“Çağdaş mühəndislik təhsili”
Dünən “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyinin (GəncMİİB) təşəbbüsü ilə Azərbaycan Texniki Universiteti, “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Texniki Univeristetində “Çağdaş mühəndislik təhsili” adlı elmi-praktik seminar keçirildi. | |
Tədbirdə Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov, “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin sədri, dosent Məmmədəli Babaşlı, ABŞ-ın Cənubi Politexnik Universitetində İnşaat Mühəndisliyi Texnologiyaları fakültəsinin dosenti Fatih Öncül, GəncMİİB-nin baş katibi Dəyanət Əhmədov, magistrlər, müəllimlər, mühəndislər və media nümayəndələri iştirak edirdilər. Açılış nitqi ilə çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov əksər dünya ölkələrində formalaşmış “bilik iqtisadiyyatı”nın əsasında elm və təhsilin durduğunu bildirdi: “Bu gün o dövlət qüdrətlidir ki, orada bilik iqtisadiyyatı formalaşıb. Bu iqtisadiyyatın formalaşmasının əsasında, əlbəttə ki, elm durur. Elmi, təhsili inkişaf etmiş ölkələrdə yeni texnologiyalar dövlətə xeyli vəsait qazandırır. Məsələn, Hindistan kompyuter sistemlərində proqram təminatından milyardlarla gəlir əldə edir”. “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyinin fəaliyyətindən məmnunluq duyduğunu bildirən H. Məmmədov gənclərin ixtisas və peşə seçimində düzgün yönləndirilməsinin əhəmiyyətindən danışdı: Orta məktəbi bitirən hər bir gənc üçün seçdiyi ixtisas çox vacibdir. Bəziləri ad-sana, bəziləri məvacibə görə ixtisas seçimi edir. Elə məktəblilər də var ki, əsgərliyi dörd il təxirə sala bilmək üçün universitet imtahanına girir. Onlar ən aşağı balla daxil olmaq mümkün olan ixtisasları seçirlər. Gənclər düzgün istiqamətləndirilməlidirlər. GəncMİİB təşkilatı bu sahədə çox gözəl işlər görür. Onlar gəncləri istehsalat müəssisələrinə, texnoparklara aparır, məktəblilərə, tələbələrə mühəndislik işini sevdirirlər”. “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyinin baş katibi Dəyanət Əhmədov Havar Məmmədova, Məmmədəli Babaşlıya, Fatih Öncülə tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə minnətdarlığını bildirdi və onlara xatirə plaketi təqdim etdi. Daha sonra çıxış edən Məmmədəli Babaşlı yaşlı nəsil pedaqoqların, professorların gənclər üçün istiqamətverici körpü rolunu oynadığını vurğuladı: “Bizim çox savadlı gənclərimiz var. Bizə düşən əsas vəzifə yaşlı ziyalılar və elm adamları ilə gənc nəsil arasında körpü qurmaqdır. Bizim bugün Havar müəllim kimi ziyalılarımızın zəngin təcrübəsindən yararlanmaq imkanımız var. Bu gün çox dəyərli dosent Fatih Öncül bilik və bacarıqlarını burada sizlərlə paylaşacaq”. ABŞ-ın Cənubi Politexnik Universitetinin İnşaat Mühəndisliyi Texnologiyaları fakültəsinin dosenti Fatih Öncül tədbirin təşkil olunmasında əməyi olan hər kəsə təşəkkür etdikdən sonra seminar haqqında qısaca məlumat verdi: “Bildiklərimi sizlərlə paylaşmaq böyük həzzdir. Bu gün sizə ABŞ-da mühəndislik təhsili barədə məlumat verməyə çalışacam. Əsas istiqamətimiz mühəndislik təhsilində tələbələri, müəllimləri, işləməkdə olan mühəndisləri maraqlandıran məsələlər olacaq”. Qeyd edək ki, iki hissəli davam edəcək seminarda Azərbaycan Texniki Universiteti, Qafqaz Universiteti, Azərbaycan İnşaat və Memarlıq Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Xəzər Universiteti və s. ali məktəblərin gənc elmi işçiləri, müəllimləri, magistrləri və mühəndisləri iştirak edirdilər. Seminarda mühəndislik təhsilinin gələcəyi, Cənubi Politexnik Dövlət Universitetində mühəndislik texnologiyalarının təlimi, ABET akkreditasiyası nədir və bu mühəndislik təlimçiləri üçün nə ifadə edir, ABET-ə uyğun dərslərin layihələndirilməsi, leksiyaların gələcəkdə istifadə üçün qeydə alınması kimi bir çox mövzular əhatəyə alınmışdı.
|