"Çağ" Öyrətim yeni texnologiyanın tətbiqinə başladı

Məsud Kurnaz: "Ümumilikdə 250 ədəd elektron lövhə alınaraq sinif otaqlarına quraşdırılıb"

Dünən "Çağ Öyrətim İşlətmələri" Şirkəti tədrisdə yeni informasiya texnologiyalarının tətbiqi ilə bağlı təqdimetmə mərasimi keçirdi. Xatırladaq ki, "Çağ" Öyrətim Şirkəti Azərbaycanda fəaliyyət göstərən bir sıra təhsil müəssisələrində və liseylərdə yeni texnologiyaların tətbiqinə start verib. Yeni proqram çərçivəsində builki tədris ilindən başlayaraq Bakı Özəl Türk Liseyində yeni informasiya texnologiyalarından istifadə edilir.
  
   "Həftə içi"nin məlumatına görə, tədbiri giriş sözü ilə açan Azərbaycan - Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsut Kurnaz dedi ki, təmsil etdiyi qurumun bütün təhsil ocaqlarında yeniliklərdən istifadə olunur. Onun sözlərinə görə, bu texnologiyalar yeni dərs ilindən başlayaraq şagirdlərin dərsi qavramaq fəallığını daha da artırmağa imkan verəcək.
  
   Məsut Kurnaz onu da bildirdi ki, interaktiv elektron lövhələrinin istifadə edilməsinə başlanılıb. Onun sözlərinə görə, ümumilikdə 250 ədəd elektron lövhə alınaraq sinif otaqlarına quraşdırılıb: "Müəllimlərlə birlikdə 6 ay müddətində Azərbaycan orta məktəb dərsliklərinə uyğun proqramlar hazırlanıb, dərsliklərin əsası elektron lövhələrin yaddaşına yazılıb. Dəvət olunan mütəxəssislər tərəfindən tədris ediləcək fənlər üzrə müəllimlərin xüsusi seminarları keçirilib. Müəllimlərə lövhədən istifadə qaydası öyrədilib, interaktiv lövhələr şirkətimizin bütün müəssisələrində qurulub və hazırda istifadədədir".
  
   Daha sonra Azərbaycan-Türkiyə Özəl Liseyləri baş idarəsinin rəis müavini Murad Topçu çıxış edərək təqdim olunan elektron lövhənin keyfiyyətləri barədə məlumat verdi. Tədbirin davamında interaktiv lövhələrin istifadəsindən bəhs edən qısametrajlı film nümayiş etdirildi.
  
   Təqdimat mərasimində çıxış edən "Çağ" Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən isə əldə olunan nailiyyətlər barədə ətraflı verdi. O, bildirdi ki, Azərbaycan təhsilindəki bu yeniliyin əldə olunması "Çağ Öyrətim İşlətmələri" şirkətinin inkişafının göstəricisidir. Onun fikrincə, müasir texnologiya tədrisin keyfiyyətini qaldırmağa kömək edəcək: "Elektron lövhələrədən istifadə nəticəsində valideynlər övladlaırnın davamiyyəti, bilik və bacarığı, gündəlik dərsə hazırlığı barədə ətraflı məlumat əldə edə biləcəklər. Yəni, təhsil müəssisələrində dərs jurnalları da artıq elektron formatda tətbiq olunacaq".
  
   Daha sonra "Çağ Öyrətim İşlətmələri" Şirkətinin prezidenti Ənvər Özərən rəhbərlik etdiyi təlim-tərbiyə müəssisəsinin təhsil sahəsində əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verdi. Dedi ki, məktəblilərin beynəlxalq fənn olimpiada və yarışlarından 97-si qızıl olmaqla yarışlardan ölkəyə gətirilən medalların sayı 542-yə çatıb. Ənvər Özərənin sözlərinə görə, əgər 20 il öncə şirkətin məktəblərində işləmək üçün müəllimlərin 85 faizi Türkiyədən gətirilirdisə, bu gün müəllimlərin 83 faizi Azərbaycanda yetişdirilən kadrlardır: "Bu gün təhsil müəssisələrində 400-ə yaxın şagird və tələbə pulsuz təhsil alır ki, onların da bəziləri qəbul imtahanında 600-dən yuxarı bal toplayanlar, bəziləri isə beynəlxalq olimpiadalarda yüksək nəticə göstərənlərdir".
  
   Tədbirin davamında qonaqlar sinif otaqlarına baxış keçirdi, dərs prosesini izləyərək interaktiv lövhələrlə tanış oldular.
    
Vüsal Tağıbəyli

http://online.hafta-ichi.com/v5//2012/09/26/read=76923

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF