«Çağ» Öyrətim İşlətmələri təhsildə ən yeni texnologiyaları tətbiq edir

Azərbaycan təhsilinin flaqmanı olan şirkətin müəssisələrində quraşdırılan elektron lövhələrin ölkəmizdə analoqu yoxdur.
 Fəaliyyətinin 20 ilini artıq arxada qoyan "Çağ" Öyrətim İşlətmələri şirkəti bu dövrdə Azərbaycanda təhsilin inkişafına böyük töhfələr vermişdir. Məqsədi ailəvi, milli və ümumbəşəri dəyərləri mənimsəyən, zamanın tələblərinə uyğun biliyə sahib olan, ölkəsini və xalqını hər zaman, hər yerdə layiqincə təmsil edə biləcək vətəndaşlar yetişdirmək olan şirkətin təhsil müəssisələrində oxuyan şagirdlər hər il beynəlxalq fənn olimpiadalarında ən yüksək nailiyyətləri qazanır, məzunları isə ali məktəblərə qəbul imtahanlarında ürəkaçan nəticələr əldə edirlər.
Təbii ki, bütün bu uğurların kökündə dayanan əsas amillər təhsildə keyfiyyətli idarəetmə sisteminin formalaşdırılması və tədris prosesində daim yeni texnologiyaların tətbiqidir. Bu gün "Çağ" Öyrətim İşlətmələri şirkətinin nəzdindəki bütün təhsil müəssisələri tətbiq etdikləri müasır tədris və təlim metodları ilə bərabər, beynəlxalq standartlara uyğun idarəetmə sistemini böyük uğurla həyata keçirir. Bununla da ümummilli lider Heydər Əliyevin "Azərbaycanla Türkiyə arasında qurulan ən sağlam körpü təhsil körpüsüdür" ifadəsinə əməli surətdə cavab verir və təhsildə keyfiyyətin daimi ünvanını qoruyub saxlayır.
Hər zaman təhsildə novatorluğu ilə seçilən "Çağ" Öyrətim İşlətmələri yeni tədris ilinə də ən son texniki yeniliklərlə qədəm qoyur. Bu yeniliklərdən biri şirkətin bütün təhsil müəssisələrinin "Ağıllı taxta" adlandırılan elektron lövhələrlə təmin edilməsidir. Digər bir yenilik isə bütün təhsil müəssisələrində elektron məktəb sisteminin yaradılmasıdır.
Sentyabrın 25-də "Çağ" Öyrətim İşlətmələri şirkətinin nəzdindəki təhsil müəssisələrində yeni informasiya texnologiyalarının tətbiqi ilə əlaqədar Bakı Özəl Türk Liseyində mətbuat konfransı keçirildi. Tədbiri giriş sözü ilə açan Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsud Kurnaz bildirdi ki, "Ağıllı taxta" adlandırılan elektron lövhənin tətbiqi ilə bağlı aparılan təcrübələr uğurla yekunlaşmışdır. Artıq yeni təhsil ilində "Çağ" Öyrətim İşlətmələri şirkətinin təhsil müəssisələrində 250 ədəd elektron lövhə quraşdırılmışdır.
Daha sonra tədris prosesində elektron lövhələrin tətbiqi ilə bağlı film nümayiş olundu. Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəis müavini Murat Topçu elektron məktəb sistemi barədə ətraflı məlumat verdi. Bildirdi ki, bu ildən başlayaraq "Çağ" Öyrətim İşlətmələri şirkətinin bütün təhsil müəssisələrində informasiyalar elektronlaşdırılıb. Bu o deməkdir ki, şagirdlərin dərslərə davamiyyəti, müəllimlərin dərs qrafiki, o cümlədən dərc cədvəlləri ilə bağlı dəftər və jurnallardan istifadəyə daha ehtiyac qalmayıb. İndi artıq hər bir informasiya və qeyd elektron formada təqdim olunur. Bu yeniliyin vasitəsilə hər bir valideyn dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq kompyuter vasitəsilə övladının dərsə davamiyyəti, nizam-intizamı, qiymətləri və təhsildəki nailiyyətləri barədə məlumat ala bilər. Bununla bərabər elektron təhsil sistemində şagirdlər barədə olan məlumat və qeydlər həm də rəhbərlik tərəfindən mütəmadi olaraq onların valideynlərinə göndəriləcək. Məktəb direktoru bu yeniliyin vasitəsilə sinif otaqlarına getmədən dərsin gedişatını və şagirdlərin davamiyyətini yoxlaya bilər. Müəllim isə məlumatların elektronlaşdırılması nəticəsində şagirdin hansısa bir fəndən əvvəllər hansı qiymətlər aldığını öyrənə bilər. Həmçinin buradan şagirdlərin digər fənlərdən aldığı qiymətləri də öyrənmək mümkündür. Bütövlükdə bu yeni texniki yenilik şagird barədə bütün məlumatları elektron şəkildə özündə cəm edir.
Murat Topçu qeyd etdi ki, elektron təhsil sistemi fənn kurikulumlarının tələblərinə də cavab verir. Çünki elektron təhsil sistemi vasitəsilə hər hansı fənn üzrə birdən artıq qiymətləndirmə mümkündür.
Tədbirdə çıxış edən "Çağ" Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Ənvər Özərən bildirdi ki, hazırda 10 liseyi, 1 gimnaziyanı, 1 ibtidai məktəbi, 13 ali təhsilə hazırlıq kursunu və 1 universiteti birləşdirən "Çağ" Öyrətim İşlətmələri Azərbaycan dövləti və xalqı tərəfindən göstərilən "Etimada sədaqətlə" devizinə uyğun olaraq böyük məsuliyyət hissi ilə təhsil həyatında yaxından iştirak edir. Ötən 20 ildə Azərbaycanda təhsilin inkişafında böyük rol oynamış şirkətin təhsil müəssisələrində oxuyan şagird və tələbələr savadlı, dünyagörüşlü, intellektual və vətənpərvər vətəndaşlar kimi yetişmişlər. "Çağ" Öyrətim İşlətmələri şirkətinin fəaliyyəti ölkə rəhbərliyi tərəfindən də daim yüksək qiymətləndirilmişdir.
Ənvər Özərən bildirdi ki, hazırda təhsil müəssisələrində 400 şagird pulsuz təhsil alır. O cümlədən, Qafqaz Universitetinə yüksək balla daxil olan tələbələr pulsuz və ya güzəştli əsaslarla oxuyurlar. İndiyədək şagirdlər beynəlxalq fənn olimpiadalarında 97-si qızıl olmaqla 500-dən artıq medal qazanıblar. Müəllim heyətinə gəldikdə, şirkət yeni fəaliyyətə başladığı dövrdə müəllim kontingentinin 85 faizini Türkiyədən gəlmiş müəllimlər təşkil edib. Bu gün isə "Çağ" Öyrətim İşlətmələrinin liseylərində çalışan müəllimlərin 83 faizi azərbaycanlılardır. Ali təhsilə hazırlıq kurslarında isə müəllimlərin 98 faizi azərbaycanlılardır. Ənvər Özərən bir məsələni də fəxarət hissi ilə diqqətə çatdırdı ki, "Çağ" Öyrətim İşlətmələrinin məzunları nəinki Bakıda, dünyanın bir sıra ölkələrində türk məktəblərində müəllimlik fəaliyyəti ilə məşğul olurlar. Onların arasında məktəb müdirləri olanlar da var.
Ənvər Özərən təhsil müəssisələrində aparılan tədris prosesi barədə də ətraflı məlumat verdi. Bildirdi ki, bütün məktəblərdə təlim və tədrisin səviyyəsi bərabər səviyyədədir. Hər hansı yenilik bütün təhsil müəssisələrində tətbiq olunur. "Çağ" Öyrətim İşlətmələri şirkəti tədris prosesində informasiya texnologiyaları vasitələrindən geniş istifadə edir və istifadə olunan kompyuter, video, audio və sair cihazların müntəzəm olaraq yeniləndirilməsinin qayğısına qalır. Bütün fənn otaqları, laboratoriyalar ən müasir elektron cihazlarla təchiz edilmiş və bu cihazlar tədris prosesində istifadə edilə biləcək lazımi proqramlarla təmin olunmuşdur.
Ənvər Özərən daha sonra qeyd etdi ki, bütün təhsil müəssisələrində şagirdlərin dərsi qavrama fəallığını daha da artırmağa imkan verən interaktiv elektron lövhələrin tətbiqinə başlanılıb. Lövhələrin alındığı şirkətlərin mütəxəssisləri şirkətə dəvət edilmiş, müəllimlərlə birlikdə 6 ay müddətində Azərbaycanın orta məktəb dərsliklərinə uyğun proqramlar hazırlanmış, dərsliklərin əsası interaktiv lövhələrin yaddaşına yazılmışdır. Həmçinin dəvət olunmuş mütəxəssislər tərəfindən tədris ediləcək fənlər üzrə müəllimlərin xüsusi seminarları keçirilmiş, müəllimlərə lövhədən istifadə edilməsi qaydası öyrədilmişdir. Hazırda bu lövhələr şirkətin bütün təhsil müəssisələrində istifadə edilməkdədir.
Çıxışının sonunda Ənvər Özərən dedi ki, Azərbaycan təhsilinin inkişafı və müasir Azərbaycan naminə "Çağ" Öyrətim İşlətmələri bundan sonra da səylərini əsirgəməyəcəkdir.
Qafqaz Universitetinin rektoru  Əhməd Saniç isə tətbiq olunan yenilikləri irəliyə doğru atılan addım olaraq dəyərləndirdi. Qeyd etdi ki, bu cür yeni informasiya texnologiyalarının tətbiqi tədrisin keyfiyyətini qaldırmağa kömək edəcək.
Yekunda tədbir iştirakçıları Bakı Özəl Türk Liseyinin sinif otaqlarında tədris prosesində elektron lövhədən istifadə olunmasına baxdılar.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan" 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF