Akademik Arif Paşayev “İlin elm adamı” fəxri adına layiq görülüb

Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayev Qafqaz Universitetinin professor-müəllim və tələbələri arasında keçirilən sorğuya əsasən “İlin elm adamı” fəxri adına layiq görülüb.
AzərTAc xəbər verir ki, bununla əlaqədar dünən Milli Aviasiya Akademiyasının elmi şurasında mükafatın təqdimetmə mərasimi keçirilib.
Tədbirdə akademik Arif Paşayev MAA-nın keçdiyi inkişaf yolundan danışıb, son illərdə bu ali təhsil ocağında elm və təhsilin keyfiyyətinin xeyli artırıldığını vurğulayıb. Arif Paşayev bildirib ki, hazırda akademiyada 350 müəllim çalışır, 2100 tələbə təhsil alır. Akademik xüsusi qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi sayəsində akademiya təhsil səviyyəsini artırmağa imkan verən yeni avadanlıqlar əldə edib. Hazırda akademiyada aviasiya ilə bağlı ixtisaslarla yanaşı, hüquq, iqtisadiyyat, logistika və digər ixtisaslar tədris edilir. Akademiya dünyanın ən mötəbər ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir, birgə layihələr həyata keçirir.
Qafqaz Universitetinin rektoru Əhməd Saniç rəhbəri olduğu ali məktəbin beynəlxalq əlaqələrindən, elmi fəaliyyətindən danışıb. Professor Ə.Saniç Milli Aviasiya Akademiyasında görülən işləri yüksək qiymətləndirib və burada başda akademik Arif Paşayev olmaqla elmin inkişafına böyük önəm verildiyini vurğulayıb.
Sonra Qafqaz Universitetinin rektoru Əhməd Saniç “İlin elm adamı” mükafatını akademik Arif Paşayevə təqdim edib və mükafatın akademikə Azərbaycanın elm və təhsilinin inkişafında göstərdiyi əvəzsiz xidmətlərə görə verildiyini vurğulayıb. Akademik Arif Paşayev mükafata görə Qafqaz Universitetinin rektoruna və kollektivinə minnətdarlığını bildirib və mükafatı, eyni zamanda, akademiya kollektivinin əməyinə verilən qiymət kimi qəbul etdiyini söyləyib.
Görüş çərçivəsində Milli Aviasiya Akademiyası və Qafqaz Universiteti arasında elmi-texniki əməkdaşlıq haqqında protokol imzalanıb. Sənəd iki ali təhsil ocağı arasında birgə layihələrin, elmi tədqiqat işlərinin, təkmilləşdirmə, təlim kurslarının, seminarların, elmi konfransların keçirilməsini nəzərdə tutur.
http://www.yeniazerbaycan.com/news/14269.html

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF