Azərbaycan təhsilinin uğurları-Flora Qafarova


                                                            Prezident təqaüdçüləri 

Məlum olduğu kimi, 2013-2014 tədris ili üçün ali məktəblərə keçirilmiş qəbul imtahanlarında Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə ayrılmış 36 min 537 plan yerinə 33 min 745 gənc qəbul olunub.
Onlardan 10 min 812-si I qrupa, 9 min 698-i ikinci qrupa, 9 min 615-i  üçüncü qrupa, 3 min 620-si dördüncüqrupa qəbul edilib. 
Qəbul imtahanlarında üçüncü ixtisas qrupu üzrə 4 nəfər, dördüncü ixtisas qrupu üzrə isə 2 nəfər maksimum- 700 bal toplayıb.
Hər il olduğu kimi, bu il də  tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və ölkəmizin ali məktəblərinə daxil olmuş bir qrup tələbə (102 nəfər) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 sentyabr 2013-cü il tarixli sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb. Bu nömrə
mizdən başlayaraq  onları təqdim edirik: 

 Nərminə  MURĞUZOVA,Azərbaycan Respublikası Prezidenti  yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi 
Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. 2013-cü ildə orta məktəbi doğulduğu, boya-başa çatdığı  kənddə bitirib. Bu il  III qrup üzrə  keçirilən qəbul imtahanında 700 bal  toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin hüquqşünaslıq ixtisasına daxil olub. Təhsil aldığı ali məktəb haqqında əvvəllər yaxşı sözlər eşidən Nərminə akademiyada dərslər başladıqdan sonra eşitdiklərindən daha maraqlı anların şahidi olub.
DİA-da yüksək bilik əldə etmək üçün doğrudan da hər cür şərait var.
Bu gün o, DİA-nın tələbəsi olması ilə fəxr edir. Sevincinin hədd-hüdudu yoxdur. Çünki ölkə Prezidentinin verdiyi sərəncamda Prezident  təqaüdünə  layiq görülən  tələbələr sırasında onun da adı var.
Vaxtının çoxunu kitabxananın oxu zalında keçirən  Nərminənin ən böyük  arzusu ona göstərilən etmadı doğruldaraq savadlı hüquqşünas olmaqdır. 


  
 Fatma İSMAYILOVA,
Azərbaycan Dillər Universitetinin tələbəsi
 
Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub.  2002-ci ildə Bakı şəhərindəki 164 nömrəli tam  orta məktəbin birinci sinfinə daxil olsa da, sonra  ailə vəziyyəti ilə əlaqədar  təhsilini Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə davam etdirib. Təhsil aldığı müddətdə  məktəblilər arasında keçirilən Azərbaycan dili və ədəbiyyat fənni üzrə olimpiadaların respublika turunda iştirak edərək I yerə layiq görülüb. Həm də məktəblilər arasında keçirilmiş "Mənim hüquq və vəzifələrim" adlı hüquq olimpiadasında I dərəcəli diplom alıb. 2013-cü ildə  orta məktəbi qızıl medalla bitirib. Uşaqlıqdan ADU-nun tələbəsi olmaq arzusunda olub, nəhayət arzusu həyatda reallaşıb. Qəbul imtahanında 687 bal toplayaraq Azərbaycan Dillər Universitetinin pedaqoji fakültəsinə qəbul olub. 
Universitetin tələbəsi olduğu üçün özünü çox xoşbəxt hesab edir. Təhsil aldığı müddətdə bir neçə xarici dil öyrənmək fikrindədir. 
Fatma bildirib   ki, dövlətimiz təhsilə və gəncliyə xüsusi diqqət və böyük qayğı göstərir. Belə olan şəraitdə    arzum ali məktəbi fərqlənmə diplomu ilə bitirməkdir.  

Əsmər İSKƏNDƏROVA,
Azərbaycan Tibb Universitetinin tələbəsi 
İmişli  rayonunda anadan olub. 2002-ci ildə rayonun A.Eminov adına 7 nömrəli orta məktəbinin  birinci sinfinə daxil olduğu gün heç vaxt Əsmərin yadından çıxmır. O, orta məktəbdə oxuduğu müddətdə müəllimlərinin  biliklərindən  lazımınca faydalanıb.  Həmin vaxtlarda məktəbdə keçirilən  bilik yarışlarında  həmişə yaxından iştirak edib və  uğurlar qazanıb. Bu il ali məktəblərə  qəbul imtahanında 695 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmaqla  öz arzusuna qovuşub.
Əsmər  Prezident təqaüdünə layiq görüldüyünə görə ailə üzvləri  adından Prezident cənab İlham Əliyevə  öz təşəkkürünü bildirir.
Ən böyük arzusu ona göstərilən etimadı doğruldub, insanların sağlamlığı keşiyində  durmaq üçün yaxşı həkim olmaqdır.





Flora QAFAROVA,
Qafqaz Universitetinin tələbəsi  
Sumqayıt şəhərində anadan olub. Sumqayı şəhər N.Gəncəvi adına Texniki və təbiət elmləri liseyini bitirib.
Orta məktəb illərində fənn olimpiadalarında fəal iştirak edib.
Dediyinə görə, hazırda oxuduğu ali məktəb haqqında heç də geniş məlumatı yox imiş. Arzusu da bu universitetə qəbul olmaq imiş.
Ona görə də 700 balla bu ali təhsil müəssisəsinə qəbul olub, hazırda  tərcüməçilik fakültəsində təhsil alır. O, bizimlə söhbətində universitetin təsəvvür etdiyindən  də  üstün olduğunu dedi. Çünki burada oxumaq, yüksək təhsil almaq üçün imkanlar genişdir.
Prezident təqaüdünə layiq görulməsini  qürurverici sayan tələbə üçün bu böyük dəstəkdir. Həm də bu təqaüd Azərbaycan gəncinə, Azərbaycan elminə dövlət qayğısının sübutudur. Dövlət tərəfindən verilən bu təqaüd həm də hər kəsi yaxşı oxumağa sövq edir.
Prezidentimizin bu diqqətini elmin sirlərinə dərindən yiyələnməsi ilə doğrultmağa çalışacağını deyən  gənc gələcəkdə Azərbaycana lazımlı bir mütəxəssis olmağı arzulayır. 

Məhəmməd İSMAYILOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi 
Bakı şəhərində anadan olub. 2013-cü ildə paytaxtdakı 258 nömrəli  tam orta məktəbdə  təhsilini  başa vurub. Məktəbə gedən  ilk gündən dərslərini yaxşı oxuyaraq,  yoldaşları arasında həmişə fərqlənib. Oxuduğu müddətdə "Araz" kurslarının bilik yarışlarında III yer, XI sinifdə oxuyanda isə tarix fənnindən  Bakı şəhəri üzrə keçirilən olimpiadada  I yeri tutub. Orta məktəbi qızıl  medalla bitirib.
Bu il  III ixtisas qrupu  üzrə keçirilən qəbul imtahanında 700 bal toplayaraq DİA-nın siyasi idarəetmə fakültəsinin hüquqşünaslıq ixtisasına qəbul olub. Məhəmməd bildirib ki, Prezident təqaüdünə  layiq görüldüyünə görə üzərinə düşən məsuliyyəti ciddi dərk edir və  təhsildə daha böyük uğurlar qazanmağa  çalışır.


Hazırladı: Şakir CƏFƏROV

http://www.muallim.edu.az/arxiv/2013/41/26.htm

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF