“Qafqaz”da məzun gecəsi
Ürfan Məmmədli | u.memmedli@zaman.az | ||
“Qafqaz”da məzun gecəsi |
O vaxtdan 35 il keçib. Məzun olduğum günü isə yadıma sala bilmirəm. Amma 11 iyun 1981-ci il tarixi mən yaşadıqca mənimlə bir yaşayacaq. (Təsadüfə baxın, bu gün həmin tarixin 30 yaşı tamam olur). O gün diplom müdafiə edib ali təhsil almaq üçün son borcumu vermişəm. Bəlkə, mənim məzun gecəm elə həmin 11 iyun günüdür, bilmirəm. Hərənin bir məzun günü var idi. Çünki hər gün son kurs tələbələrindən yalnız 4-5 nəfəri diplom müdafiəsinə buraxılırdı və bununla da ali məktəbi bitirmiş olurdu. Hər halda o vaxt bizi məzun kimi yola salmadılar. İndi, deyəsən, ölkə universitetlərində vəziyyət dəyişib. Tələbəyə tələbə kimi, məzuna məzun kimi dəyər verirlər. Bəlkə də, bütün universitetlərdə belə deyil. Amma əminliklə söyləyə bilərəm ki, Qafqaz universitetində tələbələrə və məzunlara övlad münasibəti var.
İyunun 8-də Qafqaz universiteti 530 övladına məzun diplomu verdi. Təntənəli bir yolasalma mərasimi keçirildi. Bu sətirlərin müəllifi də dəvətlilər arasında idi. Adətən, biz qəzetçilər bu cür tədbirlərə informasiya toplamaq məqsədi ilə gedirik. Amma o gecənin mənim üçün başqa önəmi var idi. Çünki “Qafqaz”ın yola saldığı o 530 məzundan biri də mənim övladım idi. Məzun gecəsində keçirdiyim hissləri sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Ya söz tapa bilmirəm, ya da o hissləri ifadə edə biləcək söz yoxdur. Məncə o hissləri olduğu kimi çatdırmaq mümkün deyil. Bunun üçün bir valideyn kimi həmin gecədə iştirak etmək lazım idi. “Qafqaz”ın mənim övladıma öz övladı kimi qayğı göstərməsi məni yamanca kövrəltdi. Universitetin rektoru professor Ahmet Saniç bəyin dediyi “Əziz valideynlər, minbir əziyyətlə boya-başa çatdırdığınız və 5 il əvvəl Qafqaz universitetinə əmanət etdiyiniz övladlarınız artıq canımız qədər sevdiyimiz Azərbaycana xidmət etmək üçün hazırdırlar”, sözləri qulaqlarımda elə bir uğultu yaratdı ki, harada olduğumu belə unutdum. Hörmətli rektorumuzdan bu yazı vasitəsi ilə üzr istəyirəm. Çünki həmin cümlələrdən sonra dediklərini bir müddət eşidə bilmədim, eşitməyi bacarmadım. Mənə elə gəldi ki, Ahmet bəy elə birbaşa mənə xitab edir və deyir ki, buyur, 5 il bundan əvvəl bizə şagird səviyyəsində verdiyin övladını mütəxəssis kimi təhvil al. Bu “mükafatı” alandan sonra adamın dili tutulmazmı, qulağı batmazmı, boğazı qurumazmı? Bax mən də o vəziyyətdə idim. Bu halım mənim üçün nə qədər şirin olsa da, kənardakıların bunu hiss etməsini, görməsini istəmirdim. Çünki həm utanardım, həm də bu aləmdən ayrıla bilərdim. Axı, o anda orada, o sehirli aləmdə qalmaqdan böyük xoşbəxtlik ola bilməzdi. Düzünü deyim ki, bu xoşbəxtliyi heç kimlə bölüşmək istəmirdim, hamısının mənim olmasını istəyirdim. Yaxşı ki, yanımda oturanların diqqəti çıxışçıya yönəlmişdi, mənə mane olmadılar. Hannan-hana o sehirli dünyadan çıxıb məzun gecəsinə qayıda bildim. Gecədə kimlər iştirak etmirdi? Dövlət rəsmiləri, digər universitetlərin rəhbərləri, millət vəkilləri, “Qafqaz”ın ötən illərdə yola saldığı məzunlar və s. Və bir də mərasimin özünün təşkili. Bütün bunlar universitetin öz yetirmələrinə, övladlarına, məzunlarına verdiyi dəyərin təzahürü idi.
Mərasimdə çıxış edənlərin hamısının bu cür yolasalmadan təsirləndikləri hiss olunurdu. Hər kəs sevincini bölüşürdü. “Qafqaz”ın tələbələrinə göstərdiyi qayğı haqqında kifayət qədər məlumatım var idi, amma son akkord daha kövrək notlarla qəlbimə yazıldı. Bir anlığa özümü toy məclisində hiss etdim. Mənə elə gəldi ki, “Qafqaz” qızını gəlin köçürən atadır, o övladını başqa ocağa yola salır, amma tez-tez görüşəcəklərindən də əmindir. Çünki, necə övlad yetişdirdiyini özü də yaxşı bilir.
Yazımın əvvəlində dediyim kimi, mən də ali məktəb bitirmişəm, amma məzunluq ləzzəti yaşaya bilməmişəm. 30 il sonra da olsa, bu ləzzəti “Qafqaz”da daddım. Buna görə universitetin rəhbərliyinə ən içdən gələn təşəkkürlərimi bildirir, bütün valideynlərə belə məzun gecələri arzulayıram.