Tehranda və Türkiyədə "Vicdan susanda"...


Bir zaman "sovet adamının vicdanı susa bilməz" ittihamı ilə rastlaşmış Vidadi Babanlı indiki nailiyyətdən qonorar gözləmir
"Bu əsərə görə məni vaxtilə çox incidiblər"
"Mənə heç bir qonorar təklif edilməyib"

Tanınmış yazıçı Vidadi Babanlının populyar "Vicdan susanda" ikihissəli romanı Türkiyədə və İranda da nəşr edilib. Əsəri Türkiyə turkcəsinə Qafqaz Universitetinin əməkdaşı Ərdal Karaman çevirib.

   Tehranda çap olunan "Vicdan susanda" kitabı ərəb əlifbası ilə Azərbaycan dilində işıq üzü görüb. Bu barədə qəzetimizə V.Babanlının özü məlumat verib. Qonşu respublikalarda çap olunan kitabına görə V.Babanlıya hələlik heç bir qonorar ödənilməyib. Yazıçının sözlərinə görə, roman özünün yox, qarşı tərəfin təşəbbüsü ilə çap olunub: "Mənə heç bir qonorar təklif edilməyib. Açığı, bu barədə düşünmürəm də. Əsas odur ki, əsərim özünə daha çox oxucu qazanır. Bu iş onların təşəbbüsü ilə həyata keçirilib, ona görə də sizin dediyiniz kimi müqavilə imzalamamışıq. Bu əsərə görə vaxtilə məni çox incidiblər".

   Qeyd edək ki, Sovet dövründə yazılan "Vicdan susanda" ilk dəfə 1970-ci ildə 30 min tiracla çap edilib. Əsərin ikinci cildinin nəşri isə, düz 6 ildən sonra reallaşıb. 1976-cı ildə əsər 50 min tiracla oxuculara təqdim edilib. Bundan sonra "Vicdan susanda" düz 12 dəfə təkrar nəşr edilib, hər dəfə də 45-50 min nüsxə ilə. V.Babanlı bizimlə söhbətində bildirdi ki, romanın birici hissəsi çap olunandan sonra "heç bir vaxt sovet insanının vicdanı susa bilməz" ittihamı ilə onu işdən çıxarıblar, Hətta yazıçının partiyadan kənarlaşdırılması məsələsi də gündəmə gətirilib. "Vicdan susanda" çox oxunan bir roman kimi bütün SSRİ-də böyük şöhrət qazanmışdı. Əsər ötən əsrin 80-ci illərində 100 min tirajla Moskvada, böyuk tirajlarla Ukraynada, Tatarıstanda, Özbəkistanda və digər respublikalarda çap olunub.
   
İradə SARIYEVA

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF