“ÇAĞ” ÖYRƏTİM AZƏRBAYCANDAKI MÜƏSSİSƏLƏRİNƏ 250 ELEKTRON LÖVHƏ ALIB

 
Sentyabrın 25-də Bakı Özəl Türk Liseyində “Müasir Azərbaycan təhsilində yeni informasiya texnologiyaları” mövzusunda mətbuat konfransı keçirilib.
Tədbirdə “Çağ” Öyrətim İşlətmələri şirkətinin bütün müəssisələrinin maddi-texniki bazasının genişləndirildiyi vurğulanıb.
Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Mesut Kurnaz bildirib ki, “Çağ” Öyrətim İşlətmələri şirkəti tədris prosesində informasiya texnologiyaları vasitələrindən geniş istifadə edir və istifadə olunan kompüter, video, audio və sair cihazların müntəzəm olaraq yeniləndirilməsi qayğısına qalır: “Bütün fənn otaqları, laboratoriyalar ən müasir elektron cihazlarla, tütün tədris prosesimizdə istifadə edilə biləcək lazımi proqramlarla təchiz edilib”.




Onun sözlərinə görə, bütün müəssisələrdə bu dərs ilindən başlayaraq şagirdlərin dərsi qavrama fəallığını daha da artırmağa imkan verəcək interaktiv elektron lövhələrin istifadəsinə başlanılıb. Bunun üçün 250 ədəd elektron lövhə alınaraq sinif otaqlarına quraşdırılıb. Lövhələrin alındığı zavodların mütəxəssisləri şirkətə dəvət edilib, müəllimlərlə birlikdə 6 ay müddətində orta məktəb dərsliklərinə uyğun proqramlar hazırlanıb, dərsliklərin əsası interaktiv lövhələrin yaddaşına yazılıb. 
Bundan başqa, dəvət olunan mütəxəssislər tərəfindən tədris ediləcək fənnlər üzrə müəllimlərin xüsusi seminarları keçirilib, müəllimlərə lövhədən istifadə edilməsi qaydası öyrədilib. “İnteraktiv lövhələr şirkətimizin bütün müəssisələrində qurulub və hazırda istifadə edilməkdədir”,- deyə o bildirib.


Şirkətin rəis müavini Murat Topçu isə elektron məktəb sistemindən danışıb. Onun sözlərinə görə, bir neçə ildir ki, “Azərbaycan-Türkiyə Özəl Liseyləri elektron məktəb sistemi” sayəsində şagirdlərlə bağlı bütün bilgilər elektronlaşdırılıb. Belə ki, şagirdin fənnlərdən aldığı qiymətlər, göstərdiyi bilik səviyyəsi, eyni zamanda davranışları elektron jurnalda əksini tapıb. Müəllimlər, məktəb rəhbərliyi, hətta valideynlər onlara verilmiş parol vasitəsi ilə sistemə daxil olub şagirdlərin göstəricilərinə baxa bilərlər.


“Çağ” Öyrətim İşlətmələri şirkəti MMM-in İdarə Heyətinin sədri Enver Özeren isə bildirib ki, onların lisey və universitetlərində 400-ə yaxın şagird pulsuz və güzəştli təhsil almaqdadır. Həmçinin beynəlxalq olimpiadalarda iştirak edənlər təhsil haqqından azaddırlar: “Biz şagirdlərimizin yaxşı oxuması, təhsil alması üçün hər cür şərait yaradırıq. Onların vətənə layiqli övlad olmasına çalışırıq”.
Onun sözlərinə görə, indiyədək liseylərin şagirdləri ölkəyə 500-dən çox beynəlxalq dərəcəli medal qazandırıb ki, onlardan da yüzə yaxını qızıl medaldır. “Artıq müəllimlərimizin 83 faizi Azərbaycanda yetişmiş olan kadrlardır”,- deyə E.Özeren qeyd edib. O, elektron təhsil sisteminə keçid zamanı müəllim kollektivinin də bu işə hazır vəziyyətə gətirilməsinin uzun proses olduğunu vurğulayıb: “Həmin müəllimlər kurslara göndəriliblər. Hər il yay tətili zamanı müəllimlər müəssisənin hesabına ixtisasartırma kurslarına göndərilir və bununla kadrlarımız daim öz üzərlərində işləyirlər”.

“Qafqaz” Universiteti barədə danışan E.Özeren bildirib ki, liseylərinin məzunlarına bəyəndikləri ixtisas olduğu təqdirdə, elə bu universitetdə təhsil almağı məsləhət görür: “Biz xaricdə təhsili Azərbaycana gətirmişik. Bunun üçün əlavə xərc çəkib xarici ölkələrə getməyə ehtiyac yoxdur. Bizim müəllimlərin əksəriyyəti elə öz liseylərimizin məzunlarıdır. Bizim etdiklərimiz Azərbaycan- Türkiyə qardaşılığının ildən-ilə daha da möhkəmlənməsi üçündür”.

Qafqaz Universitetinin rektoru Ahmet Saniç isə bildirib ki, onlar liseylərində yeksək səviyyədə təhsil alıb, xarici universitetlərdə təhsillərini davam etdirən gəncləri də işləmək üçün Azərbaycana çağırırlar: “Ölkəyə gəlin və hizmət edin”.
Qeyd edək ki, tədbirdə elektron tədrisə və elektron lövhələrdən istifadəyə həsr olunan kiçik film də nümayiş etdirildi. Həmçinin mətbuat işçiləri elektron dərsliklərin quraşdırıldığı sinif otaqlarında, laboratoriyalarda olub tədris prosesini yaxından izlədilər.



Röya RƏFİYEVA
http://www.musavat.com/new/%C3%96lk%C9%99/133244-%E2%80%9C%C3%87A%C4%9E%E2%80%9D_%C3%96YR%C6%8FT%C4%B0M_AZ%C6%8FRBAYCANDAKI_M%C3%9C%C6%8FSS%C4%B0S%C6%8FL%C6%8FR%C4%B0N%C6%8F_250_ELEKTRON_L%C3%96VH%C6%8F_ALIB

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF