Sentyabrın 26-da təhsil naziri Misir Mərdanov Qafqaz Universitetinin rektoru Əhməd Saniç və Orta Doğu Texniki Universiteti texnoparkının müdir müavini Ufuk Batum ilə görüşüb.
Görüşdə Qafqaz Universitetində Orta Doğu Texniki Universitetinin dəstəyi ilə texnoparkın yaradılması məsələsi müzakirə olunub.
Qonaqları
salamlayan təhsil naziri Azərbaycanla Türkiyə arasında mövcud olan
əlaqələrin bütün istiqamətlərdə, eləcə də təhsil sahəsində sürətlə
inkişaf etdiyini bildirib. Misir Mərdanov Qafqaz Universitetində
texnoparkın yaradılması təşəbbüsünün təqdirəlayiq olduğunu bildirib, bu
təcrübəni Azərbaycanda ali təhsilin inkişafına yeni bir töhfə kimi
dəyərləndirib.
Qafqaz
Universitetinin rektoru Əhməd Saniç Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyi ilə aparılan əməkdaşlıq çərçivəsində ilkin olaraq
Sumqayıt texnoparkından istifadə olunmasının nəzərdə tutulduğunu
vurğulayıb. Bununla yanaşı, rektor Orta Doğu Texniki Universiteti
texnoparkının yaradılması təcrübəsindən istifadə etməklə Qafqaz
Universitetində müvafiq strukturun fəaliyyətinin təşkili məsələsinin
müzakirə olunduğunu söyləyib.
Orta
Doğu Texniki Universiteti texnoparkının müdir müavini Ufuk Batum
Türkiyədə ötən əsrin ikinci yarısından vüsət alan sənayeləşmənin texniki
ali məktəblərin fəaliyyətinin istehsalata uyğun qurulması ilə
nəticələndiyini bildirib. Ali təhsil müəssisələrində aparılan
elmi-tədqiqatların nəticələrinin istehsalat sahələrinə tətbiqinin
əhəmiyyətindən bəhs edən qonaq, həmçinin peşəkar mütəxəssislərin
yetişməsində bu təcrübənin əvəzsiz rol oynadığını vurğulayıb.
Azərbaycan
üçün yeni olan bu təşəbbüsün uğurlu nəticələr verəcəyinə inamını ifadə
edən Misir Mərdanov bu təcrübədən gələcəkdə digər ali məktəblərin də
bəhrələnəcəyinə ümidvar olduğunu bildirib. Nazir, həmçinin ali
məktəblərin texnoparklarının olmasını əlavə maliyyə təminatı,
elmi-tədqiqatların səmərəliliyinin artırılması və stimullaşdırılması
baxımından yüksək qiymətləndirib.