Şahin İsmayılov: “Növbəti illərdə müsabiqənin 20 deyil, daha çox ölkəni əhatə etməsinə çalışacağıq


aygun1Son illər Azərbaycan bir çox beynəlxalq festivallara ev sahibliyi edir. Bu cür festivallar Azərbaycan mədəniyyətinin, musiqisinin dünyada tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir. Belə festivallardan biri də bu günlərdə Bakıda keçirilən “Univiziya” tələbələrin I Beynəlxalq mahnı müsabiqəsidir. “Birinci ol” şüarı altında keçirilən “Univiziya” müsabiqəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə baş tutdu. Türkiyə, Qırğızıstan, Qazaxıstan, Yunanıstan, Rusiya, Meksika, Litva, Polşa, İndoneziya, Albaniya, Estoniya, Rumıniya, Almaniya, Gürcüstan, Braziliya, Pakistan, Belarus, Azərbaycan, Moldova, Tacikistan təmsilçilərinin iştirak etdiyi müsabiqənin qalibi Litva təmsilçisi oldu. İkinci yerdə Rumıniya, üçüncü yerdə isə Rusiya təmsilçisi qərarlaşdı. Azərbaycanı müsabiqədə Qafqaz Universitetinin II kurs tələbəsi Zərrin Mahmudzadə təmsil etdi. Ölkəmiz müsabiqədə dördüncü yerdə qərarlaşdı. “Univiziya”nın beynəlxalq səviyyədə ilk dəfə keçirilməsinə baxmayaraq, yüksək səviyyədə baş tutduğunu deyən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov bildirdi ki, müsabiqənin növbəti illərdə daha geniş formatda keçirilməsi nəzərdə tutulub: “Univiziya” tələbələr arasında keçirilən musiqi festivalıdı. Bu müsabiqədə kifayət qədər güclü iştirakçılar olacağı öncədən deyilirdi. Müsabiqə vaxtı da bu fikirlər əyani olaraq öz təsdiqini tapdı. Tamaşaçılar yaxşı bir konsert izləmək imkanı qazandılar. İştirakçı ölkələr müsabiqə bitdikdən sonra hər biri öz təşəkkürünü bildirdilər. Belə bir müsabiqənin keçirilməsinin yaxşı bir təşəbbüs olduğunu dedilər. Bu təəssüratlar bizim gələcəkdə planlaşdırdığımız beynəlxalq müsabiqənin ilkin siqnallarıdı. Digər ölkələr də bu müsabiqənin daha da genişləndirilməsinin tərəfdarıdırlar. Litva təmsilçisi güclü iştirakçı idi. Mən hesab edirəm ki, kifayət qədər də professioanla ifa edirdi. Litva təmsilçisinə Azərbaycana gəlməmişdən öncə belə bir tapşırıq qoyulub ki, qalib gələrsə ölkəsini “Eurovision”da təmsil edəcək. Zərrin müsabiqənin təmsilçiləri arasında ən güclü iştirakçılardan idi. Birinci il üçün dördüncü yer qazanmaq da pis nəticə deyil. İnşallah gələn il daha yaxşı nəticə əldə edərik. Bu tədbirdə təşkilatçı olaraq qarşımıza qoyduğumuz planlara nail olduq. Növbəti illərdə müsabiqənin 20 deyil, daha çox ölkəni əhatə etməsinə çalışacağıq”. Müsabiqədə təmsilçilərin müğənnilərin repertuarından olan mahnıları ifa etməsi haqda danışan Şahin İsmayılov bildirdi ki, ilk ildən müsabiqənin çətinləşdirilməməsi üçün bu addım atılıb: “İlk illərdə müsabiqənin tanıdılması və tələbələr arasında bu müsabiqəyə marağın arıtılması üçün şərtləri çətinləşdirmək istəmədik. Gələcəkdə hər bir ölkə təmsil olunan ifaçı üçün yazılan mahnı ilə müsabiqəyə qatılmalı olacaq”. Müsabiqə iştirakçılarının səhnəyə çıxışından öncə göstərilən video-roliklər Bakının müxtəlif məkanlarında lentə alınmasına gəlincə Şahin İsmayılov dedi ki, əslində öncədən bu cür planlaşdırılmayıb: “Biz müsabiqədə təmsil olunacaq hər bir ölkənin qarşısına belə bir şərt qoymuşduq ki, özləri ilə bərabər 40 saniyəlik ölkələrində çəkilmiş video-rolik də gətirsinlər. Həmin video-roliklərin bəziləri yüksək səviyyədə olsa da, bir çoxunun arzuolunan səviyyədə olmadığını gördük. Buna görə də biz iştirakçı ölkələrin razılığı ilə qərar verdik ki, bütün video-roliklər Bakıda çəkilsin. Bu həm də Bakımızın gözəl, tarixi yerlərinin tanıdılması baxımından əhəmiyyətlidi”. Təmsilçimiz Zərrin Mahmudzadə müsabiqənin çox gözəl keçirildiyini deyir: “Mənim üçün hər bir şey yaxşı oldu. Yüksək yerdə də qərarlaşa bilərdim. Amma yenə də öz yerimdən razıyam. Birinci yeri qazanan Litva təmsilçisi mənə elə gəlir öz yerinə layiq idi. Digər ölkə universitetlərinin tələbələri ilə tanış olmaq çox yaxşı haldı”. Zərrin onu da bildirdi ki, universitetdə onu tanımayan tələbələr belə müsabiqədən sonra tanıyırlar: “Musiqiyə həvəsim əvvəldən var idi. Bu müsabiqə mənə özümüm sınamaq şansı yaratdı. Amma bu sahədə davam edib-etməyəcəyimi bilmirəm. Bunu zaman göstərəcək. Hələ ki dərslərimlə məşğulam”.
Aygün Asimqızı

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF