Bu il Qafqaz Universitetini 500-dən çox məzun bitirir


İyunun 13-də Qafqaz Universitetində 2012/2013-cü tədris ilinin məzunları ilə görüş olmuşdur.

“İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya” devizi ilə keçirilən tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, təhsil işçiləri, tələbələr iştirak etmişlər.

Youthportal xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev ümummilli lider Heydər Əliyevin gənclərin, təhsilin inkişafına daim böyük önəm verdiyini, müdrik rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirmişdir.

Ölkəmizdə təhsil üzrə əhəmiyyətli tədbirlərin, proqramların reallaşdırıldığını qeyd edən R. Abdullayev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində çoxlu sayda azərbaycanlı gənclərin dünyanın ayrı-ayrı ölkələrinin ən nüfuzlu universitetlərində oxuduqlarını diqqətə çatdırmışdır.

Təhsil naziri Mikayıl Cabbarov müasir dünyada təhsilin mühüm rolundan danışmış, bu sahənin inkişafı ilə bağlı fikirlərini bildirmişdir.

Nazir ali təhsil müəssisələrində müasir tələblərə cavab verən yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasının əhəmiyyətini vurğulamışdır.

Məzunları təbrik edən M. Cabbarov onları vətənpərvərliyə çağırmış, uğurlar arzulamışdır.
Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç ulu öndər Heydər Əliyevin xeyir-duası ilə yaradılan bu ali təhsil müəssisəsinin fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat vermişdir.

Universitetdə təhsilin inkişafı üçün uğurlu tədbirlər həyata keçirildiyini söyləyən professor Ə. Saniç, təhsildə qazanılan nailiyyətləri diqqətə çatdırmışdır.

Qeyd olunmuşdur ki, bu il universiteti 500-dən çox məzun bitirir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov və digər çıxış edənlər də ulu öndər Heydər Əliyevin təhsilə daim böyük əhəmiyyət verdiyini vurğulamışlar.

Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizin çox sürətlə inkişaf etdiyini bildirən natiqlər, eyni zamanda, məzunlara xoş arzularını çatdırmışlar.

Təhsildə yüksək nailiyyətlər qazanan məzunlara hədiyyələr təqdim olunmuşdur.
Sonra maraqlı konsert proqramı nümayiş etdirilmişdir. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF