Qafqaz Universitetində dünyanın ən son mobil texnologiyası - 4G (LTE) avadanlığı olan laboratoriya açıldı
09 June, 2011
Azercell ilk dəfə buradan 4G üzərindən sınaqlarını keçirəcəkBu gün Qafqaz Universitetində dünyanın ən son mobil texnologiyası - 4G (LTE) avadanlığı ilə təmin edilmiş laboratoriyanın açılışı olub. Azercell Telekom MMC tərəfindən yaradılan bu laboratoriya Qafqaz Universiteti ilə müzakirələr və məsləhətləşmələr və tələbələrin istək və təklifləri nəticəsində formalaşdırılıb.
Azercell Qafqaz Universitetinə xüsusi hədiyyəsi olan bu laboratoriya da mobil rabitədə son üç nəsil texnologiya - 2G (GSM), 3G ( WCDMA/UMTS) və 4G (LTE) radio-baza stansiyaları qurulub. Bu, nəinki Azərbaycanda, ümumiyyətlə regionda bu səviyyədə və bu tipdə texnologiya ilə təchiz olunan ilk laboratoriyadır.
Dördüncü nəsil texnologiya sayılan LTE çox yüksək sürətli mobil İnternet – saniyədə 100 Mbit məlumat ötürülməsinə imkan verən şəbəkəyə çıxışı təmin edir. Bu avadanlıq Ericsson şirkəti tərəfindən təchiz olunan sınaq sistemidir. Hazırda dünyada 4G texnologiyasının məhdud dairədə tətbiq olunduğunu nəzərə alsaq, bu sistemin hansı önəm daşıdığını təsəvvür etmək olar.
Laboratoriyanın digər əhəmiyyəti ondadır ki, Azercell Telekom MMC məhz Qafqaz Universitetindəki bu Laboratoriyan ilk dəfə 4G üzərindən testləri həyata keçirəcək. Digər tərəfdən, belə bir Laboratoriyanın Qafqaz Universitetinin tələbələri qarşısında böyük yaradıcılıq imkanları açılır. Çünki texnologiyanın köməyilə bacarıqlı gənclərə müxtəlif məzmun və yeni xidmətlər yarada biləcəklər.
laboratoriya açılışında iştirak edən Azercellin prezidenti Ali Ağan əməkdaşlığa görə Qafqaz Universitetinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirdi: “Həmçinin, bu çətin işin ərsəyə gəlməsində əməyi olan Azercell əməkdaşlarına təşəkkür edirəm. Bu otaq sadəcə bir yenilik deyil, həmçinin şirkətimizin peşəkar kadrların inkişafına, nəzəri biliklərin təhsildə tətbiqi bacarıqların güclənməsinə və ən vacibi, ölkəmizdə təcrübəli və savadlı mühəndislərin yetişdirilməsinə verdiyimiz önəmin rəmzidir”.
Azercell Telekom MMC Azərbaycanda təhsilin inkişafına, təcrübəli kadrların yetişdirilməsi işinə heç vaxt yardımını əsirgəməyib. Şirkətin dəstəklədiyi sosial layihələr arasında təhsil sahəsinə aid olanları, xüsusilə də telekommunikasiya sahəsində təcrübəli kadrların yetişməsinə kömək edən təşəbbüslərə xüsusi yer verilib.
Qeyd etmək yerinə düşərdi ki, Azercell ilə Qafqaz Universiteti arasında neçə illik səmərəli əməkdaşlıq mövcuddur. Qafqaz Universitetinin tələbələri şirkətin innovativ Barama layihəsi çərçivəsində araşdırma aparıblar. Universitet tələbələri həmçinin, Azercellin Tələbə Təqaüdü proqramında da iştirak edirlər. Şirkətin mütəxəssisləri məhz Qafqaz tələbələri üçün Yeni Nəsil Texnologiyaları üzrə təlim keçir.
http://www.qu.edu.az/view_news.php?news=812&lang=az