Məleykə Abbaszadə:Ərizələrində əvvəlcədən 1-ci yerdə Qafqaz Universitetini yazmağı nəzərdə tutan yüksək bal toplamış abituriyentlər var
Bəzi özəl ali məktəblər bu tədris ilindən tətbiq olunan müstəqil maliyyələşdirmə mexanizmində iştirak etməkdən çəkiniblər. Məktəblərin bu prosesə cəlbini aktivləşdirmək üçün hansı tədbirlər görülməlidir?
- Məktəbləri aktivləşdirmək lazım deyil. Bu mexanizmə qoşulmayan özəl ali məktəblər faktiki olaraq, əvvəlcədən bəyan edirlər ki, onlar yüksək biliyi olan insanları öz məktəblərinə qəbul etmək istəmirlər. Yalnız pulu olan insanları qəbul etmək istəyirlər. Məsələ ondadır ki, özəl ali məktəblər yüksək ali təhsil vermək üçün yaranıbsa və buna qadirdirsə, onda o, özü bu prosesə qoşulacaq. Çünki yüksək təhsil vermək üçün tələbələr də müvafiq səviyyədə olmalıdırlar ki, lazımı bilikləri mənimsəyə bilsinlər, oxuduqları müddətdə akademik borcları olmasın. Amma ali məktəb “diplom vermək” biznesi qurmaq üçün yaranıbsa, təbii ki, onda həmin məktəbə bu prosesdə iştirak etmək heç lazım da deyil. Aşağı bal toplayan abituriyentlər ixtisas seçimi zamanı ərizələrində birinci yerdə özəl ali məktəblərin ixtisaslarını göstərirlər. Özəl məktəblərə o zaman gedirlər ki, dövlət ali məktəbinə qəbul oluna bilməyiblər. Düzdür, bu qayda Qafqaz Universitetinə aid deyil. Ərizələrində əvvəlcədən 1-ci yerdə Qafqaz Universitetini yazmağı nəzərdə tutan yüksək bal toplamış abituriyentlər var. Bunlar əsasən, türk liseylərinin məzunlarıdır. Bu məzunlar da kifayət qədər yüksək səviyyəli gənclərdir. Dünyada özəl ali məktəblər ona görə yaranıb ki, təhsilin daha yüksək səviyyədə saxlanılmasına dövlətin pulu kifayət etməyib. Varlı valideynlər uşaqlarının daha yaxşı təhsil almasını istədikləri üçün xaricdə özəl məktəblər yaradırdılar. Bizdə isə müəyyən özəl ali məktəblər ona görə yaranıb ki, aşağı bal toplayanlara haradasa formal ali təhsil almaq üçün hüquqi zəmin yaratsınlar.