Qafqaz Universitetdə məzun gecəsi keçirilib



 

Qafqaz Universitetdə 2013-cü il məzunlarına həsr olunmuş “İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya” adlı məzun gecəsi keçirilib. Publika.Az-ın məlumatına görə, tədbirdə bildirilib ki, 1993-cü ildə fəaliyyətə başlayan universitet  bu il mühəndislik fakültəsindən 65, iqtisadiyyat və idarəetmə fakültəsindən 135, Pedaqoji fakültəsində 170 və magistratura pilləsində isə 160 tələbə olmaqla 550 tələbəsini məzun edir. Qeyd olunub ki, Qafqaz Universitetinin tələbələri 2012-2013-ci tədris ilində də bir çox nailiyyətlərə imza atıblar.

Qafqaz Unversitetinin rektoru Ahmet Saniç bildirib ki, bu ali təhsil ocağı ümummilli lider Heydər Əliyevin əsəridir. Onun sözlərinə görə, ulu öndər Heydər Əliyev Türkiyənin universitet modelini Azərbaycana gətirmək üçün 1993-cü ildə bu universitetin fəaliyyətə başlamasına təkan verib. A.Saniç dünya universiteti olma yolunda sürətlə inkişaf edən Qafqaz Universitetinin 45 fərqli ölkədə işləyən və təhsil alan gəncləri ilə qürur duyduğunu söyləyib: “Əziz valideynlər, min bir zəhmətlə böyüdüb yetişdirdiyiniz və beş il əvvəl Qafqaz ailəsinə təslim etdiyiniz övladlarınız yüksək bilik bacarıq vətən sevgisi ilə dolu məzunlar artıq canımız qədər sevdiyimiz, Azərbaycanımızın keşiyindədirlər. Siz övladlarınızla fəxr edə bilərsiniz”.

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, Dövlət Neft Şirkətinin prezidenti Rövnət Abdullayev, Azərbaycan Beynəlxalq Təhsil Şurasının sədri Enver Özeren, Bakı Dövlə Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov, millət vəkili, Respublika Ağsaqqalar Şurasının sədri Fəttah Heydərov çıxışlarında Qafqaz universitetdən məzun olmuş mütəxəsislər haqqında müəssisələrdən hər zaman gözəl xəbərlər eşitdiklərini söyləyərək bu ilki məzunlara da belə olmalarını arzula ediblər. Daha sonra Qafqaz Universitetinin tələbələrinin keçirdikləri sorğular nəticəsində ilin elm adamı və ilin şirkəti nominasiyaları üzrə mükafatlandırma mərasimi olub. Millət vəkili Abel Məhərrəmov ilin elm adamı, Azərbaycan Dövlət Neft Şirkəti isə ilin şirkəti elan olunub. Ənənəvi olaraq Qafqaz Universitetində bölmə birincilərinə xatirə hədiyyəsi və təşəkkürnamə, fakültə və universitet birincisinə isə xatirə plaketi verilib, 2012-2013 tədris ilində beynəlxalq və respublika olimpiadalarında fərqlənən tələbələrə isə xatirə hədiyyəsi verilib. Sonra tədbir bədii hissə ilə davam etdirilib.

http://www.publika.az/index.php?action=static_detail&static_id=53623

Vasif Həsənli

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF