlikdə bu toplantıya qatılmalıydıq. Doqrusu taleyimin yazılarını (təsəlli üçün) oralara qədər aparıb qələmi ilə orada kı, elm və mədəniyyət insanlarına, yazarlara, mediyaya çatdıran, sevdirən bu zəhmətkeş, etibarlı xanımla, yəni Tamilla xanımla görüşmək, onunla bir məkanda olmaq mənim üçün böyuk önəm daşıyırdı. O aramsız çalışmaları ilə illərdi Əskişəhərdə hər kəsin rəhbətini qazanıbdır və mən hər onunla görüşəndə müvəfəqiyyətlərinə sevinirəm. Lakin, səhhətimdəki problemlər tərəddüdlərimi də azaltmırdı. Son anda Tokat şairlər və yazarlar dərnəyi rəhbəri, şair Həsən Akarın zəngləri tərəddüdlərimə son qoydu və bu gözəl qəlbli, qədirbilən insanlarla birlikdə toplantıya qatılmağa qərar verdim. Ankara hava limanına qədər məni qarşılamağa, toplantının əsas təşkilatçılarından şair Həsən Akarın xahişi ilə, başbakanlıqda arxiv müdiri işləyən Bəkir bəy gəlmişdi. Ankaradan Tokata yollanmalı idim. Uzun bir yolçuluq gözləyirdi məni. Tokatda Tamilla xanumla görüşüb birlikdə Niksara qetməli idik. Niksar haqqında Tamilla xanımın dediklərindən: - "Niksarı tanıtmaq üçün əvvəlcə Tokatın adını çəkmək lazımdır. Tokatın bir tərəfində Amasya, Sivas, bir tərəfində Qara dənizin məşhur şəhərləri Samsun, Girəsun, Ordu, Trabzon var. Tokat bizə daha əzizdir, çünki dastanlarımızda adı çox çəkilən şəhərdir. Koroğlunun məşhur igidlərindən Eyvaz Tokat Paşasının bağçasındakı durnaların telindən gətirmək üçün Tokata getmiş və orada zindana düşmüşdü. Koroğlu tək başına Tokata gedib və onu zindandan çıxartmışdı. Hər zaman Tokata gedəndə və ya Tokatın adını eşidəndə mütləq xatirimizə Tokat paşasının bağcasında gəzən durnalar, Eyvaz, Koroğlu düşür.
  
   Niksar Tokatın ən gözəl bölgələrindən biridir. Qızılirmaq çayının sahilində, dağlar qoynunda yerləşir, eynilə bizim Qarabağ kimi. Niksarın dagları başdan başa yamyaşıl meşələrdir.
  
   Bu şəhərin adı antik Yunan və Romanın tarixi kitablarında çəkilir. Bu barədə məlumatı Niksarın tarixi haqqında Həsən Akar və Müjdat Özbayın "Milli mücadilə illərində Niksar" kitabından öyrəndik. Bu kitabda Niksarın keçmişi, bu günü, çoğrafiyası haqqında dəyərli məlumatlar var. Kitabda Niksar adının mənşəyi haqqında çox fikirlər var. Əslində isə Niksar adı "Yaxşı qala" anlamını daşıyır. Çünki Niksar Bakıdakı İçərişəhər kimi qala içində olmuşdur, bu da geçmiş dönəmlərdə şəhərin yadelli düşmənlərdən qorunması üçün önəmli idi.
  
   Tarix boyunca Niksarda çox dövlətlər qurulmuşdür. Onlara misal olaraq Pontis, Roma-Bizans dönəmini göstərmək olar. Türklər X əsrdə Niksara gəliblər, ondan sonra burada Türklərin qurduğu Danışməndilər, Səlcuqlar dövlətlərini göstərmək olar. 1277-ci ildə Mongol orduları Niksara hücum etdilər. 1335-ci ildən Niksarda bəyliklər dönəmi başlandı. Burada ən çox diqqətimizi çəkən Azərbaycan ədəbiyyatı tarixindən şair, siyasi xadim olan Gazi Burhanəddinin Niksara gəlişidir. Gazi Burhanəddin ordusuyla Niksara gəlmiş və şəhərin ən hörmətli insanları şəhərin açarını ona təqdim etmişlər. Onu belə hörmətlə qarşıladıqları üçün Gazi Burhanəddin çox məmnun qalmış, əsgərlərinə " - Şəhəri yağmalamayın" - əmrini vermişdir. Gazi Burhanəddin 1387-ci ildə Niksardakı Məlik Danışmənd Gazi Türbəsini ziyarət etmiş, türbənin önündə Calaləddin Rumi Mövlanə üçün qurban kesdikdən sonra şəhərə daxil olmuşdur. Gazi Burhanəddin Canik vilayətindən gələcək təhlükəyə qarşı Niksar çayının sahilində iki bürc inşa etdirmişdir. Təəssüf ki, Gazi Burhanəddinə xidmət edən Ağqoyunlu Qara Yoluq Osman Bəy ona xainlik edərək şairi öldürmüşdür.
  
   1918-ci ildə Niksarın vətən sevgisi ilə alışıb yanan igidləri Canaqqala, Azərbaycan, Balkan müharibələrinə gedərək vətən üçün şirin canlarından keçmişlər. 1918-ci ildə Nuru Paşanın ordusunda Tokatın Erbaa, Rəşadiyə, Zilə və Niksar bölgəsindən könüllü olaraq Bakıya gələn insanlar olmuşdur. Biz bu məlumatı Bakıda fəaliyyət göstərən Qafqaz Universitetinin eyni adlı araşdırma institunun nəşr etdiyi "Azərbaycan Xalq Cumhuriyyəti və Qafqaz İslam Ordusu" kitabından aldıq. Öyrəndik ki, Niksardan Bəkir Durmuş və Həsən Saleh Nuri Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusuna könüllü olaraq yazılmışlar. Bəkir Niksarın Kalonlu, Həsən isə Bumalan oğulları nəslindən idi. Niksarda hər gördüyümüz insan həmyerlilərinin Azərbaycanın müstəgilliyi uğrundakı müharibədə Bakı şəhərində şəhit olmalarını qürürla söylədilər".
  
   İndi isə Niksarın bu günündən, buraya gəlməyimizin səbəbini və onların Azərbaycan xalqına olan sevgisindən söz açaq. Hər il Niksar "Niksarın fidanları" adlı Mədəniyyət-Sənət həftəsi keçirilir. Bu həftə Ərzurumlı Aşığ Əmrah və Niksar şairi Cahit Küləbinin xatirəsinə həsr olunur. Aşığ Əmrah haqqında məlumatı Azərbaycanın dünyada məşhur olan alimi Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Xalıq Koroğlu 1983-cü ildə Moskvada nəşr edilən "Türk aşıq şeiri" kitabından öyrəndik. X.Koroğlu yazır ki, Aşıq Emrahın həyatı haqqında məlumat azdır. Aşıq haqqında əfsanə və rəvayətlərdən məlum olur ki, o, XVIII əsrin 70-ci illərində Ərzuruma yaxın bir kənddə doğulmuşdur. Aşıq Emrah Şərqi Anadolunu çox sevib və addım addım gəzmişdir. 1840-cı ildə Sivasa gəlmiş, oradan Niksara keçmiş, ömrünün sonunadək Niksarda yaşamış, 1860-cı ildə Niksarda vəfat etmişdir. Niksarlılar çox sevdikləri Əmrahın adını əziz tutur və onun məzarının üstündə abidə ucaltmışlar. Cahit Küləbi isə Türkiyənin məşhur şairlərindəndir. 1917-ci ildə doğulmuşdur. Həm Türkiyədə, həm də Avropada yüksək vəzifələrdə işləmişdir. Ankarada Türk Dil Qurumunda nəşriyat və tanıtma bölümünün sədri olmuşdur. Çox sayda şeir kitabları, publisistik yazıları vardır. Şeirləri xalq ədəbiyyatı üslubunda yazılmışdır, eyni zamanda sərbəst şeir üsülundan da istifadə etmişdir. Türk xalqının tarixi onun şeirlərinin mövzusu olmuşdur. Eyni zamanda xalqın ağır həyatı, arzuları şeirlərdə öz əksini tapmışdır. C.Küləbinin əsərlərinə Türkiyənin məşhur bəstəkarları musiqi bəstələmişlər. Buna misal olaraq "Atatürk Qurtuluş Savaşında" aratoriyasını göstərmək olar. Cahit Küləbini Azərbaycanda da yaxşı tanıyırlar. Onun şeirləri Azərbaycanda nəşr edilən jurnallarda və şeir antologiyalarında çıxmışdır. Aşıq Əmrahın da şeirləri Azərbaycanda jurnal və kitablarda işıq üzü görmüşdür.
  
