Sizə jurnalist lazımdı?
Özəl ali məktəblərdə jurnalistika ixtisasının tədrisinin dayandırılmasının səbəbini bilən yoxdu
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) açıqladığı məlumata görə, 2012-2013-cü tədris ili üçün ali məktəblərə ümumilikdə 36 min plan yeri ayrılıb. Bu isə ötən ilki plandan çoxdur. Bunlarla yanaşı, qəbul planında bəzi yeniliklər də müşahidə olunub. Aydın olub ki, bu il özəl ali məktəblərin jurnalistika fakültələrinə qəbul aparılmayacaq.
Nə üçün?
Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev deyir ki, dövlət səviyyəsində hansı qərar qəbul edilsə, Qafqaz Universiteti də ona riayət edəcək: “Bizim də həmin qərardan xəbərimiz var. Bilirik ki, özəl universitetlərin jurnalistika ixtisasına qəbul dayandırılıb. Bununla bağlı mövqeyimiz ondan ibarətdir ki, dövlət səviyyəsində hansı qərar qəbul ediləcəksə, biz də ona riayət edəcəyik. Belə bir qərarın qəbul edilmə səbəblərinə gəlincə, bunu da aidiyyatı dövlət strukturları, o cümlədən TQDK, Təhsil nazirliyi daha yaxşı bilər. Yəqin ki, onlar uyğun bilmədiklərindən belə bir qərar qəbul ediblər». Bununla yanaşı Qafqaz Universitetinin rəsmisi deyir ki, onların maddi-texniki təminat, tədrisin səviyyəsi heç də aşağı deyil: «Bizim universitetdə jurnalistika ixtisasına qəbul yalnız keçən il olub. Bu il isə bağlanılır. Cəmi 21 nəfər tələbə bu ixtisas üzrə ali təhsil alır».
Adamın inanmağı gəlmir
Azərbaycan Universitetinin “Filologiya və jurnalistika” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Rəhimova təmsil etdiyi ali təhsil ocağında bütün ixtisasların, o cümlədən də jurnalistika ixtisasının günün tələbləri səviyyəsində tədris olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, hətta universitetə kənardan gələn mütəxəssislər jurnalistika ixtisası üzrə ali təhsil alan tələbələrin bilik və bacarıqlarına heyran qalıblar: “Bütün dövlət ali məktəblərindən fərqli olaraq, bizim universitetdə jurnalistika ixtisası üzrə texniki təchizat həddindən artıq yüksək səviyyədədir. Bütün bunları nəzərə alaraq, adamın yenə də inanmağı gəlmir ki belə bir qərar qəbul edib. Biz xarici universitetlərlə qarşılıqlı əməkdaşlıq edirik, ABŞ səfirliyi bizim universitetdə jurnalistika sahəsi üzrə xüsusi laboratoriya yaradıb. Ona görə də qəbul edilən qərar, həmin qərarın səbəbi və sərgilənən münasibət mənə aydın deyil. Heç bir attestasiya keçirilmədən, təhsilin, təlimin səviyyəsini müəyyən etmədən, bu barədə ictimaiyyətə geniş açıqlama vermədən qəti şəkildə özəl universitetlərdə jurnalistika ixtisasına qəbulun dayandırılması heç də yaxşı hadisə deyil. Bu il bizim universitetin jurnalistika ixtisası üzrə ilk məzunları olub. Universitetimizdə Jurnalistika ayrıca bir fakültə olmasa da ixtisas kimi fəaliyyət göstərir. Builki məzunlarımızın sayı 12 nəfərdir. Jurnalistika ixtisası üzrə məzunlarımızdan müxtəlif media qurumlarında çalışanları, onlara göstərilən etimadı doğruldanları kifayət qədərdir”.
TQDK-nın mətbuat Xidmətinin rəhbəri Elnur Nağızadə ali təhsil müəssisələrinə qəbul planının Prezident yanında Təhsil Komissiyası tərəfindən təsdiqlənərək TQDK-ya göndərildiyini, qəbul komissiyasının da bu planı elan etdiyini vurğulayıb. O, bu səbəbdən, qeyd olunan məsələ ilə əlaqədar sualların TQDK-ya deyil, Təhsil Komissiyasına ünvanlamağı daha düzgün sayıb.
Bu, müvəqqəti qərardır
Xəzər Universitetinin təsisçisi, Prezident yanında Təhsil Komissiyasının üzvü Hamlet İsaxanlı isə təmsil etdiyi komissiyanın son qərarı ilə bağlı təşkil edilən iclasında iştirak etmədiyini, qəbul edilən qərarı TQDK-nın mətbuata açıqlamasından izlədiyini dilə gətirib. O, bütövlükdə bu kimi qərarların müvəqqəti xarakter daşıdığını söyləyib: “Əvvəllər də qərar qəbul edilmişdi ki, özəl ali təhsil müəssisələrində tibb fakültəsi olmasın. Ardınca hüquq fakültəsinə qəbulu dayandırdılar. İndi isə bu qadağa jurnalistika ixtisasına tətbiq edilib. Hansısa səbəblərə görə hesab edilir ki, özəl universitetlər bu ixtisaslara qəbul aparmasın? Ancaq mən düşünürəm ki, bütün bu qərarlar müvəqqəti xarakter daşıyır. Çünki dövlət və ya özəl ali məktəbin elə də bir fərqi yoxdur. Əsas ali məktəbin keyfiyyəti, savadlı kadr hazırlamaq bacarığı, təhsil müəssisəsinin işi, gücüdür. ABŞ kimi inkişaf etmiş ölkədə heç zaman ali məktəbləri özəl və ya dövlət olduğuna görə ayırmırlar. Bizdə isə müəyyən bir keçici mühit yaranıb. Hesab edirəm ki, zamanla bizdə də ali məktəblərə fərqli yanaşma tərzi dəyişəcək. Ancaq bu da var ki, hər ali məktəb bütün ixtisaslar üzrə kadr hazırlığı ilə məşğul olmaya da bilər. Məşğul olduğu ixtisasların bir qismi çox aparıcı ola bilər, bir qisminə isə yenicə başlanıla bilər. Bütün hallarda düşünürəm ki, Təhsil Komissiyasının qərarını bir faciə kimi qarşılamaq da düzgün deyil. Çünki jurnalistika özəl ali məktəblərdə elə də populyar bir fakültə və ya ixtisas deyil”.
“XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin sədri, fəlsəfə doktoru Etibar Əliyev hər hansı ixtisasa qəbulun dayandırılması barədə qərar qəbul edilməzdən əvvəl akkreditasiyanın aparılmasını vacib sayıb: “Bundan öncə özəl ali məktəblərdə fəaliyyət göstərən iki əsas ixtisasın fəaliyyəti dayanıb. Hüquq və tibb. İndi isə jurnalistika ixtisasına qəbul dayandırılıb. İxtisasın tədbirsinin dayandırılması Boloniya prinsiplərindən irəli gəlməlidir. Həmin ixtisasın akkreditasiyası aparılmalıdır. Yəni ali məktəb bu ixtisas üzrə mütəxəssis hazırlaya bilir, yoxsa yox? Burada nəzərə alınır – ali təhsil müəssisəsinin kafedraları, professor-müəllim heyəti, tələbə kontingenti, məzunların işlə təminatı, tədris-metodik təminatı, laboratoriyaları, təcrübə yerləri, təcrübə keçiriləcək məkanlar və sair. Bütün bunlar hamısı kriteriyalardır. Kriteriyalar nəzərə alınır və qərar qəbul olunur ki, bu ixtisas bu ali məktəbdə fəaliyyətini dayandırsın, yoxsa dayandırmasın. Ancaq təəssüf ki, Azərbaycanda bu qərarlar akkreditasiyasız olur. Başqa tərəfdən mən bir ekspert kimi Təhsil Komissiyasının qərarını həm də müsbət dəyərləndirirəm. Çünki, hüquq, tibb və jurnalistika bir qədər özəl ixtisaslardır. İnandırıcı görünmür ki, hansısa özəl ali məktəb jurnalist ixtisası üzrə çox güclü mütəxəssis hazırlaya bilsin. Çünki bu ixtisas üzrə əsas baza Bakı Dövlət Universitetində toplanıb. Müəllimlərin əksəriyyəti isə müəyyən əsaslarla, yəni ya saat hesabı, ya yarımştatla gəlib o özəl ali məktəblərdə bu istiqamətə daxil olan fənləri tədris edirlər”.
Digər tərəfdən isə ekspert bildirir ki, istər özəl, istərsə də dövlət ali məktəbləri arasında ciddi rəqabətin olmaması son nəticədə təhsilə öz mənfi təsirini göstərir: “Bu gün əksəriyyət özəl ali məktəblər düşünür ki, bizim cəmiyyətdə hansı ixtisaslar dəbdədir? Bəlkə də heç bir özəl ali məktəbdə fizika, kimya, riyaziyyat fakültəsi yoxdur. Onlar bilirlər ki, bu ixtisaslara gələn olmayacaq. Çünki həmin ixtisaslar cəmiyyət üçün dəbdə deyil. Onlar hesablayırlar ki, jurnalistika, iqtisadiyyat ixtisaslarına, xarici dillərə maraq var. Ancaq nəzərə alınmır ki, adıçəkilən ixtisasları tədris etmək üçün kafedralar varmı, professor-müəllim heyəti bəs edirmi, maddi-texniki baza yerindədirmi, tələbə kontingenti savadlıdırmı, təcrübə yerləri varmı və sair. Dəb ixtisası açırlar, ixtisas fəaliyyətə başlayır. Sonra dövlətin yüksək səviyyəli insanları baxırlar ki, özəl universitetlərdə mütəxəssislər yoxdur, yaxud tələbə daxil olub təhsilini bitirmir, tədris prosesi alınmır. Məsələn, hüquq, tibb ixtisaslarının tədrisinin dayandırılması belə oldu».
Jurnalist olmaq istəyən abituriyentlər seçimlərini yalnız dövlət ali təhsil ocaqları arasında edə biləcəklər. Artıq 2012-2013-cü tədris ili üçün Bakı Dövlət və Slavyan universitetləri ilə yanaşı fəaliyyətə bu ildən başlayacaq Dövlət Dillər, Mədəniyyət və İncəsənət universitetlərinin jurnalistika fakültələri bu ixtisasa yiyələnmək istəyənlərin yolunu gözləyir.
Rufik İSMAYILOV
P.S. Məqalənin hazırlanmasında Qafqaz Universitetinin Jurnalistika fakültəsinin redaksiyamızda təcrübə keçən I kurs tələbələri Nərgiz Məmmədova, Zaur Rzalı iştirak ediblər.