Bakıda ensiklopedik alim Məhəmməd Nəsirəddin Tusinin 810 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir

Bakı, 16 iyun (AzərTAc). İyunun 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində ensiklopedik alim - filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi və hüquqşünas Məhəmməd Nəsirəddin Tusinin 810 illiyinə həsr olunmuş beynəlxalq konfrans işə başlamışdır. 
AzərTAc xəbər verir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi, AMEA Riyaziyyat və Mexanika İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan və Qafqaz Universitetlərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov Şərqin böyük mütəfəkkiri və alimi Məhəmməd Nəsirəddin Tusinin irsindən, onun müxtəlif elm sahələrinin inkişafına verdiyi töhfələrdən, əsərlərinin akademiyanın əməkdaşları tərəfindən mütəmadi araşdırılmasından danışmışdır. 
AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Akif Hacıyev “Nəsirəddin Tusi və onun dövrü” mövzusunda məruzəsində dahi alimin həyat və fəaliyyətindən ətraflı söz açmışdır. 
Bildirilmişdir ki, Nəsirəddin Tusi 1201-ci ildə Tus şəhərində anadan olmuşdur. İlk təhsilini atasından alan böyük alim, sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınmış alimlərinin - İbn Sina və Bəhmənyarın davamçılarının yanında hərtərəfli və dərin biliklərə yiyələnmişdir. 
Qısa vaxtda elmi mühitdə məşhurlaşan Nəsirəddin Tusi dövrünün bir çox alimləri kimi, elmin müxtəlif sahələrini dərindən mənimsəmişdir. Onun qələmindən çıxan yüzdən artıq əsər elmin astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrinə həsr olunmuşdur. Tusinin yaradıcılığında astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur. O, bu sahələrdə aparılmış iyirmidən artıq araşdırmanın müəllifidir. 
Riyaziyyatçı alimin ən məşhur əsərləri arasında "Bütöv çoxtərəfli haqda risalə”, "Lövhə və tozun köməyi ilə hesab toplusu", "Dairənin ölçüsü", "Evklid "Başlanğıc"ının təsviri" kimi kitablar diqqəti cəlb edir. Dörd hissədən ibarət "İlxanilərin astronomik cədvəlləri" əsəri isə alimin adını dünya astronomiya tarixinə salmışdır. 
Nəsirəddin Tusi sonralar ona dünya şöhrəti gətirən və bir çox dillərə tərcümə olunan, Şərq dünyasında etikaya dair "Əxlaqi-Nasiri" adlı məşhur əsərin müəllifi və öz həcminə görə Şərqin bütün məşhur rəsədxanalarını geridə qoyan, tətbiqi astronomiyanın inkişafında müstəsna rolu olan Marağa rəsədxanasının banisi kimi xüsusi rəğbət qazanmışdır. Onun əsərlərinə Bakı, Paris, Berlin, Vyana, Oksford, Kembric, Leypsiq, Münxen, Florensiya, Qahirə, İstanbul, Moskva, Sankt-Peterburq, Kazan şəhərlərinin muzey və kitabxanalarında rast gəlmək mümkündür. 
Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Rusiya, Fransa, Almaniya, ABŞ, İngiltərə, İsveçrə, Çin və digər ölkələrin nümayəndələrinin iştirak etdiyi tədbirdə “Dahi riyaziyyatçı”, “Tusinin dövründə kometlərin müşahidəsi haqqında”, “Nəsirəddin Tusi və onun riyazi, astronomik irsi”, “Nəsirəddin Tusinin elmi ədəbiyyata təsiri” və s. mövzularda məruzələri dinlənilmişdir. 
Tədbir çərçivəsində Nəsirəddin Tusinin İran İslam Respublikasında çap olunan əsərlərinin sərgisi keçirilmişdir. 
Konfrans iyunun 17-də işini davam etdirəcəkdir.

http://www.azertag.gov.az/index_az.jsp?id=10731&date=2011-06-16

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF