Barış və sülh olimpiadası

Prof.dr Minaxanım Təkləli Qafqaz Universiteti, Qafqaz Araşdırmaları İnstitutu
 
 Türkiyə ilə müxtəlif  ölkələr arasında sevgi, dostluq münasibətləri körpüsü qurulması, bununla dünya mədəniyyətlərinin bir-birinə yaxınlaşması və dünya gənclərinin sağlam barış ruhunun saxlanılması, onları bir saf amal ətrafında  birləşdirməsi məqsədilə artıq onuncu dəfə türk dili olimpiadası keçirilmişdir. Ənənəvi olaraq, hər il Türkiyədə keçirilən türk dili olimpiadası bu il 30 may - 14 iyun tarixləri arasında düzənləndi; ayrı-ayrı ölkələrdə türk dili çalışmaları edən, türk dilini öyrədən müəllimlər və 135 ölkədən olmaqla, 1500 nəfər yeniyetmə bir araya gəldi. Bununla bərabər, türk dili olimpiadasında müxtəlif ölkələrdən 20, Türkiyənin özündənsə 26 türkoloq alim Münsiflər Heyəti üzvü olaraq iştirak edirdi. Mən isə  Azərbaycandan dəvət olunmuş yeganə münsif idim.

 ... Olimpiadanın koordinasiya mərkəzi Qızılcahamamda yerləşirdi; Qızılcahamamla tale məni öncədən görüşdürmüşdü; 1999-da Osmanlı xanədanlığının 600 illiyinə həsr etdiyim "Qərbdən Şərqə..." kitabında bu kiçik məntəqəyə müraciət etmişdim; sonralar ermənicə Spitak adlandırılan Hamamlı şəhərindən bəhs edərkən... Nədənsə, daha doğrusu, fantaziyamın gücünə o yeri  əldən-ayaqdan uzaqda, qədim özünəməxsus adına qısılmış bir qəsəbə zənn etmişdim. Budur, Ankara altında bir unudulmuş bildiyim, amma əslində necə abad, hələ uzaqdan  fərəh oyadıcı məkan görünüşü ilə qəlbimi ələ alır. Yolboyu topa-topa şam ağacları, uzunömürlülük  simvolu qızıl şam ağacları şairanə bir orman mənzərəsi nəqş edir. Şam ağacları (bunlar bizdə sağlamlıq ağacı sayılan Eldar şamlarıdır) ilə örtülü təpənin döşündə eynilə (bəli, bu təsadüfi oxşarlıq deyildi) durna qatarı biçimində sıralanmış kotteclər... Münsiflər heyəti üçün ayrılmış bina tən ortada, bu gərilmiş quş qanadlarının sanki bir-birinə bitişdiyi mərkəzi yerdədir. Yerdən, torpağın təkindən çıxan qaynar mineral sular üzərində salınmış kurort şəhərciyi bizi candan əziz dost bilib ağuşuna alır.
Tərtib heyətinə prof. dr. Mehmet Sağlam - TBMM Başkan vəkili, TBMM Kültür, Sanat və Yayın Kurulu Başkanı - Başkan;  Bülənt Arınç - Başbakan yardımcısı və Hökumət nümayəndəsi;   Yıldırım Akbulut - əski başbakan - Vəhbi Dinçərlər - əski Millî Eğitim Bakanı  üzv olaraq daxil idilər. Dövlət rəsmiləri ilə bir sırada Türkiyənin böyük söz-sənət dünyasının nümayəndələri də bizimlə idi. Gündəlik aldığımız qəzetlər, maraqlandığımız internet səhifələri də onların - bizim ən çox ekranlardan görüşdüyümüz sənət nəhənglərinin ana dilinə verdiyi qiymət qəlbimizi riqqətə gətirirdi.
Olimpiadanın səmərəsi özüm üçün də bir yandan dünya türkoloqları ilə bir araya gəlmək, çoxdan qiyabi tanıdığım bəzilərini isə ilk dəfə görmək sevinci nəsib oldu. Xüsusən, prof. dr. Şükrü Haluk Akalın (Türk dili olimpiadalarının Bilim Kurulu başkanı), Mahmut Kaplan, Murat Özbay, prof. dr. Mehmet Tekin, prof. dr. Mustafa Özkan, dünyanın çeşidli ölkələrindən gəlmiş prof. dr. Ədürrəzzaq Rəfiyev (Özbəkistan), prof. Moğol (Pakistan), prof. Meyer Mihail Serefimoviç (Rusiya),  prof Səfsafi (Misir), prof. dr. İslam Zamaney (Qazaxıstan),  prof.dr. Ani Dobreva (Bolqarıstan) və s. yoldaşlarla görüşü qazandırdı mənə....
“İnsanlıq əl-ələ!” devizi altında keçən Uluslararası Türkcə Dərnəyi tərəfindən keçirilən bu böyük tədbir arzuların, istəklərin, amalların, nəhayət, qəlblərin və düşüncələrin birləşdiyi nöqtə idi. Bu mənada  “İnsanlıq əl-ələ!”, sadəcə, bir şüar deyil, dünyaca qardaşlaşa bilmənin xoş təcrübəsi idi; gənc iştirakçıların da dönə-dönə qeyd etdikləri kimi,  yeni bir aləm idi.     
Son illərdə artıq dünyanın ən yaddaqalan hadisələrindən sayıla biləcək türk dilinin bu bayram təntənəsi, necə deyərlər, bütün iştirakçılar kimi mənim də duyğularımı öz təsirinə alır, məni hədsiz qürurlandırırdı. Gözlərim önündə dünya türk dilində danışır, bir-biri ilə ünsiyyət qurur - bunlar məndən ötrü, sözün əsl mənasında, möcüzə idi. Lakin buradaca demək istərdim ki, bu möcüzə, əlbəttə, türk dilinin bütün dünyanı fəthi deyil, hər şeydən əvvəl, barış və sülhü, eləcə də hüzuru təmin edən bir tədbir demək idi. Heç də hər hansı bir şovinist xəyalların gerçəkləşməsi də deyildir. Bu türkcəmizin layiq olduğu yeri - dünya dilləri arasında öz yerini tutması yolunda başladılan xoşməramlı tədbir idi.
Hər birimizə aydındır ki, türkcənin təbliği barışın, insanlığın təbliğidir. Burada dünyanın dörd bir yanından gəlmiş böyük bir insan dənizinin türkcə dalğalandığını - danışdığını görürdüm... Təkcə 140-a qədər ölkənin yeniyetmələrimi? Biz özümüz də eyni dili qonuşuruq. Bundan da gözəl nə ola bilərdi?! Bir növ, dilimizin qadirliyi, zənginliyi, onun füsunkar cazibəsi, habelə mədəniyyətimiz, müəllimlərin fədakar əməyi nümayiş olunurdu burada; müəllimliyin ən şərəfli, ən dəyərli vəzifə olduğu bir daha təsdiqlənirdi. On il əvvəl 17 dünya ölkəsi gənclərinin iştirakı ilə start götürən bu xeyirxah iş artıq zirvə nöqtəsini fəth etmişdi.
Öncədən tanıdığım, Bakıda görüşmə şərəfinə nail olduğum ünlü şair Nurullah Gənc buna işarə ilə öz çıxışında  bu şərəfli missiyanı "yol" adlandırmaqla, “yolu tutub gedənlər var olduğu qədər də yol açanlar var...” deyə gəncliyə üz tutdu.
Beynəlxalq səviyyədə təqdim olunan və təməlində sevgi, səmimiyyət dayanan bu möhtəşəm tədbir böyük əks-səda oyatmışdı. Haqlı olaraq müxtəlif insanlar tərəfindən qeyd olundu ki, 140-dək ölkədən çıxan bugünkü uşaqlar gələcəyin həkimi, müəllimi, iş adamı, dövlətinin böyük məmuru olacaqdır. Demək ki, Türkiyənin bu qədər həkim, müəllim, iş adamı dostu olacaqdır. Həqiqətən, türkcəmizin birləşdirici gücə malik olacağına bərk inanıram; o gün yaxındadır.
       Buradakı fəaliyyətimizə gəldikdə deməliyəm ki, gənclər türk dilində danışma və yazı vərdişlərini nümayiş etdirməklə bərabər, onların qrammatikadan nitq tapşırıqlarını yerinə yetirməli, şeir söyləmə, səs, diksiya və nitq mədəniyyəti sirlərinə bələd olmaları yoxlanırdı. Bundan başqa, xalq rəqsləri, rəsm, kiçik tamaşalar, musiqi, dünyagörüşü müəyyənləşdirən suallarla sorğulanırdı. Toplam bunlar daxil olmaqla, 14 kateqoriyada çıxış edirdilər. Mənim birbaşa iştirak etdiyim əksəriyyətinin Afrika qitəsindən qatılan uşaqların türkcə sərbəst deyiləcək bir tərzdə danışmaları və Türkiyə haqqında öz ölkələri səviyyəsində qənaətbəxş məlumatları, xüsusən Keniyadan, Həbəşistandan, Somalidən gəlmiş gənclərin Türkiyə dövlətinə minnətdarlıq duyğularını dilə gətirmələri bizi də həyəcanlandırırdı.
Azərbaycandan 80 yeniyetmə 5 müəllimin rəhbərliyində təmsil olunurdu. Bu, Türkiyədən sonra ən böyük sayda təmsil olunmaq demək idi. Arada zarafat gəzir: olimpiadalarda daha qızıl medal qalmadı, Azərbaycan daşıyıb apardı. Olimpiadanın təşkilində olduğu kimi, bu işdə də ulu öndər Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamış “Çağ” Öyrətim İşlətmələrinin böyük əməyini təqdir etmək lazımdır.
Ulu türkcənin dünyaya yayılması, onun hər bir ucqar nöqtələrinədək nüfuz etməsi türk ruhunun, kültürünün, fəlsəfəsinin yayılmasıdır. Türk dili onun türk mənəviyyatının açarıdır; bu yaxınlaşma, dərin münasibətlərə aparan ünsiyyət türk mənəviyyatının uzaq guşələrədək  yürüməsi, düşüncələrdə oyanışıdır. Prof.dr. Şükrü Akalın dediyi kimi, bu təkcə türkcənin dünyaya yayılması demək deyildir, həm də türk ədəbiyyatının, kültürünün, ənənələrinin dünyanın hər yerinə siraət etməsidir.  Bildiyimiz kimi, dil mühüm məsələdir; əgər bu gün gənclik kitabdan uzaqlaşmaqdadır” söylənilirsə, artıq belə tədbirlərin reallaşması ilə məhz bu dövrdə kitaba maraq da güclənmək üzrədir. Odur ki, bu ülvi amalların, amacımız və məqsədimizin həyata vəsiqə alması yalnız bunların dövlət səviyyəsində təsdiq olunmasından asılıdır.
Türkiyə BMM-in başkanı Cemil Çiçek türk dilinin yüksəlişindən aldığı bir coşqunun təsiri ilə: “Buradan kənara çıxın, şəhərin içində türkcənin yüksəlişindən xəbər-ətər yox, baxın idarə-müəssisə adları, reklamlar, bildirişlər hər şey yabançı...”
Düz sözə nə deyəsən?! Doğma Bakımızın yad mənzərələri yadıma düşür. Haqlı iraddır. Axı insan öz doğma mühitini niyə öz qəlbini sıxacaq qədər yadlaşdırmalıdır?!
Final yarışlarının keçirildiyi on minlərlə insanın ləbələb doldurduğu Ankara böyük idman sarayı türkcə şeirin ətri ilə sanki məst olmadadır. Salon Bəxtiyar Vahabzadənin, Nazim Hikmətin, Fəthullah Gülənin, Nurullah Gəncin könülləri coşduran, lakin həm də onu təmiz, saf bir aləmə qovuşduran cazibədar şeirləri ilə nəfəs alır. Sanki minlərlə insan ilk baxışdan adi, sakit tövrü  ilə uşaqların köksündən qopan min-min arzunun, istəyin tərənnümü olan kəlmələrin qopardığı sehrli bir təlatümdədir; türkcənin bu dadlı nəğmələri onun ruhunu gah düşüncələr qoynunda xəyallar aləminə çəkir, gah da bir əsgər kimi tüğyana gətirib həyəcana salır.
Bizim bir arada olduğumuz həmin günlərdə Əbdürrəhman Karakoçun ölüm xəbərini aldıq. Bir görüşümüzdə onun xəstə olduğu xəbərini aldıqda sağlığına dua edib, şəfalar diləmişdik. Növbəti yığıncağımızda isə şairin vəfatı xəbərini eşitməli olduq. Bir öyrəncinin Karakoçun şeirlərini dilə gətirməsi burada bu an, əlbəttə, şairə qədr-qiymətdən xəbər verirdi.
 Tədbirin bağlanış mərhələsi yaxınlaşır, vaxt daralır. Belə günümüzün biri də türkoloji çalıştaya həsr olunur. Türkcə olimpiadaların keçirilməsi ilə bağlı mühüm məsələlər gündəliyə daxil edilmişdir; tədbirin əhəmiyyəti, ondan gözlənilən nəticələr, gələcək planlar geniş müzakirə olundu. Düzdür, burada nə türk dilinin əski çağları, nə də yeni mərhələləri, problemləri araşdırılmayacaq deyilsə də, amma bugünkü işlər  o böyük məsələlərin həllinə yol açmaqdadır..
Çalıştayda işbirliyi imkanları araşdırıldı; bu olimpiada sahələrinə uyğun türkcə araşdırmalar aparmaq türk dilinin tədrisi ilə, onun yüksəldilməsi ilə bağlı nələr var və nələri yapmaq olar? məsələləri qoyuldu. Bu mənada xaricdə türkcəni yaxşılaşdırmaq yolunda yaz və qış məktəblərinin açılması, xüsusi müəllimlər hazırlanması əsas işlərdən hesab olundu. Ümidləri doğrultmaq lazım gəlir. Gələnilki olimpiadanın işini daha yaxşılaşdırılması yönündə bir çox məsələlər gözdən keçirilərək incələndi.
 Hamı dinlənildi; bunun əsasında sonda qərarnamə qəbul edildi. Sevinirəm ki, gələcək tədbirlər planında təkliflərim özünə yer aldı. Bir vaxtlar dar bir küncə sıxışdırılan Ana dilim... Yad dillərin kölgəsində Ana dili statusundan  məhrum olan dilim... Bütün bunlarla bərabər bu gün də yox olmaq təhlükəsi ilə üz-üzə dayanmış bir sıra türk dilləri var. Ruhoyadıcı, təsiredici faktordur: ölməkdə olan dillərə təsiri çox olacaq. Türkcəyə sayğı bütün türksoylu xalqların dillərinə də sayğı deməkdir; bu tədbir, heç şübhəsiz, onların da canlanmasına, dəyər qazanmasına yardım edəcəkdir. Ortaq türkcəmizin irəliləməsi üçün digər türk xalqları ədəbiyyatından da mühüm ortaq örnəkdən istifadəni zəruri edir. Bir də unutmayaq ki, ortaq türk dili amalımızın istənilən səviyyədə gerçəkləşməsi  məhz belə tədbirlər sayəsində baş tutacaqdır. Olimpiada sonda bizi böyük amala - ortaq türk ideyasına yaxınlaşdıracaqdır. Bu mənada türk dili olimpiadasından gözlədiklərimiz çoxdur. Onun  fəaliyyətindən böyük nəticələr gözləməkdəyəm.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=44188

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF