“Mən fəxr edirəm ki, Qafqazın məzunuyam”





Dünən Qafqaz Universitetində 2013-cü il məzunlarına həsr olunmuş “İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya” devizi altında təntənəli məzun gecəsi keçirildi.
 
Tədbirdə: “Bu məzunları görəndə ürəyim dağa döndü”, - sözləri ilə çıxışına başlayan Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev 24 il əvvəlki tələbə həyatını xatırladı: “O zaman bizi Rusiyanın şəhərlərində oxumağa ulu öndər göndərmişdi. O elmə, təhsilə yüksək qiymət verirdi”. Daha sonra isə dedi: “Siz müstəqil, son illər öz inkişafı ilə dünyanı heyran qoyan Azərbaycanın məzunlarısınız. Artıq son illərin məzunlarının sorağı dünyanın müxtəlif ölkələrindən gəlir. Təbii ki, bütün bu uğurlar ulu öndərin adı ilə bağlıdır”.
Dünən Qafqaz Universitetində 2013-cü il məzunlarına həsr olunmuş “İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya” devizi altında təntənəli məzun gecəsi keçirildi. Qeyd edək ki, bu, “Qafqaz”ın 20 illik fəaliyyəti dövründə 16-cı buraxılışı idi.
Tədbir məzunlara rəmzi diplomların verilməsi və ulu öndər Heydər Əliyevin, Türkiyə dövlətinin qurucusu Atatürkün, eləcə də şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi, iki qardaş ölkənin Dövlət Himnlərinin oxunması ilə başlandı. Daha sonra çıxış edən “Qafqaz”ın rektoru Ahmet Saniç bildirdi ki, bu ali təhsil ocağı ümummilli lider Heydər Əliyevin əsəridir. O, uca insan Türkiyə universitet modelini Azərbaycana gətirmək üçün 1993-cü ildə bu universitetin fəaliyyətə başlamasına xeyir-dua verib. O, çıxışında bir dünya universiteti olma yolunda sürətlə inkişaf edən Qafqaz Universitetinin 45 fərqli ölkədə işləyən və təhsil alan gəncləri ilə qürur duyduğunu dilə gətirdi. Bu il təhsil ocağının bakalavr və magistratura pillələrindən 550 tələbənin məzun olduğunu diqqətə çatdıran rektor onlara uğurlar dilədi. Sonra valideynlərə ürək sözlərini bildirən rektor dedi: “Minbir zəhmətlə böyüdüb yetişdirdiyiniz və beş il əvvəl Qafqaz ailəsinə təslim etdiyiniz övladlarınız yüksək bilik, bacarıq, vətən sevgisi ilə artıq canımız qədər sevdiyimiz, Azərbaycanımızın keşiyindədirlər. Siz övladlarınızla fəxr edə bilərsiniz”. Rektor müəllim heyətinə müraciətindən sonra məzunlara xitabən söylədi: “Əziz gənçlər! dünya kiçildi, bir kənd halına gəldi. Elm insanın xəyal etdiklərindən də çox sürətlə irəliləyir. Bu gün dünənin dünyasında yaşamırıq. Sabah isə bu günün dünyasında yaşaya bilmərik. Elmi biliklərimizi birləşdirib daha gözəl nailiyyətlər əldə edək. O zaman daha savadlı olacağıq. Bu düşüncə ilə sizi həyat məktəbinə yola salırıq. Yolunuz açıq olsun”.
 “Ürəyim dağa döndü”
“Bu məzunları görəndə ürəyim dağa döndü”, - sözləri ilə çıxışına başlayan Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev 24 il əvvəlki tələbə həyatını xatırladı: “O zaman bizi Rusiyanın şəhərlərində oxumağa ulu öndər göndərmişdi. O elmə, təhsilə yüksək qiymət verirdi”. Daha sonra isə dedi: “Siz müstəqil, son illər öz inkişafı ilə dünyanı heyran qoyan Azərbaycanın məzunlarısınız. Artıq son illərin məzunlarının sorağı dünyanın müxtəlif ölkələrindən gəlir. Təbii ki, bütün bu uğurlar ulu öndərin adı ilə bağlıdır”. Onun sözlərinə görə, bu gün ölkə başçısı İlham Əliyev də neft kapitalını insan kapitalına çevirmək istiqamətində səylə çalışır. O həmçinin rəhbəlik etdiyi qurumun təhsil sahəsində həyata keçirdiyi proqramlarla bu siyasətə xidmət etdiklərini də vurğuladı. Bildirdi ki, elə bu niyyətlə də Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi təşkil olunub. Rövnəq Abdullayev çıxışını bu sözlərlə bitirdi: “Mən bu məzunların simasında Azərbaycanın gələcəyinin əmin əllərdə olduğuna əminəm”.
 “Bu kollektivin uğurudur”
Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov təhsil ocaqlarının iki məqsədi olduğunu qeyd etdi: vətəndaş yetişdirmək və peşəkar kadrlar hazırlamaq. Onun sözlərinə görə, “Qafqaz” buna nail olmuş ali təhsil ocağıdır: “Bu isə, təbii ki, kollektivin uğurudur”. Nazir həmçinin bir məqama da toxundu: “Qafqaz”ın məzunlarının 87 faizi işlə təmin olunur. Zənnimcə, bu fakt hər məktəbə örnək ola bilər”.
Azərbayan Beynəlxalq Təhsil Mərkəzinin Təhsil Şurasının sədri Ənvər Özərən rəhbərlik etdiyi qurumun əldə etdiyi nailiyyətlərdən söz açdı. Universitetdən indiyəcən məzun olmuş gənclərin işlədikləri müəssisələrdən hər zaman xoş xəbərlər eşitdiyini söyləyərək builki məzunların da bu ənənəni davam etdirmələrini, ölkəmizə, insanlığa faydalı olmalarını arzu etdi: “Ulu öndərin şah əsəri olan və etimada sədaqətlə xidmət edən “Çağ” təhsil sahəsində hələ çox ilklərə imza atacaq”. O, “Çağ” Öyrətim Şirkətinin 1991-ci ildə, Azərbaycan öz müstəqilliyini elan edər-etməz, Türkiyədən gəlmiş iş adamlarının dəstəyi ilə bir qrup maarifçi tərəfindən qurulduğunu və fəaliyyətə başladığını vurğuladı və bu məsələdə ümummilli lider Heydər Əliyevin danılmaz xidmətləri olduğunu söylədi. Onun sözlərinə görə, bu məsələ ilə bağlanmış müqavilə iki qardaş ölkə arasında bağlanmış ilk sənəddir.
Tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə, millət vəkilləri - Fəttah Heydərov, Abel Məhərrəmov, Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil müşaviri Durmuş Gökmən də çıxış etdilər.
Sonra 2012-2013-ci tədris ilində beynəlxalq və respublika fənn olimpiadalarında, müxtəlif bilik yarışları və müsabiqələrdə fərqlənmiş tələbələrə, təhsil ocağında qrup, bölmə, fakültə və universitet birincisi olmuş tələbə və məzunlara xatirə hədiyyələri verildi. Xatirə hədiyyələrini tələbələrə təqdim edən qonaqlar onlara həyatda daha böyük uğurlar arzuladılar. Universitetin birincisi kimi tanınan Ayşən Həsənli isə məzun kürsüsünə öz adını həkk etdi. O cıxışında bildirdi ki, mən Qafqazda yalnız təhsil almadım: “Bu məktəb məni, sözün həqiqi mənasında, həyata hazırladı. Bu gün çox sevinirəm. Sevinirəm ki, hər yerdə fəxrlə deyəcəyəm: mən “Qafqaz”ın məzunuyam”.
Məzun gecəsi tələbələrin hazırladıqları bədii proqramla davam etdi.
Qeyd edək ki, tədbir çərçivəsində “Qafqaz”ın tələbələri arasında keçirilmiş sorğunun nəticələrinə əsasən Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə rəhbərlik etdiyi qurumun Avropa və Asiya ölkələrindəki fəaliyyətinə görə “İlin şirkəti”, Azərbaycan Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmova “İlin elm adamı” plakatları təqdim olundu.
P.S. Sözün düzü, bu yazını yazanda onu necə tamamlayacağımı düşünürdüm. Birdən redaktorumuz Ürfan Məmmədlinin bir yazısı (səhv etmirəmsə, “Qafqaz”da məzun gecəsi”) yadıma düşdü. O yazırdı: “Mərasimdə çıxış edənlərin hamısının bu cür yolasalmadan təsirləndikləri hiss olunurdu. Hər kəs sevincini bölüşürdü. “Qafqaz”ın tələbələrinə göstərdiyi qayğı haqqında kifayət qədər məlumatım var idi, amma son akkord daha kövrək notlarla qəlbimə yazıldı. Bir anlığa özümü toy məclisində hiss etdim. Mənə elə gəldi ki, “Qafqaz” qızını gəlin köçürən atadır, o övladını başqa ocağa yola salır, amma tez-tez görüşəcəklərindən də əmindir. Çünki necə övlad yetişdirdiyini özü də yaxşı bilir”.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF