Qafqaz Universitetində buraxılış gecəsi keçirildi
Dünən Qafqaz Universitetində “İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya” adlı məzuniyyət gecəsi keçirildi. Tədbirdə universitetin rektoru Ahmet Saniç, təhsil nazirinin müavini Elmar Qasımov, “Çağ” Öyrətim Şirkətinin prezidenti Ənvər Özərən, ombudsman Elmira Süleymanova, “Azercell” şirkətinin prezidenti Ali Ağan, eləcə də ölkəmizin digər tanınmış ziyalıları, ictimai xadimlər iştirak etdilər. Məlumat üçün deyək ki, bu il Qafqaz Universitetindən ümumilikdə 510 nəfər tələbə məzun oldu.
Mərasimdə çıxış edən Qafqaz Universitetinin rektoru Ahmet Saniç:“Fəxr edirəm ki, məzunlarımız yüksək bilik və bacarıqları, vətən sevgiləri ilə Azərbaycanımızın keşiyindədirlər. Hər bir valideyn buna görə qürur hissi keçirə bilər”, - dedi. Qafqaz Universiteti ümummilli lider Heydər Əliyevin əsəri olduğunu qeyd edən A. Saniç bu il “Qafqaz”ın 14-cü buraxılış gecəsinin keçirildiyini söylədi.
Təhsil nazirinin müavini Elmar Qasımov isə Qafqaz Universitetinin uğurlarından danışdı və buradan məzun olan şəxslərin gələcəkdə istər respublikamızda, istərsə də, dünyanın müxtəlif ölkələrində böyük uğur əldə edəcəklərinə ümidvar olduğunu söylədi. “Çağ” Öyrətim Şirkətinin prezidenti Ənvər Özərən isə universitetdən indiyəcən məzun olmuş gənclərin işlədiyi müəssisələrdən hər zaman onların yaxşı xəbərlərini aldığını bildirdi.
Qeyd edək ki, dünən universitetdə həmçinin dünyanın ən son mobil texnologiyası - 4G (LTE) avadanlığı ilə təmin edilmiş laboratoriyanın da açılışı oldu. Bu nəinki Azərbaycanda, ümumiyyətlə, regionda yüksək səviyyədə texnologiya ilə təchiz olunan ilk laboratoriyadır. Açılış mərasimində çıxış edən “Azercell” şirkətinin prezidenti Ali Ağan: “Bu laboratoriya həm şirkətimizin kadrlarının peşəkarlığının artırılmasına, həm də Azərbaycanda təcrübəli və savadlı mühəndislərin yetişdirilməsinə imkan verəcək”, - dedi.