Qafqaz Universitetində “Maliyyə və mühasibat uçotu laboratoriyası”
İyunun 20-də Qafqaz Universitetində “Bank of Baku”nun dəstəyi ilə qurulmuş “Maliyyə və mühasibat uçotu laboratoriyası”nın açılışı olmuşdur.
AzərTAc xəbər verir ki, müəllim və mütəxəssislərin, tələbələrin iştirak etdikləri açılış mərasimində Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə daim xüsusi önəm verdiyini vurğulamışdır.
Dövlətimizin başçısı İlham Əliyevin “Qara qızılı insan kapitalına çevirmək” kəlamını xatırladan professor Ə.Saniç, eyni zamanda, rəhbərlik etdiyi ali məktəbdə təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən danışmışdır.
“Bank of Baku”nun idarə heyətinin sədri Fərid Hüseynov müasir dünyada təhsilin mühüm rolundan danışmış, laboratoriyadan müəllim, mütəxəssis və tələbələrin səmərəli istifadə edəcəklərinə əminliyini bildirmişdir.
Laboratoriya müasir avadanlıq, həmçinin ACCA, CIMA, CFA və digər proqramlar üzrə resurslarla təchiz edilmişdir. Burada müvafiq proqramlar üzrə seminarlar da keçiriləcəkdir. Müasir tələblərə cavab verən yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında laboratoriyanın əhəmiyyətli rolu olacaqdır.
Sonra tədbir iştirakçıları laboratoriya ilə tanış olmuşlar.