Qafqaz Universitetində LTE avadanlığı olan yeni rabitə laboratoriyası açılıb

"Azercell Telekom" Şirkətinin Qafqaz Universitetində yaratdığı   dünyanın ən son mobil texnologiyası - 4G (LTE) avadanlığı ilə təmin edilmiş yeni rabitə laboratoriyasının iyunun 8-də açılışı oldu. Açılış mərasimində "Azercell Telekom" MMC-nin prezidenti Ali Ağan, təhsil nazirinin müavini Elmar Qasımov, millət vəkilləri Vahid Əhmədov, Məlahət İbrahimqızı, Sevinc Hüseynova, Ceyhun Osmanlı və b. iştirak edirdilər. Rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra qonaqlar laboratoriya ilə tanış oldular. Onlara  məlumat verildi ki, Azercell-in Qafqaz Universitetinə hədiyyəsi olan laboratoriyada mobil rabitədə son üç nəsil texnologiya - 2G (GIM), 3G (WCDMA/UMTS)  və 4G (LTE) radio-baza stansiyaları qurulub. O, nəinki Azərbaycanda, ümumiyyətlə, regionda bu səviyyədə və bu tipdə texnologiya ilə təchiz olunan ilk laboratoriyadır.
Dördüncü nəsil texnologiya sayılan LTE çox yüksək sürətli mobil İnternet - saniyədə 100 Mbit məlumat ötürülməsinə imkan verən şəbəkəyə çıxışı təmin edir. Bu avadanlıq Ericsson şirkəti tərəfindən təchiz olunan sınaq sistemidir. Hazırda dünyada 4G texnologiyasının məhdud dairədə tətbiq olunduğunu nəzərə alsaq, bu sistemin hansı önəm daşıdığını təsəvvür etmək olar.
Laboratoriyanın bir əhəmiyyəti də ondan ibarətdir ki, "Azercell Telekom" MMC buradakı 4G avadanlığı üzərində testləri həyata keçirəcək. Digər tərəfdən, laboratoriya Qafqaz Universitetinin tələbələri qarşısında böyük yaradıcılıq imkanları açır. Çünki texnologiyanın köməyilə bacarıqlı gənclər müxtəlif məzmun və yeni xidmətlər yarada biləcəklər.
Laboratoriyanın açılışı münasibəti ilə mərasim iştirakçılarını təbrik edən "Azercell Telekom" MMC-nin prezidenti Ali Ağan əməkdaşlığa görə Qafqaz Universitetinin rəhbərliyinə, müəllim və  tələbə heyətinə minnətdarlığını bildirdi. Qeyd etdi ki, laboratoriya peşəkar kadrların inkişafına, nəzəri biliklərin təhsildə tətbiqi bacarıqlarının güclənməsinə və ən vacibi ölkədə təcrübəli və savadlı mühəndislərin yetişdirilməsinə şirkətin verdiyi önəmin rəmzidir.
Azərbaycanda təhsilin inkişafına xüsusi diqqət yetirən şirkətin dəstəklədiyi sosial layihələr arasında təhsil sahəsinə aid olanları çoxdur, xüsusilə də telekommunikasiya sahəsində təcrübəli kadrların yetişməsinə kömək edən təşəbbüslərə həmişə mühüm yer verilir.
Qeyd etmək yerinə düşərdi ki, "Azercell" ilə Qafqaz Universiteti arasında çoxillik səmərəli əməkdaşlıq mövcuddur. Universitetin tələbələri şirkətin innovativ Barama layihəsi çərçivəsində araşdırma aparıblar. Onlar həmçinin, "Azercell"-in Tələbə təqaüdü proqramında da iştirak edirlər. Şirkətin mütəxəssisləri məhz Qafqaz Universitetinin tələbələri üçün yeni nəsil texnologiyalar üzrə təlim keçirlər. 
Yusif ƏLİYEV

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF