Qafqaz Universitetinin tələbələri Türkiyədə dövlət və özəl sektor müəssisələrində təcrübə keçirlər
Əvvəlki
illərdə olduğu kimi bu il də Qafqaz Universitetinin 100-ə
yaxın
tələbəsi Türkiyədə dövlət və özəl sektor müəssisələrində yay təcrübə
proqramlarında iştirak edirlər. Türkiyənin bir-sıra dövlət qurumları və
qabaqcıl şirkətləri ilə əməkdaşlıq edən universitet 2-ci və 3-cü
kurslarda oxuyan tələbələrin praktikalarının Türkiyədə keçirilməsini
təmin edir. Proqrama dərslərində müvəffəqiyyət baxımından fərqlənən və
nümunəvi davranışı ilə seçilən tələbələr daxil edilir.
Proqramda əsasən İqtisadiyyat və idarəetmə fakultəsinin Maliyyə, Dünya
iqtisadiyyatı, Dövlət və bələdiyyə idarəetməsi, Biznesin təşkili və
idarəedilməsi, Menecment, Beynəlxalq münasibətlər, Regionşünaslıq
ixtisaslarının və Mühəndislik fakultəsinin Sənayenin təşkili və
idarəolunması, Kompyuter mühəndisliyi ixtisaslarının tələbələri iştirak
edirlər.
Bankasya, Petkim, Kuveyttürk bank, Colins, İstanbul Böyükşəhər
bələdiyyəsi, Samsun Böyükşəhər bələdiyyəsi, Uyumsoft proqramlaşdırma
şirkəti, Boğaziçi universiteti, TASAM və TESEV stratejik tədqiqatlar
mərkəzi kimi müxtəlif sahələrdə qabaqcıl müəssisələr olaraq tanınmış
qurumlarda tələbələr dərslərdə aldıqları bilikləri praktiki həyatda
tətbiq etmə bacarıqlarına yiyələnirlər.
Təcrübə
proqramı əsasən 1 ay davam etməkdədir. Tələbələr bu müddət ərzində bir
tərəfdən ixtisasları ilə əlaqəli yeni tətbiqi bacarıqlar əldə edərkən
digər tərəfdən qardaş ölkə Türkiyə ilə yaxından tanış olma imkanı əldə
edirlər. Belə ki, praktika müddətində tələbələrə rəhbərlik etmək üzrə
universitet tərəfindən təyin edilmiş təcrübəli müəllimlər bir tərəfdən
təcrübə proqramının gedişatına nəzarət edərkən, digər tərəfdən həftə
sonu gəzinti proqramları tərtib edərək tələbələrin Türkiyədəki
tarixi-mədəni əhəmiyyətə malik məkanları görməsini təmin edirlər. Artıq
ənənə halını almış Qafqaz tələbələrinin Türkiyə Respublikasında yay
təcrübə proqramı müvəffəqiyyətlə davam etdirilməkdədir. Tələbələr
ölkəmizi və universitetimizi layiqincə təmsil etməkdə, təcrübə
keçdikləri qurumlarda xüsusi rəğbət qazanmaqdadırlar.
Universitetin səyləri nəticəsində tələbələrə Türkiyədə yay təcrubə
proqramı keçmə imkanı daha da genişləməkdədir. Belə ki, Azərbaycan
Dövlət Neft Şirkətinin də ortaqlarından olduğu Petkim ilə ötən il
başlayan əməkdaşlıq bu il daha da genişlənmiş və Mühəndislik fakultəsi
tələbələri ilə birliktə İqtisadiyyat fakultəsi tələbələri də bu
müəssisədə təcrübə keçməyə qəbul edilmişlərdir. Bu il ilk dəfə olaraq
Samsun Böyükşəhər Bələdiyyəsi də Qafqaz Universiteti Dövlət və bələdiyyə
idarəetməsi ixtisası tələbələrinə praktika imkanı vermişdir.
Qafqaz
universitetinin Dövlət İdarəçilik Akademiyası ilə olan əməkdaşlığı
çərçivəsində DİA-nın tələbələri də Qafqaz tələbələri ilə birgə təcrübə
proqramında iştirak etmişdirlər. Xatırladaq ki, tələbələrin Türkiyədə
yay təcrübə proqramı Türkiyə Respublikası Baş Nazirliyi İnkişaf və
Əməkdaşlıq (TİKA) Baş İdarəsi tərəfindən də dəstəklənməkdədir.
Dossent: Ədalət İbadov
Türkiyə Yay Təcrübə Proqramı Koordinatoru