Qafqaz Universitetində LTE avadanlığı olan laboratoriya qurulub
Azercell ilk dəfə buradan 4G üzərindən sınaqlarını keçirəcək
Qafqaz Universitetində dünyanın ən son mobil texnologiyası - 4G (LTE) avadanlığı ilə təmin edilmiş laboratoriyanın təqdimatı baş tutub. Azercell Telekom MMC tərəfindən yaradılan bu laboratoriya Qafqaz Universiteti ilə müzakirələr və məsləhətləşmələr və tələbələrin istək və təklifləri nəticəsində formalaşdırılıb. Azercellin Qafqaz Universitetinə xüsusi hədiyyəsi olan bu laboratoriya mobil rabitədə son üç nəsil texnologiya - 2G (GSM), 3G ( WCDMA/UMTS) və 4G (LTE) radio-baza stansiyaları qurulub. Bu, nəinki Azərbaycanda, ümumiyyətlə regionda bu səviyyədə və bu bahalıqda texnologiya ilə təchiz olunan ilk laboratoriyadır.Dördüncü nəsil texnologiya sayılan LTE çox yüksək sürətli mobil İnternet – saniyədə 100Mbit məlumat ötürülməsinə imkan verən şəbəkəyə çıxışı təmin edir. Bu avadanlıq Ericsson şirkəti tərəfindən təchiz olunan sınaq sistemidir. Hazırda dünyada 4G texnologiyasının məhdud dairədə tətbiq olunduğunu nəzərə alsaq, bu sistemin hansı önəm daşıdığını təsəvvür etmək olar. Laboratoriyanın digər əhəmiyyəti ondadır ki, Azercell Telekom MMC məhz Qafqaz Universitetindəki bu laboratoriyada ilk dəfə 4-cü nəsil texnologiya təmin edən avadanlıq quraşdırıb.
Digər tərəfdən, belə bir laboratoriyanın açılması Qafqaz Universitetinin tələbələri qarşısında böyük yaradıcılıq imkanları açılır. Çünki texnologiyanın köməyilə bacarıqlı gənclər müxtəlif məzmun və yeni xidmətlər yarada biləcəklər. Laboratoriyanın açılışında iştirak edən Azercellin prezidenti Ali Ağan əməkdaşlığa görə Qafqaz Universitetinin rəhbərliyi və əməkdaşlarına minnətdarlığını bildirdi: “Həmçinin, bu çətin işin ərsəyə gəlməsində əməyi olan Azercell işçilərinə də təşəkkür edirəm. Bu laboratoriya sadəcə bir yenilik deyil, həmçinin şirkətimizin peşəkar kadrların inkişafına, nəzəri biliklərin təhsildə tətbiqi bacarıqlarla güclənməsinə və ən vacibi, ölkəmizdə təcrübəli və savadlı mühəndislərin yetişdirilməsinə verdiyimiz önəmin rəmzidir”. Azercell Telekom MMC Azərbaycanda təhsilin inkişafına, təcrübəli kadrların yetişdirilməsi işinə heç vaxt yardımını əsirgəməyib. Şirkətin dəstəklədiyi sosial layihələr arasında təhsil sahəsinə aid olanları, xüsusilə də telekommunikasiya sahəsində təcrübəli kadrların yetişməsinə kömək edən təşəbbüslərə xüsusi yer verilib.
Qeyd etmək yerinə düşərdi ki, Azercell ilə Qafqaz Universiteti arasında neçə illik səmərəli əməkdaşlıq mövcuddur. Qafqaz Universitetinin tələbələri şirkətin innovativ Barama layihəsi çərçivəsində araşdırma aparıblar. Universitet tələbələri həmçinin, Azercellin Tələbə Təqaüdü proqramında da iştirak edirlər. Şirkətin mütəxəssisləri məhz Qafqaz tələbələri üçün Yeni Nəsil Texnologiyaları üzrə təlim keçir.
http://ucnoqta.az/sosial/35490.html