Bakıda “İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi - AİCT 2013” VII beynəlxalq konfrans keçirilir
Bakı. Gülnar Bəşirova - APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) “İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi - AİCT 2013” VII Beynəlxalq Konfrans öz işinə başlayıb.
APA-nın verdiyi xəbərə görə, budəfəki konfrans Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Qafqaz Universiteti, BDU, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, AMEA İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universiteti ilə birgə təşkil olunub.
Konfransı açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirib ki, 2013-cü il prezident İlham Əliyev tərəfindən “İKT ili” elan olunub: “Ölkəmizdə bu sahədə bir çox vacib addımlar atılıb və əhəmiyyətli qərarlar verilib. İKT sahəsinin inkişafında böyük rol oynayan işlər görülüb. Azərbaycanın süni peykinin orbitə çıxarılması bu sırada müstəsna yer tutan xüsusi əlamətdar hadisədir. Son illərdə Azərbaycanın müasir, inkişaf etmiş, ən yeni və qabaqcıl texnologiyalara yiyələnən ölkə kimi imicinin daha da möhkəmlənməsində bu peykin müstəsna rolu var”.
Qeyd edək ki, konfransda 26 ölkədən dəvət edilən nümayəndələrin 105 məruzəsi, o cümlədən Azərbaycanın müvafiq elm və təhsil müəssisələrinin nümayəndələri tərəfindən təqdim edilən məruzələr dinləniləcək. “İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi - AİCT 2013” VII Beynəlxalq Konfransı Bakı, Daşkənd və Tiflis şəhərlərində keçirilən əvvəlki konfransların davamıdır.