“Dilimiz bizim kimliyimizdir, pasportumuzdur”

Bu ana dilimizin təntənəsidir. Dilimiz bizə əmanətdir. Bu əmanəti gələcək nəsillərə çatdırmaq isə hər birimizin borcudur "
Dünən Gənc Tamaşaçılar Teatrında keçirilən 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr edilən “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin VIII ənənəvi respublika müsabiqəsinin yekun mərhələsində həyəcanlı anlar yaşandı. Təhsil Nazirliyi və “Çağ” Öyrətim İşlətmələrinin birgə təşəbbüsü ilə reallaşan bu möhtəşəm tədbir əsl dil bayramına çevrildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə açıq elan olundu. Mərasimdə çıxış edən təhsil nazirinin müavini Elmar Qasımov belə bir tədbirin keçirilməsinin əhəmiyyətindən söz açdı. Bildirdi ki, bu müsabiqəyə 2 mindən çox şagird qatılıb. O, bu müsabiqəni indiyədək məktəblərimizdə keçirilmiş müsabiqələrin kulminasiya nöqtəsi adlandırdı: “Bu ana dilimizin təntənəsidir. Dilimiz bizə əmanətdir. Bu əmanəti gələcək nəsillərə çatdırmaq isə hər birimizin borcudur. Bu həm də Heydər Əliyev ideyalarına sədaqətdir”. O, təmsil olunduğu nazirlik adından bu tədbirdə əməyi olan hər kəsə təşəkkürüni bildirdi. 
 Məlumat verildi ki, bu müsabiqə, bir qayda olaraq, məktəblilərin qrammatika, inşa, internet səhifəsinin hazırlanması, şeir və mahnı kateqoriyaları üzrə keçirilir. İlk üç kateqoriya üzrə yarışlara artıq yekun vurulmuş və qaliblər müəyyənləşdirilib.
Daha sonra səhnəyə mahnı və şeir nominasiyası üzrə iştirakçılar dəvət olundular. Səhnəyə ilk olaraq mahnı kateqoriyasının finalçısı - Xanım Əliyeva (Sabirabad 5 saylı məktəb) dəvət olundu. O, Tofiq Quliyevin “Axşam oldu” mahnısını tamaşaçılara təqdim etdi. Onun çıxışı alqışlarla qarşılandı. Şəbnəm Haqverdiyeva (Mingəçevir 8 saylı məktəb) “Azərbaycan”, Nigar İbadlı (Bakı Bülbül adına Musiqi Məktəbi) “Arşın mal alan”dan Asiyanın ariyası, Gültəkin Qaradağlı (Bakı Gimnaziya ATÖL) “Cənab leytenant”, Elvin Nağıyev (Gəncə 1 saylı məktəb) “Xalq Heydər söyləyəcək” mahnılarını təqdim etdilər. Ən çox alqışlar isə Gültəkin Qaradağlının ünvanına göndərildi. Şeir müsabiqəsində Mingəçevir Şəhər Liseyinin şagirdi Leyla Xudadanova  Əşrəf Şəfiyevin “Yarımçıq dərs”, Zaur Qasımzadə (Bakı 22 saylı məktəb) Zəlimxan Yaqubun “Səndən dili bilən olmaz”, Ballı Quliyeva (Bakı 45 saylı) Cabir Novruzun “Ana, qurban olum dualarına”, Aynur Məmmədova (Bakı Gimnaziyası ATÖL) Bəxtiyar Vahabzadənin “Gülüstan”, İlahə Sadıqova (Şirvan 9 saylı) Minayə Piriqızının “Şəhid adın mübarək” şeirlərini söylədilər. Ölkənin tanınmış mədəniyyət və incəsənət xadimlərindən təşkil olunan münsiflər heyətinin qərarı ilə mahnı müsabiqəsində Gültəkin Qaradağlı I, Nigar İbadlı II, Elvin Nağıyev III yerə layiq görüldülər. Şeir müsabiqəsində isə Aynur Məmmədova I, Leyla Xudadanova II, İlahə Sadıqova III oldular. Qaliblərə qızıl, gümüş, və bürünc medallar təqdim edildi.
“Çağ” Öyrətim İşlətmələri Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömləksiz Təşkilat Komitəsi adından müsabiqənin yekun mərhələsinədək keçən yola qısa bir nəzər salmaqla yanaşı, bildirdi ki, dil ünsiyyət vasitəsidir, dil millətin simasını səciyyələndirən amillərin birincisidir. O bildirdi ki, bu əslində bir bacarıq, istedad, qabiliyyət yarışıdır. Onun sözlərinə görə, ölkəmizdə Ana dilinin rəsmi dairələrdə işlək dilə çevrilməsi Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Daha sonra o, Bəxtiyar Vahabzadənin bu sözlərini xatırlatdı: “Dilimiz bizim kimliyimizdir, pasportumuzdur, dil yoxdursa, ölkə də yoxdur”.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli öz çıxışında bildirdi ki, bu tədbir Ana dilimizin bayramıdır. Onun sözlərinə görə, dilimizin təbliğinə yönəlmiş belə tədbirlərin mütəmadi keçirilməsi çox önəmlidir. Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov yarışmanın onda xoş anlar yaşatdığına görə, “Çağ”a təşəkkürünü bildirdi. Türkiyənin ölkəmizdəki səfiri Hulusu Kılıc da bu tədbirdən məmnun olduğunu dilə gətirdi: “Həqiqətən də möhtəşəm bir gecədir. Bu gecənin təşkilatçıları - “Çağ” Öyrətim İşlətmələri Şirkətinə və Təhsil Nazirliyinə təşəkkür edirik”. Onun sözlərinə görə, hazırda ana dili daha güclü təbliğ olunur, daha geniş istifadə olunur”. “Çağ” Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən: “Bu gecə buradakı mənzərə bizim bir ailə olduğumuzu göstərir. 2 min nəfər arasından seçilənlər burada çıxış etdilər. Bizə xoş anlar yaşatdılar. Əsas olan bu duyğuları yaşamaqdır”. “Ana dili bizləri yaşadır”, - sözləri ilə çıxışını davam etdirən Ənvər Özərən  daha sonra dedi ki, bu dili sevməklə yanaşı, onu sevdirmək də vacibdir. Bizim uşaqlar artıq bunu da bacarırlar”.
Qeyd edək ki, qaliblər müsabiqə təşkilat komitəsinin xüsusi sertifikatı, medalları və hədiyyələri ilə mükafatlandırıldılar. Bundan başqa, şeir və mahnı kateqoriyasında III mükafat alana 200, II mükafat üçün 250 və I mükafat üçün 350 manat verilib. 
http://www.zaman.az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF