Qafqaz Universitetinin tələbələri Meksikada keçiriləcək Dünya Kubokunda Azərbaycanı təmsil edəcək
Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayevin Gün.Az-a verdiyi məlumata görə, yarışmada Qafqaz universitetinin komandası Azərbaycan çempionu adına layiq görülüb və sentyabr ayında Meksikada keçiriləcək Dünya Sahibkarlıq çempionatında Azərbaycanı təmsil etmək hüququ əldə edib.
Qafqaz Universiteti Enactus komandası yarışda iki sosial və iki biznes layihə ilə çıxış edib.
"Yaşıl şəhərcikdən Yaşıl Bakıya" adlı layihənin məqsədi universitetlərdə kağız tullantıları azaltmaq və mərkəzləşdirilmiş təkrar kağız emalı sistemi formalaşdırmaqdır.
Layihənin ikinci mərhələsində Qafqaz Universitetinin tələbələri yerli şirkətlərdən biri ilə razılaşaraq kağız torbaların istehsalına başlayacaq və ətraf mühitə daha təhlükəli olan plastik paketlərə alternativ olaraq Bakı şəhərindəki supermarketlərdə kağız torbalar təklif edəcək.
Qafqaz Universiteti komandası tərəfindən təqdim olunan digər iki biznes layihənin məqsədi isə iki yerli şirkətə öz bazar payını artırmaq və nəticədə beynəlxalq bazarlara daxil olmaq üçün yardım etməkdir.
Bu iki biznes layihəsində Qafqaz Universitetinin tələbələri bu şirkətlərin yeni məhsulları üçün marketinq və təchizat zənciri strategiyaları hazırlayıb və e-ticarətin qurulmasına kömək edib.
Mirvari Kamilqızı