Sumqayıtda ARDNŞ tərəfindən müasir standartlar səviyyəsində yaradılmış yeni Təlim-Tədris Mərkəzinin açılışı olub

Mərkəzin açılış mərasimində Qafqaz Universitetinin rektoru Ahmet Sanıç və universitetin müəllim heyəti iştirak ediblər.
Azərbaycan, Bakı, 4 iyul /Trend/
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında Dövlət Neft Şirkəti tərəfindən Sumqayıtda ilk dəfə olaraq müasir standartlar səviyyəsində inşa edilmiş, neft-kimya sənayesi üçün hər il yüzlərlə ixtisaslı fəhlə-kadrların hazırlanacağı Təlim-Tədris Mərkəzinin (TTM) təntənəli açılışı olub.
İyulun 4-də keçirilən tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Sumqayıtda "Azərikimya" İB və digər müəssisələr üçün yüksək ixtisaslı, peşəkar kimyaçı fəhlə kadrların hazırlanması məqsədilə yaradılmış yeni Mərkəzin açılış rəmzi olan qırmızı lenti kəsib.
Təlim-Tədris Mərkəzinin girişində ulu öndər Heydər Əliyevin büstünün qoyulduğu, hər bir sumqayıtlı, həmçinin gələcəyin qurucuları üçün dahi rəhbərin çağırışı kimi səslənən "Hər kəs Sumqayıtın inkişafına öz töhfəsini verməlidir!" sözlərinin həkk olunduğu, xüsusi olaraq yaradılmış fotoguşə ilə bağlı şirkətin prezidentinə və tədbir iştirakçılarına geniş məlumat verilib. Burada xalqımızın ümummilli liderinin Azərbaycana rəhbərlik etdiyi 34 illik dövr ərzində ölkəmizin iqtisadiyyatının yüksəlişində, o cümlədən neft-kimya sənayesinin inkişafındakı rolunu, kimyaçılara göstərdiyi daimi diqqət və qayğını əks etdirən fotoekspozisiyalar maraqla qarşılanıb.
Sonra tədbir iştirakçıları Təlim-Tədris Mərkəzi ilə yaxından tanış olublar. Mərkəzin birinci mərtəbəsində uzun illər Sumqayıtın neft-kimya müəssisələrində çalışaraq, bu sahənin inkişafına öz töhfələrini vermiş, gələcəyin gənc kadrlarına örnək ola bilən onlarla qabaqcıl kimyaçının fotoşəkillərindən ibarət xüsusi stendə maraqla baxılıb.
Qonaqlar Təlim-Tədris Mərkəzinin ikimərtəbəli geniş korpusunda sabahın neft-kimya sənayesində çalışacaq aparatçı, təmirçi-çilingər, tornaçı, frezerçi, elektrik qaz qaynaqçı, texnoloji kompressorlar maşinisti, elektromontyor və s. kimi ixtisaslı fəhlə kadrların hazırlanması üçün hər cür əyani vasitələr, müasir avadanlıq, dəzgah və alətlərlə təchiz edilmiş müvafiq ixtisaslaşmış tədris otaqları ilə maraqla tanış olublar.
Gələcək kimyaçı fəhlə kadrların müasir texnoloji qurğuları mükəmməl idarə edə bilmələri, onların texnoloji sxemlərini və konstruksiyalarını daha yaxşı öyrənib-mənimsəmələri məqsədilə burada bir neçə neft-kimya istehsalatının iri maketləri yaradılıb ki, bu da onların iş prinsipinin əyani olaraq öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək.
Peşəsindən asılı olmayaraq Təlim-Tədris Mərkəzində fəhlə kadrların hər birinin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını mükəmməl öyrənməsi üçün xüsusi tədris otağı da fəaliyyət göstərəcək ki, burada gələcək peşə sahibləri bu mühüm sahələr üzrə mövcud qaydaları öyrənəcək, təhlükəsizliyin və yanğından qorunmanın təmin olunması üçün müvafiq mühafizə sistemləri və vasitələri, həmçinin ilk tibbi yardım üsulları ilə tanış olacaqlar.
 İl ərzində yüksək ixtisaslı fəhlə kadrlar hazırlamaq imkanına malik olan Təlim-Tədris Mərkəzi zəngin elmi-texniki ədəbiyyatın toplandığı kitabxana, 45 yerlik yeməkxana, linqafon və müşavirə otaqları, həmçinin təlim ustaları və nəzəri tədris mütəxəssisləri üçün xüsusi otaqlarla təmin edilib.
Sumqayıt Təlim-Tədris Mərkəzi ARDNŞ-nin Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən idarə olunacaq. Hazırda İdarə tərəfindən TTM-ə yüksək ixtisaslı, səriştəli müəllimlər və ustalar cəlb olunub.
Sumqayıtda ilk müasir Təlim-Tədris Mərkəzi ilə tanış olan ARDNŞ prezidenti Rövnəq Abdullayev gənc fəhlə kadrların hazırlanmasında yüksək nəticələrə nail olunması üçün muvafiq məsləhət və tövsiyələrini, göstərişlərini verib.
Mərkəzin açılış mərasimində Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov, Qafqaz Universitetinin rektoru Ahmet Sanıç və universitetin müəllim heyəti, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Sumqayıt Texnologiya Parkının, "Azgüntex" və "Azkompozit" zavodlarının, "Azərboru" və "Superfosfat" ASC-nin, Sumqayıt Kimya-sənaye parkının, Karbamid zavodunun və ARDNŞ-nin müvafiq strukturlarının rəhbərləri, Sumqayıt ictimaiyyətinin, həmçinin respublikanın televiziya və mətbuat nümayəndələri iştirak ediblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF