“Ana dilimizi sevək, sevdirək”
Mingəçevir Özəl Türk Liseyində “Ana dilimizi sevək, sevdirək müsabiqəsi”nin final mərhələsi keçirilib. “Çağ” Öyrətim İşlətmələri Şirkəti və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən liseyin müdiri Elxan Əliyev dilimizi sevən və sevdirən müsabiqə iştirakçılarına uğurlar arzulayıb. O bildirib ki, məktəblilər arasında keçirilən belə yarışlar onların dilimizin incəliklərinə yiyələnmələrində önəmli rol oynayır. Elxan müəllim həmçinin bildirib ki, gələn il bu yarışmada Mingəçevirə yaxın rayonların şagirdlərinin iştirakı da nəzərdə tutulub. “Dilimiz varlığımız, dünənimiz, bu günümüz, sabahımızdır” sözləri ilə çıxışına başlayan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev belə vətənpərvərlik ruhunda yarışlar təşkil etdiyinə görə, “Cağ”ın rəhbərliyinə minnətdarlığını bildirib. Onun sözlərinə görə, bilik sahəsində əldə olunan hər bir uğurun təməlini ölkə başçısının bu sahəyə olan qayğısı təşkil edir. Qeyd edək ki, 5 nominasiya üzrə Mingəçevirin orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə keçirilən yarışda şəhərin 8 saylı məktəbinin şagirdi Şəbnəm Haqverdiyeva (mahnı kateqoriyası üzrə), Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin şagirdi Leyla Xudadanova (şeir nominasiyası üzrə) fərqləniblər. Qrammatika nominasiyası üzrə liseyin şagirdi Aytən Paşayeva, internet səhifəsi nominasiyası üzrə Mingəçevir Özəl Türk Liseyinin şagirdi Təbriz Məmmədov, inşa nominasiyasında 20 saylı məktəbin şagirdi Mirvari Səfərova birinci olublar. Qaliblər fevral ayında Bakıda keçiriləcək Respublika final mərhələsində Mingəçeviri təmsil edəcəklər. Tədbirdə bir qrup məktəb direktoru da Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsi tərəfindən fəxri fərmanlar təqdim edilib.Tədbirdə “Çağ” Öyrətim İşlətmələri Şirkətinin Prezidenti Ənvər Özərən də iştirak edib. | |
www.zaman.az / 01.02.2011 / Rafael Mayılbəy, Esmira Hidayətova Mingəçevir |