Niksarda mədəniyyət-sənət həftəsi uğurla başa çatmışdır
Niksar Tokatın Qara dəniz sahilində ən gözəl şəhərlərindən biridir,
Kəlkit vadisində, Qızılirmaq çayının sahilində, dağlar qoynunda
yerləşir, eynilə bizim Qarabağ kimi. Niksarın dağları başdan-başa
yamyaşıl meşələrdir. Hər il iyun-iyul aylarında dünyanın dörd tərəfində
yaşayan niksarlılar buraya gəlir, Niksarda yaşayan qohumları ilə bərabər
"Yaylaq şənlikləri"ndə iştirak edirlər. Niksar ən çox Qarabağın Füzuli
şəhərinə bənzəyir. Evlər Füzulidəki kimi dağların döşündədir, küçələr
dolanbacdır. Şəhəri gəzdikcə elə bilirik, Niksarda deyilik, Füzulidəyik.
Birdən-birə qəlbimizə bir həsrət, kədər dolur.
1544-cü ildə Çaldıran müharibəsindən zəfərlə geri dönən Yavuz Sultan
Səlim Ramazan bayramını Niksarda keçirmişdir. "Niksar tarixi" kitabını
oxuyarkən istər-istəməz insanın əhvalı pozulur, iki qardaşın bir-biriylə
vuruşması insanı kədərləndirir. Milli Məclisin deputatı, professor
Y.Mahmudovun böyük zəhmətlə yazdığı və dəyərli elmi bilgilərlə dolu olan
"Azərbaycan diplomatiyası" kitabındakı bir cümlə bu müharibənin
səbəbini açmağa imkan verir. Y.Mahmudov yazır ki, Qərb diplomatiyası iki
qüdrətli Şərq dövlətinin - Osmanlı və Səfəvi dövlətlərinin bir-biriylə
müharibəyə cəlb edərək zəiflədilməsinə yönəldilmişdi. Bu, Şərqdə
müstəmləkəçilik siyasəti yeridən, Osmanlı imperiyasını zəiflətməyə
çalışan Avropa dövlətlərinin mənafeyinə uyğun idi. Avropanın siyasi
xadimləri deyirdilər: "Nə qədər ki, Səfəvilər osmanlılara qarşı vuruşur,
xristian dünyası sülh və əmin-amanlıq içərisində olacaqdır". Bu gün
həyat göstərdi ki, Avropanın siyasi xadimlərinin arzusu ürəklərində
qaldı. Bu gün Azərbaycan-Türkiyə bir millət, iki dövlət olaraq sülh və
barış içində yaşamaqdadır.
1918-ci ilə qədər Niksarda bir çox tarixi hadisələr olmuşdur. 1918-ci
il oktyabr ayının 30-da Mundros sülh müqaviləsi imzalanan zaman
Niksarda yaşayan yunanlar və ermənilər qarışıqlıqdan istifadə edərək çox
sayda türkü qətlə yetirmişlər. Xüsusilə, Niksarda yaşayan ermənilər
buranın sakinləri ilə qaynayıb-qarışsalar da, yerli camaata qarşı çox
qəddarlıq etmiş, ən qorxunc cinayətləri törətmişlər.
1918-ci ildə Niksarın vətən sevgisi ilə alışıb-yanan igidləri
Çanaqqala, Azərbaycan, Balkan döyüşlərinə gedərək vətən üçün şirin
canlarından keçmişlər. 1918-ci ildə Nuru paşanın ordusunda Erba,
Rəşadiyə, Zilə və Niksar bölgələrindən könüllü olaraq Bakıya gələn
insanlar olmuşdur. Biz bu məlumatı Bakıda fəaliyyət göstərən Qafqaz Universitetinin eyni adlı araşdırma institutunun nəşr etdiyi "Azərbaycan
Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu" kitabından aldıq. Öyrəndik
ki, Niksardan Bəkir Durmuş və Həsən Saleh Nuri paşanın başçılıq etdiyi
Qafqaz İslam Ordusuna könüllü olaraq yazılmışlar. Bəkir Niksarın
Kalonlu, Həsən isə Bumalan oğulları nəslindən idi. Niksarda hər
gördüyümüz insan həmyerlilərinin Azərbaycanın müstəqilliyi uğrundakı
döyüşlərdə Bakı şəhərində şəhid olmalarını qürurla söylədilər.
Hər il fəslin bu vədəsində qədim şəhərdə "Niksarın fidanları" adlı
mədəniyyət-sənət həftəsi keçirilir. Bu həftə ərzurumlu Aşıq Əmrah və
Niksar şairi Cahid Küləbinin xatirəsinə həsr olunmuşdur. Aşıq Əmrah
haqqında ətraflı məlumatı Azərbaycanın dünyada məşhur olan alimi,
Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Xalıq
Koroğlunun 1983-cü ildə Moskvada nəşr edilən "Türk aşıq şeiri"
kitabından öyrəndik. X.Koroğlu yazır ki, Aşıq Əmrahın həyatı haqqında
məlumat azdır. Aşıq haqqında əfsanə və rəvayətlərdən məlum olur ki,
XVIII əsrin 70-ci illərində Ərzuruma yaxın bir kənddə doğulmuşdur. Aşıq
Əmrah Şərqi Anadolunu addım-addım gəzmişdir. 1840-cı ildə Sivasa gəlmiş,
oradan Niksara keçmiş, ömrünün sonunadək Niksarda yaşamış, 1860-cı ildə
Niksarda vəfat etmişdir. Niksarlılar çox sevdikləri Əmrahın məzarı
üstündə abidə ucaltmışlar və hər il onun xatirəsinə toplantılar
keçirirlər.
Cahit Küləbi Türkyənin məşhur şairlərindəndir. 1917-ci ildə
doğulmuşdur. Həm Türkiyədə, həm də Avropada yüksək vəzifələrdə
işləmişdir. Ankarada Türk Dil Qurumunda nəşriyyat və tanıtma bölümünün
sədri olmuşdur. Çox sayda şeir kitabları, publisistik yazıları var.
Şeirləri xalq ədəbiyyatı üslubunda yazılmışdır, eyni zamanda, sərbəst
şeir usulundan istifadə etmişdir. Türk xalqının tarixi onun şeirlərinin
mövzusu olmuşdur. Əsərlərində sevgi, dostluq, qardaşlıq şirin bir dillə
göstərilmişdir. O, şeirlərində insanları barışa, sülhə səsləyir,
müharibələrə qarşı üsyan bayrağını qaldırır. C.Küləbinin əsərlərinə
Türkiyənin məşhur bəstəkarları musiqi bəstələmişlər. Buna misal olaraq
"Atatürk Qurtuluş Savaşında" aratoriyasını göstərmək olar. Əsərin
musiqisini Türkiyənin məşhur bəstəkarı Nevit Kodallı yazmışdır. Cahit
Küləbini Azərbaycanda da yaxşı tanıyırlar. Onun şeirləri Azərbaycanda
jurnallarda və şeir antologiyalarında dərc edilmişdir. Aşıq Əmrahın da
şeirləri jurnal və kitablarda işıq üzü görmüşdür. Misal üçün,
"Azərbaycan" jurnalının 1978-ci il 12-ci nömrəsində Aşıq Əmrahın
şeirləri dərc edilmişdir. Şeirləri Azərbaycan dilinə şair Məmməd Aslan
çevirmişdir. Başqa kitab və almanaxlarda da Aşıq Əmrahın şeirlərinə rast
gəlmək mümkündür.
Niksarda keçirilən mədəniyyət-sənət həftəsinə Azərbaycandan da
nümayəndələr dəvət olunmuşdular. Onu da deyək ki, toplantıda çıxış
edənlərin əksəriyyəti Azərbaycandan, onun mədəniyyətindən, Qarabağ
hadisələrindən danışdılar. Niksarın bələdiyyə başqanı Duran Yadigar
Azərbaycanı çox sevdiyindən, şairlərdən Nizamini, Xaqanini, Nəsimini,
Füzulini, Vaqifi, Natəvanı, M.Müşfiqi, B.Vahabzadəni, M.Arazı sevərək
oxudugundan danışdı.
Toplantının təşkilat komitəsinin sədri, "Kümbət" jurnalının redaktoru
şair-yazar Həsən Akar Qarabağa - Xarı bülbülə həsr etdiyi kitabından
söz açdı. Şair Yəhya Akengin Azərbaycana həsr etdiyi şeirlərini oxudu və
dedi ki, hər il Azərbaycana gedir, Azərbaycan onun ikinci vətənidir.
Bakı Dövlət Universitetinin müəllimi, şair Sona Çərkəzin çıxışı
alqışlarla qarşılandı. Osman Qazi Universitetinin müəllimi, dosent
T.Əliyeva çıxışına B.Vahabzadənin "Azərbaycan-Türkiyə" şeiri ilə
başladı. Onun əlindəki Azərbaycan-Türkiyə bayrağı uzun müddət
alqışlandı. T.Əliyeva çıxışında Azərbaycan-Türkiyə dostluğundan söz
açaraq bildirdi ki, bütün yasaqlara baxmayaraq bu dostluq hər zaman
olmuş və bundan sonra da davam edəcəkdir. T.Əliyeva çıxışının sonunda
Azərbaycanın unudulmaz şairi Məmməd Arazın yaradıcılığından söz açdı və
sözünü "Azərbaycan-dünyam mənim" şeiri ilə bitirdi.
Almaniyanın Frankfurt şəhərindən gələn türkoloq Regina Höfer bu
toplantı üçün təşəkkür etdikdən sonra Azərbaycan mədəniyyəti haqqında
ətraflı söhbət açdı.
Sabahı günü toplantı iştirakçıları yaylaq şənliyində oldular.
Bələdiyyə başqanı Duran Yadigar çıxışında yenə də Azərbaycan-Türkiyə
dostluğundan danışaraq dedi ki, Qarabağ haqqında filmə baxdım, orada
Qarabağın ən gözəl şəhəri olan Şuşanı, Cıdır düzünü, Topxana meşəsini,
İsa bulağını, Kirs dağını, yaylaqları göstərdilər. Qarabağ işğaldan azad
olsun, belə bir şənliyi Şuşada, Cıdır düzündə keçirək. O zaman böyük
bir dəstə ilə Niksardan Şuşaya gedəcəyik. Bələdiyyə başqanının çıxışı
uzun müddət alqışlandı.
Duran Yadigarın çıxışı Azərbaycan nümayəndə heyətini duyğulandırdı.
Əslən Ermənistandan olan və 1948-ci ildə ailəsi Ermənistandan sürgün
edilən, repressiya qurbanı şair Sona Çərkəz çıxışında Ermənistanda qalan
dədə-baba yurdlarından söz açdı. Göyçəni, Göyçənin yaylaqlarını, Göyçə
gölünün gözəlliyini dilə gətirdi və qərib ellərdə qalan gözü yaşlı yurd
yerlərimizə həsr etdiyi şeirlərini oxudu.
Yaylaq şənliklərində Makedoniyadan, Kərkükdən və Türkiyənin müxtəlif
şəhərlərindən gələn şairlər şeirlərini oxudular, müğənnilər konsert
verdilər.
Tamilla ƏLİYEVA,
"Azərbaycan" qəzetinin Türkiyə təmsilçisi
Niksar