   Niksarda keçirillən mədəniyyət-sənət toplantısında çıxış edənlərin əksəriyyəti Azərbaycandan, onun mədəniyyətindən, Qarabağ hadisələrindən danışdı. Niksarın bələdiyyə başqanı çox fədakar, sadə və mehriban, hər kəsə qarşı xüsusi diqqət göstərən, niksarlıların məhəbbətini qazanmış, Duran Yadigar Azərbaycanı çox sevdiyindən, Azərbaycan şairlərindən Füzulini, Vagifi, M.Müşfiqi, B.Vahabzadəni, M.Arazı sevərək oxuduğundan danışdı. Toplantının tərtibat komitəsinin sədri, "Kümbət" jurnalının redaktoru şair-yazar Həsən Akar Qarabağa-Xarı-bülbülə həsr etdiyi kitabından söz açdı. Şair Yəhya Akengin Azərbaycana həsr ettiyi şeirlərini oxudu və dedi ki, hər il Azərbaycana gedirəm, Azərbaycan mənim ikinci vətənimdir. Sonra söz mənə verildi. Mən sözümə ölməz liderimiz H.Əliyevin "biz bir millət iki dövlətik" sözləriylə başladım. Aşıq Əmrahın şeirlərini rus dilində oxuyub sonra türkcəyə çevirdim. Çıxışımda Azərbaycanımızda ədəbiyata, folklora, aşığ ədəbiyatına Prezidentimizin və birinci xanım Mehriban Əliyevanın verdiyi yuksək qiymətdən söz açdım. Osman Gazi Universitetinin müəllimi dosent T.Əliyeva da çıxışına B.Vahabzadənin "Azərbaycan - Türkiyə" şeiri ilə başladı. Onun əlindəki Azərbaycan Türkiyə bayrağı uzun müddət alqışlandı. O da Azərbaycan - Türkiyə dostluğundan söz açdı və dedi ki, bu dostluq hər zaman olmuş və əbədi olaraq davam edəcəkdir. T.Əliyeva çıxışının sonunda Azərbaycanın böyük şairi Məmməd Arazın yaradıcılığından söz açdı və sözünü "Azərbaycan - dünyam mənim" şeiri ilə bitirdi. Tamella xanım Türkiyə Azərbaycan münasibətlərinə sözün əsl mənasında çox böyük əmək verir.
  
   Almanyanın Frankfurt şəhərindən gələn və Azərbaycanı çox sevən türkoloq Regina Höfer də bu toplantıya dəvət olunduğu üçün təşəkkür etdikdən sonra Azərbaycan mədəniyyəti haqqında çıxış etdi və çox maraqla qarşılandı.
  
   Toplantıdan böyük təəssürlarla ayrıldım və bir daha belə qənaətə qəldim ki, elini-obasını sevənlər, onu vəsf edənlər heç vaxt unudulmaz. 1997-ci ildə dünyasını deyişən Cahid Küləbi Anadoluya, onun torpağına, qəsəbələrinə, yer-yemiş daşıyan arabalarına vurğun idi. Suyuna, günəşinə, küləyinə vurğun idi. O Anadolu insanına vurqun idi. O Anadolu şerinə yeni biçim, yeni rəng gətirən şair olub. C.Küləbi yazırdı -
       
   "Sən Türkiyə kimi aydın və gözəlsən,
   Mənim doğulduğum kəndlər də gözəldir.
   Sən də anlat, doğulduğun yerləri, 
   Anlat biraz..."
        
   Məhəbbətlə xatırlanan başqa bir saz-söz adamı da yuxarıda göstərdiyimiz kimi məzarı Niksarda olan aşıq Əmrahdır. Qoşmaları ilə könüllərdə taxt quran, insanın qəlbini oyan şerlərin müəllifi "Ərzurumlu Əmrah" 1850-ci ildə Niksarda evlənib və ömrünün sonuna qədər, yəni 1860-cı ilə qədər burada yaşamışdır. Saz çalıb şer söyləyən Əmrahın xatirəsi Niksarlılar üçün çox əzizdir. Rus dilində oxuduğum şerlərin birində Əmrah yazır:-
   "Dərdlərimi qızıl gülə söyləsəm,
   Soğan tək əyilib boynunu bükər.
   Məcnun tək çöllərə düşsəm, qəmimdən
   Ən vəhşi heyvanlar ağı söyləyər..."
     
   Məzarları Niksarda ziyarət yerinə dönən bu iki dəyərli ozanın Ərzurumlu Əmrahın və Cahit Küləbinin ruhu önündə baş əyib hörmətlə "ruhları şad olsun" deyib toplantıdan ayrılırığ.
  
   Sonda onu deyim ki, bu geniş proqramlı və təntənəli şəkildə keçirilən toplantıda tanış olduğumuz, sevdiyimiz heç vaxt unuda bilməyəcəyımiz insanlardan - Türkiyənın himninin müəllifi M.Akif Ərsoyın qızı Selma Arqon, Cahit Küləbinin oğlu Əli Küləbi, Niksarın çox sevilən, xalqın içindən olan bələdiyə başçısı Duran Yadigar, onun xanımı Həbibə xanım, eləcə də mənim toplantıda iştirakımın səbəbkarı olan şair qardaşım Həsən Akar, toplantının təşkilatçılarından Hecati Güneş, Arzu, Furkan, müxbir Cihat Taşkın, Kərpüklü şair Sadun Körpülü, Makedoniyalı yazar Fəxri Əli, Rəsul Şabani, Almaniyalı Ruhi Türkyılmaz, Ankaradan şair Yahya Akengin, Qaziantepdən Z.Abidin Topraj, Tokatdan Hava Uslu və bir çox başqaları həmişə xatirimizdə məhəbbətlə yad ediləçəkdir. Bu xoş və gözəl təəssüratlarla Nisardan ayrılırıq, bir də görüşmək ümidi ilə.
  
Tamilla Əliyeva, Sona Çərkəz 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF