Qafqaz Universitetində IEEE günü qeyd edilib
Qafqaz Universitetində IEEE (Institute of Electrical and Electronics Engineers)günü münasibətilə konfrans keçirilib.
525.az-ın məlumatına görə, konfransı giriş sözü ilə açan və iştirakçılarını salamlayan universitetin rektoru, professor Ahmet Saniç çıxışında vurğulayıb ki, Azərbaycan son illərdə informasiya texnologiyaları sahəsində çox sürətlə inkişaf edir. Təsadüfi deyil ki, 2013- cü il prezident İlham Əliyev tərəfindən İKT ili elan olunub. Bu sahədə bir çox vacib addımlar atılıb və önəmli qərarlar verilib, İKT sahəsinin inkişafında müstəsna rol oynayan işlər görülüb. Bu addımlar sırasında Azərbaycanın ilk süni peykinin orbitə buraxılması da vacib rol oynayır. Ahmet Saniç onu da bildirib ki, rəhbəri olduğu Qafqaz Universiteti kompüter texnologiyalarının təhsildə tətbiqində ali məktəblər arasında ön sırada dayanır. Tələbələrin müxtəlif mühəndis kəşfləri və yeni ideyaları ali təhsil ocağı tərəfindən dəstəklənir və onların daha da inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılır.
Konfransın təşkilatçısı Qafqaz Universitetinin dossenti Abzetdin Adamov bildirib ki, bu günü dünyanın müxtəlif yerlərindən IEEE üzvləri olan mühəndislər ilk dəfə 01 oktyabr 1884-cü ildə özlərinin texniki ideyalarını paylaşmaq üçün toplaşaraq qeyd ediblər. Bütün dünyada 4-cü dəfə, Azərbaycanda isə ilk dəfə Qafqaz Universitetində qeyd olunur. IEEE gələcəkdə nə olacaq üzərinə istiqamətlənib. Bu il IEEE gününün mövzusu "Yaxşı gələcək üçün mütərəqqi texnologiya" adlanır.
Tədbirdə “Azercell” şirkətinin nümayəndəsi Ramin Orucov da çıxış edib. O, dünyada tətbiq olunan müasir İKT yeniliklərinin Azərbaycanın mobil operatoru tərəfindən uğurla tətbiq edildiyini söyləyib. Daha sonra Milli Bankın nümayəndəsi Mahir Quluzadə də çıxış edib.
Gün ərzində ölkəmizin IT mütəxəssisləri və tələbələrin texnoloji inkişafı üçün texnoloji mövzularda praktik texniki seminarlar verilib. Mütəxəssislər “Proqram təminatı yaradılması”, “Bulud texnologiyasının tətbiqi” və digər mövzularda məruzələr ediblər. Sonra müzakirələr aparılıb. Konfransın sonunda ölkəmizin IT mütəxəssislərinə sertifikatlar verilib. Qeyd edək ki, IEEE (Institute of Electrical and Electronics Engineers) -170 dövlətdən 400 000 çox üzvü olan ABŞ-da fəaliyyət göstərən 125 illik keçmişə sahib olan nüfuzlu Elektrik və Elektronik Mühəndislər İnstitutu deməkdir.
http://525.az/site/?name=xeber&news_id=12068